Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Şuşadan başlanan yol yeni mahiyyət qazanır

Şuşadan başlanan yol yeni mahiyyət qazanır

19.08.2026 [11:25]

Türkiyə Şərq regional güc arxitekturasının da əsas sütunlarından birinə çevrilir

Son illərdə Yaxın Şərq və Avrasiya geosiyasi məkanında baş verən proseslər Türkiyənin regional güc mərkəzi kimi mövqeyinin möhkəmləndiyini göstərir. Ankara artıq öz milli təhlükəsizlik maraqlarını təmin edən dövlət olmaqla yanaşı, regional sabitlik, müdafiə və təhlükəsizlik gündəliyinin formalaşmasına təsir göstərən güc mərkəzi kimi çıxış edir. Türkiyənin artan siyasi, hərbi və diplomatik imkanları böyük dövlətlərin də diqqətindən kənarda qalmır. Əksinə, dəyişən dünya nizamında Ankaranın artan rolunun nəzərə alınması və müəyyən istiqamətlərdə dəstəklənməsi yeni reallığın göstəricisidir.

Bu baxımdan Məkkədə imzalanan Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçtərəfli müdafiə sazişi xüsusi əhəmiyyət daşıyır. Saziş yalnız üç ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi kimi qiymətləndirilə bilməz. Bu sənəd Türkiyənin NATO üzvü olmaqla yanaşı, İslam dünyasının aparıcı dövlətləri ilə təhlükəsizlik mexanizmləri qurmaq imkanının göstəricisidir. Ankara bununla Qərb təhlükəsizlik sistemindəki mövqeyini qoruyaraq, eyni zamanda Yaxın Şərq və Cənubi Asiyada yeni əməkdaşlıq platformalarının formalaşmasında iştirak etdiyini ortaya qoyur. Başqa sözlə, bu saziş Qərb-Şərq təhlükəsizlik arxitekturasının müəyyən mənada inteqrasiyası belə sayla bilər.

Məkkə razılaşmasının başqa bir mühüm tərəfi isə Türkiyənin hərbi-sənaye potensialının regional təhlükəsizlik siyasətində çəkisinin artmasıdır. Türk müdafiə sənayesinin əldə etdiyi nəticələr Ankaraya siyasi təsirlə yanaşı, praktiki hərbi imkanlar da qazandırır. Bu proses Türkiyəni müxtəlif güc mərkəzləri arasında əlaqələndirici və balanslaşdırıcı aktora çevirir. Beləliklə, Ankara artıq regiondakı proseslərin izləyicisi deyil, yeni təhlükəsizlik arxitekturasının formalaşmasında söz sahibi olan əsas mərkəzlərdən biridir.

Ankara ilə Vaşinqton arasında telefon danışığı

Bu fikirlərin təsdiqi Ankaranın son günlərdə bir sıra ölkələrlə yaratdığı təmaslarda öz əksini tapır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal proseslər müzakirə olunub.

Prezident Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacibliyini, danışıqların davam edəcəyinə ümidvar olduğunu söyləyib.

Türkiyə dövlətinin başçısı rəsmi Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Prezident Ərdoğan, həmçinin Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzaladığı Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından “güclü mövqe” nümayiş etdirdiyini bildirib.

Yaxın Şərqdə cərəyan edən proseslərə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə davamlı sülhü və Qəzza zolağının yenidən qurulması istiqamətində atılan addımları dəstəkləməyə davam edəcəyini deyib.

Tramp dəstəkləyir

Qeyd edək ki, Birgə Müdafiə Sazişi ABŞ tərəfindən də dəstəklənir. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Məkkə Birgə Müdafiə Sazişini imzalamasından çox məmnun olduğunu bildirib. Tramp sosial media hesabında Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı paylaşım edib. Tramp paylaşımında “Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Məkkə Birgə Müdafiə Sazişini imzaladığını görməkdən çox məmnunam” deyə qeyd edib. O əlavə edib ki, razılaşma Yaxın Şərqin bir araya gəldiyini və ölkələrin özlərini daha effektiv şəkildə müdafiə edə biləcəyini göstərir. ABŞ prezidenti bildirib: “Bu üç ölkənin böyük liderlərini təbrik edirəm. Bu, böyük, cəsarətli və vacib ilk addımdır. İnanılmazdır.”

Türkiyə-ABŞ əməkdaşlığı Yaxın Şərqdə yeni mərhələyə keçir

Ümumiyyətlə, Türkiyə ilə ABŞ arasında Yaxın Şərqdə əməkdaşlığın genişlənməsi regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının mühüm elementlərindən birinə çevrilir. Ankara və Vaşinqtonun regional proseslərdə daha sıx koordinasiyası yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də münaqişələrin siyasi yollarla həlli və sabitliyin təmin olunması baxımından əhəmiyyət daşıyır. Xüsusilə sülh və təhlükəsizlik təşəbbüslərində Türkiyənin ABŞ-la bərabərhüquqlu tərəf kimi iştirakı Ankaranın regional çəkisinin artdığını göstərir.

Türkiyənin NATO üzvü olması, Yaxın Şərqdə geniş diplomatik əlaqələrə, güclü orduya və mühüm iqtisadi imkanlara malik olması onu ABŞ üçün əvəzolunmaz tərəfdaşlardan birinə çevirir. Vaşinqton da anlayır ki, regionda davamlı sülh yalnız hərbi vasitələrlə deyil, regional güclərin prosesə cəlb olunması ilə mümkündür. Bu baxımdan Sülh Şurasında Türkiyənin ABŞ-la eyni masada və bərabərhüquqlu iştirak etməsi simvolik deyil, strateji məna daşıyır.

Bu əməkdaşlıq Ankaranın yalnız regional hadisələrə reaksiya verən ölkə deyil, Yaxın Şərqin gələcək siyasi düzəninin formalaşmasına təsir göstərən güc mərkəzi kimi qəbul edildiyini nümayiş etdirir. Digər tərəfdən, ABŞ üçün Türkiyə Avropa, Qafqaz, Qara dəniz və Yaxın Şərqi birləşdirən geosiyasi körpü olaraq xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Ankara-Vaşinqton əməkdaşlığının genişlənməsi yeni regional nizamın əsas dayaqlarından birinə çevrilə bilər.

Şuşa Bəyannaməsindən yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq modelinə

Bakı ilə Ankara arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, iki ölkənin regional siyasətinin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə ilə formalaşan siyasi, hərbi və təhlükəsizlik xətti sonrakı dövrdə öz coğrafiyasını genişləndirərək yalnız Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin olunmasına deyil, daha geniş regionda yeni təhlükəsizlik arxitekturasının yaranmasına təsir göstərməyə başlayır.

Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, Bakı-Ankara əməkdaşlığında təhlükəsizlik və iqtisadiyyat artıq bir-birindən ayrı istiqamətlər kimi deyil, vahid strateji konsepsiyanın komponentləri kimi çıxış edir. Zəngəzur dəhlizi, Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, enerji layihələri və yeni logistika imkanları Azərbaycan və Türkiyənin regional iqtisadi inteqrasiyasını dərinləşdirir. Bu layihələrin əhəmiyyəti yalnız yükdaşımaların artması və yeni bazarların formalaşması ilə məhdudlaşmır. Onlar həm də regionun geosiyasi dayanıqlığını və təhlükəsizliyini möhkəmləndirən amillərə çevrilir.

Xüsusilə Zəngəzur dəhlizi ətrafında yaranan yeni imkanlar Bakı-Ankara xəttinin strateji əhəmiyyətini daha da artırır. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək bu bağlantı Şərq-Qərb nəqliyyat xəritəsində yeni imkanlar yaratmaqla yanaşı, türk dünyasının iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Orta Dəhlizin inkişafı isə Azərbaycan və Türkiyəni Avropa ilə Mərkəzi Asiya arasında mühüm geoiqtisadi halqaya çevirir. Nəzərə alsaq ki, bu xəttin özəlliklərindən biri Cənub xəttinin də oraya birləşmə imkanın olması və bu ticari yolun Pakistana kimi uzanması perspektividir, bu mənada Türkiyə - Səuüdiyyə Ərəbistanı - Pakistan arasında imzalanan və qlobal dünya tərəfindən dəstəklənən Birgə Müdafiə Sazişinin əhəmiyyəti daha da artır. Beləliklə, Şuşa Bəyannaməsi ilə başlayan siyasi-hərbi müttəfiqlik tədricən daha geniş strateji platformaya çevrilir. Bu platformada müdafiə və təhlükəsizlik mexanizmləri iqtisadi layihələrin davamlılığını təmin edir, iqtisadi inteqrasiya isə təhlükəsizlik əməkdaşlığının geosiyasi dayaqlarını gücləndirir. Başqa sözlə, Bakı-Ankara əməkdaşlığının yeni, Yaxın Şərq modeli iqtisadi transformasiyanı təhlükəsizliklə, təhlükəsizliyi isə regional bağlantı və inkişafla birləşdirir.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31