Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

19.01.2026 [14:17]

36 il öncə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı amansız qırğınlar törədilib. Hərbi təcavüz nəticəsində 147 dinc sakin həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdır. Həmin zaman Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.. 20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.

Hər kəsə yaxşı məlumdur ki, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi və 1994-cü il martın 29-da 20 yanvar faciəsinə ali Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Milli Məclisin həmin Qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”. Milli Məclisin qəbul etdiyi Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Ulu Öndər Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində davamlı olaraq zəruri addımlar atılır.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31