Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir

20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir

19.01.2026 [22:24]

Səyyad Mirzəyev     

YAP Ağdam rayon təşkilatının əməkdaşı                                                                                                                   

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixində həm dərin faciə, həm də milli oyanışın, azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirən taleyüklü bir gün kimi yadda qalıb. Həmin gecə sovet totalitar rejimi tərəfindən Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən hərbi hissələr dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq aktları həyata keçirdi. Bu hadisə spontan və ya təsadüfi xarakter daşımırdı – məqsədli şəkildə hazırlanmış, siyasi sifariş əsasında icra olunmuş insanlıq əleyhinə cinayət idi.

1980-ci illərin sonlarında Azərbaycanda güclənən milli azadlıq hərəkatı, suverenlik və ədalət tələbləri sovet rəhbərliyini ciddi şəkildə narahat edirdi. Xalqın legitim tələblərinə siyasi dialoq və hüquqi mexanizmlərlə cavab vermək əvəzinə, mərkəzi hakimiyyət güc tətbiqini seçdi. Fövqəladə vəziyyət elan olunmadan, əhali məlumatlandırılmadan ağır hərbi texnika şəhərə yeridildi. Bu isə beynəlxalq hüququn, xüsusilə də insan hüquqları və humanitar normaların açıq-aşkar pozulması idi. 20 Yanvar gecəsi baş verənlər dinc əhalinin təhlükəsizliyinin tam şəkildə tapdalanmasının acı nümunəsi oldu. Qadınlar, uşaqlar, yaşlı insanlar təhlükə altında qaldı, şəhərin müxtəlif istiqamətlərində hərəkət azadlığı məhdudlaşdırıldı. Hadisələrin gedişi göstərdi ki, əməliyyatın əsas hədəfi konkret silahlı qruplar deyil, bütövlükdə xalqın iradəsini sındırmaq, qorxu mühiti yaratmaq və azadlıq ideyalarını boğmaq idi. Bu faciə sovet totalitar sisteminin əsl mahiyyətini bütün çılpaqlığı ilə üzə çıxardı. Dövlətin öz vətəndaşlarına qarşı zor tətbiq etməsi həmin rejimin siyasi iflasının göstəricisi idi. Lakin tarix sübut etdi ki, zorakılıqla xalqın azadlıq istəyini boğmaq mümkün deyil. Əksinə, 20 Yanvar faciəsi Azərbaycan cəmiyyətində milli həmrəyliyi daha da gücləndirdi, müstəqillik ideyasını dönməz bir prosesə çevirdi və xalqın siyasi şüurunda keyfiyyətcə yeni mərhələ açdı.

Faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi xüsusi əhəmiyyət daşıdı. O, bu hadisəni açıq şəkildə pisləyərək, günahkarların adlarını çəkməklə 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiyməti verdi. Müstəqil Azərbaycan dövründə bu hadisəyə dövlət səviyyəsində verilən obyektiv qiymət 20 Yanvarın insanlıq əleyhinə cinayət kimi tanınmasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mövzunun beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edilir. Onların fədakarlığı müstəqilliyimizin mənəvi təməlini təşkil edir. 20 Yanvar faciəsi yalnız kədərli bir tarix deyil, eyni zamanda azadlıq uğrunda mübarizənin, milli ləyaqətin və suverenlik iradəsinin sarsılmaz simvoludur. Bu hadisə Azərbaycan xalqına tarixdən dərs götürməyi, müstəqilliyin qədrini bilməyi və onu daim qorumağı xatırladır.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31