Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan öhdəliklərinə əməl edir, bəs Ermənistan?

Azərbaycan öhdəliklərinə əməl edir, bəs Ermənistan?

03.02.2026 [11:19]

Ölkəmiz ərazisindən İrəvana növbəti dəfə taxıl yükünün tranzit keçidi təmin olunub

Azərbaycan ərazisindən Ermənistana növbəti tranzit yük keçidi təmin edilib. Bu dəfə ölkəmizin ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Rusiyadan Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat bağlantısı Prezident İlham Əliyevin  qərarı ilə tranzit məhdudiyyətlərinin aradan qaldırılması çərçivəsində baş tutur. Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə taxıl daşınmasına 9 noyabr 2025-ci il tarixindən start verilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 vaqon ( 19 900 tona yaxın) taxıl göndərilib. Bundan başqa, Azərbaycan Ermənistana bir neçə dəfə dizel yanacağı və benzin də ixrac edib.

Kommunikasiyaların blokdan çıxarılması sülh gündəliyinin tərkib hissəsi kimi

Azərbaycanın öz məhsullarını Ermənistana ixrac etməsi, həmçinin tranzit yüklərin daşınmasına şərait yaratması ölkəmizin postmüharibə dövründə müəyyənləşdirdiyi sülh gündəliyinin tərkib hissəsidir. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsinin nəticələrinə uyğun olaraq, regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar onilliklər boyunca müharibə təhdidlərindən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasında əməkdaşlıq, sabitlik və sülh üçün geniş fürsətlər formalaşdırıb. Azərbaycan müharibə başa çatdıqdan sonra qalib dövlət olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən bu fürsətləri reallığa çevirmək əzmini ortaya qoydu və Ermənistanla sülh prosesinin başlanmasına nail oldu. Azərbaycanın səyləri, ardıcıl şəkildə sülh prosesinə sadiq qalması öz bəhrəsini verdi. Belə ki, bütün maneələr dəf edilərək ötən il avqustun 8-dəVaşinqtonda, Ağ Evin oval kabinetində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə yekun sülh sazişi paraflandı və digər mühüm razılaşmalar əldə olundu.

Vaşinqtonda aparılan müzakirələrin ən mühüm nəticələrindən biri isə regionda kommunikasiyaların blokdan çıxarılmasının razılaşdırılmasıdır. Bununla bağlı liderlərin imzaladığı Birgə Bəyanatda konkret müddəalar yer alıb. Dünyanın siyasi, iqtisadi və hərbi güc mərkəzi sayılan ABŞ-ın Prezidenti D.Trampın şahidliyi ilə imzalanan sənəddə oxuyuruq: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.

Birgə Bəyanatdan da göründüyü kimi, regionda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı Azərbaycanın lap əvvəldən ortaya qoyduğu və əsaslandırdığı mövqe Vaşinqton görüşündə də nəzərə alınıb. Xatırladaq ki, 44 günlük müharibənin sonuclanmasını bildirən məlum üçtərəfli bəyanata da Prezident İlham Əliyevin təkidi ilə oxşar məzmunlu bənd salınmışdı.

Bütün region dövlətlərinin mənafeyi naminə

Tənzimləmə prosesi çərçivəsində kommunikasiyaların blokdan çıxarılması, o cümlədən də Zəngəzur dəhlizinin (TRIPP marşrutu) yaradılması bütün region dövlətlərinin maraqlarına uyğundur. Azərbaycanın bu məsələ ilə bağlı həm üçtərəfli bəyanatda, həm də Vaşinqton görüşündə israrlı yanaşma sərgiləməsi onunla bağlıdır ki, kommunikasiyaların blokdan çıxarılması ölkəmiz üçün strateji önəm daşıyır. Bununla bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı yaradılacaq, digər tərəfdən isə ölkəmizin tranzit imkanları daha da genişlənəcək.

Kommunikasiyaların blokdan çıxarılması, o cümlədən də Zəngəzur dəhlizinin (TRIPP marşrutunun) yaradılmasının önəmi eyni zamanda hazırkı geosiyasi amillərlə şərtlənir. Son illərdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının funksionallığı əhəmiyyətli dərəcədə azalıb. Belə bir şəraitdə Orta Dəhliz Avrasiyada ən etibarlı və təhlükəsiz marşrut kimi diqqət çəkir. Transxəzər marşrutu ilə Çindən, Mərkəzi Asiya ölkələrindən yükləri Xəzər dənizindən, Azərbaycan və Türkiyə üzərindən keçirməklə Avropa bazarlarına təhlükəsiz və daha qısa müddətdə çatdırmaq mümkündür.  Azərbaycanın strateji baxışına görə Zəngəzur dəhlizi (TRIPP marşrutu) Orta Dəhlizin bir qolu kimi inkişaf etdiriləcək. Hazırda Orta Dəhlizin Gürcüstandan keçən seqmenti aktivdir. Zəngəzur dəhlizinin (TRIPP marşrutunun) yaradılması ilə Avrasiya coğrafiyasında tranzit imkanları genişlənəcək.

Zəngəzur dəhlizinin (TRIPP marşrutu) yaradılması da daxil olmaqla, kommunikasiyaların blokdan çıxarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Bu ölkə 30 il ərzində işğalçılıq siyasətinin girovluğunda qalıb və əslində, dalan vəziyyətə düşüb. Hazırda Ermənistanın geniş dünyaya çıxışı yalnız dar Lars keçid məntəqəsi və İran üzərindəndir. Lars keçid məntəqəsi daşımalar üçün optimal marşrut sayıla bilməz. Çünki xüsusilə də qış aylarında buradakı dağ silsilələrindən keçmək mümkünsüz hala gəlir və keçid bağlanır. Həmçinin yenə də geosiyasi amillərə və infrastruktur məhdudluğuna görə İran üzərindən keçən yollar da əlverişli deyil. Kommunikasiyaların blokdan çıxarılması ilə Ermənistanın Azərbaycan və Türkiyə ilə onilliklər ərzində bağlı qalan sərhədləri açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq. 

Bütövlükdə, kommunikasiyaların blokdan çıxarılması optimal regional bağlantını təmin edəcək. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində  Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin bağlantısı təmin edilib. Beləliklə, İran və Rusiya da yeni imkanlardan faydalana biləcəklər.

Azərbaycan məhsullarının Ermənistana ixracına başlamaqla və öz ərazisindən qonşu dövlətə tranzit yüklərinin daşınmasına şərait yaratmaqla sülh prosesinə, etimad quruculuğuna və Vaşinqton razılaşmasına sadiqliyini açıq şəkildə nümayiş etdirir. Bəs Ermənistan Ağ Evdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən ötrü praktiki müstəvidə hansı addımları atır?

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28