Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hökumət Milli Məclisə hesabat verdi

Hökumət Milli Məclisə hesabat verdi

16.03.2024 [10:25]

Milli Məclis Prezident və Birinci vitse-prezidenti Novruz bayramı münasibətilə təbrik etdi

Günel ABBASOVA

Martın 15-də Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı daxil edilib. İclasda Baş nazir Əli Əsədov və digər hökumət üzvləri də iştirak edib.

Əvvəlcə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.

Baş nazir bildirib ki, 2023-cü ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş 11 dövlət şirkətindən 8-nin potensial dividend ödəmə imkanları yaranıb. Onun sözlərinə görə, Holdinqin müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir: “Ötən il portfel şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74 %, EBİTDA göstəricisi 101 % artıb”.

Ərzaq təhlükəsizliyinə ötən il 478 milyon manat ayrılıb

Ə.Əsədov qeyd edib ki, 2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb. Bundan başqa, onun sözlərinə görə, bu il yanvarın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il uzadılıb.

Onun sözlərinə görə, dərman vasitələrinin tənzimlənməsi sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilib: “Əczaçılıq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymətqoyma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanılır”.

Ə.Əsədov qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür: “Bütün bunlar ölkə ərazisində dərman vasitələrinin çeşidinin artmasına, əczaçılıq sektorunun rəqabətli inkişafına və əhalinin daha keyfiyyətli dərman vasitələri ilə optimal qiymətlərlə təchizatına xidmət edəcək”.

Ən təhlükəli vəziyyətdə olan binaların sayı açıqlanıb

Baş nazir bildirib ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln.manat vəsait ayrılıb.

“26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu istiqamətdə Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək”, - Əli Əsədov əlavə edib.

Bu ilin sonunadək azad olunan ərazilərə 5 min 171 ailə köçürüləcək

Baş nazir xatırladıb ki, keçən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1 186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.

Əli Əsədov qeyd edib ki, bu ilin sonunadək işğaldan azad olunan 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5 min 171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır: “Bundan başqa, əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır”.

60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır

Onun sözlərinə görə, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib. Baş nazir bildirib ki, ümumiyyətlə martın 1-dək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib.

Ötən il işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsinə qaz xətti çəkilib

Baş nazir xatırladıb ki, işğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir: “Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir. 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 24 yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi həyata keçirilib”.

Hökumət başçısı əlavə edib ki, işğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və yaxud bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib.

Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək

Baş nazir bildirib ki, dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq. O xatırladıb ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılıb (2022-ci illə müqayisədə 19,6% çox).

Sonra deputatlar Zahid Oruc, Fazil Mustafa, Nurlan Həsənov, Soltan Məmmədov, Əhliman Əmiraslanov, Elnur Allahverdiyev, Kamran Bayramov, Vüqar Bayramov, Müşfiq Məmmədli, Elşad Mirbəşir və digər parlamentarilər hesabatın müzakirəsi ətrafında çıxış ediblər.

10 kəndin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün

İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc çıxışı zamanı bildirib ki, Türk Dövlətləri Təşkilatı ötən il beynəlxalq mövqelərini gücləndirib, bu sevindiricidir: “İslam Konfransı Təşkilatı, o cümlədən, 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq ÜDM-ə malik olan türk  coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşal planı”nın bir parçası olar. Hökumət Amerika və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər. Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər. Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun”, deyə komitə sədri qeyd edib.

Müzakirələrdən sonra Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.

Sonra Spiker Sahibə Qafarova bayramla əlaqədar Prezident və Birinci vitse-prezidenti təbrik məktubu ünvanlamağı təklif edib. Deputatlar təklifi alqışlarla dəstəkləyiblər. Milli Məclisin sədri Sahibə Qafarova toplantının sonunda deputatların diqqətinə çatdırıb ki, parlamentin növbəti plenar iclası martın 29-da keçiriləcək.

Beləliklə, Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası yekunlaşıb.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30