Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Körpə ürəklərdə müharibənin izləri...

Körpə ürəklərdə müharibənin izləri...

04.06.2026 [08:36]

Gələcəyi əlindən alınan uşaqların günü

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, silahlı münaqişələr, zorakılıq halları və aqressiv davranışlar nəticəsində ən ağır zərbəni alanlar arasında uşaqlar xüsusi yer tutur. Onlar məkrli oyunların, bitib-tükənməyən təmənnaların, ailədaxili münaqişənin qurbanına çevrilirlər. Təəssüf ki, bəziləri sevgiyə, qayğıya daha çox ehtiyac duyduqları bir zamanda fəlakətlərlə üzləşir, sevincləri, gülüşləri əllərindən alınır, aqressiyaların qurbanı olurlar. Onlar nə baş verən hadisələrin səbəbkarıdır, nə də yaranmış faciələrin qarşısını almaq gücünə malikdirlər. Lakin həyatlarının ən gözəl və qayğısız dövrlərini qorxu, həyəcan, itkilər və dərin psixoloji travmalar içərisində keçirmək məcburiyyətində qalırlar.

Aqressiyanın qurbanına çevrilən uşaqlar təkcə fiziki təhlükələrlə üz-üzə qalmırlar, eyni zamanda onların gələcəyə olan ümidləri, özlərinə və ətraf aləmə olan inamları da sarsılır. Hər gün eşitdikləri partlayış səsləri, şahidi olduqları dağıntılar və itirdikləri yaxın insanlar onların uşaqlıq dünyasını geri dönməz şəkildə dəyişdirir.

Dünyanın 70-dən çox ölkəsində...

Statistik göstəricilərə əsasən, dünyada hər il minlərlə uşaq aqressiyanın qurbanına çevrilir. Müxtəlif ölkələrdə hər il minlərlə uşaq minaya düşərək, müharibələrin günahsız qurbanı olaraq həyatını və ya sağlamlığını itirir. Dünyada 70-dən çox ölkədə basdırılan 60 milyondan çox minanın qurbanı bəzən uşaqlar da olur - aqressiyanın qurbanı...

İyunun 4-nü dünya ölkələri Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd edir. Həmin gün dünyanın müharibə adlı fəlakətinin, dəhşətli bəlasının günahsız qurbanları anılır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1982-ci il avqustun 19-da Fələstin məsələsi üzrə xüsusi sessiyasında aqressiya və təcavüzün qurbanı olan günahsız uşaqların xatirəsini iyunun 4-ü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi anmağı qərara alıb.

Hərbi münaqişələr zonasında yaşayan uşaqlar - gələcəyi olmayan uşaqlardır. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis edib. Bu əlamətdar gün münasibətilə müharibə və zorakılıq nəticəsində həyatını itirən bütün uşaqların xatirəsini dərin ehtiramla yad edir, müxtəlif ölkələrdə çətin şəraitdə yaşayan, ağrı və məhrumiyyətlərə baxmayaraq yaşamağa, öyrənməyə və gələcəyə ümid etməyə davam edən uşaqlara həmrəylik göstərir. Hər bir uşaq təhlükəsiz, xoşbəxt və qayğısız uşaqlıq yaşamağa layiqdir, çünki onlar dünyanın ən dəyərli sərvəti və gələcəyin qurucularıdır.

Gülüşləri əllərindən alınan körpələr...

Müharibələr xalqımızın da yaddaşında ağrı-acılarla dolu silinməz izlər buraxıb. Azərbaycana qarşı 20-ci əsrin sonlarından torpaq iddiası adı altında təxribatlara başlayan ermənilər neçə-neçə günahsız uşağın həyatına son qoydu. Birinci Qarabağ müharibəsi illərində, ümumilikdə, 200-ə yaxın azərbaycanlı uşaq qətlə yetirildi. Təkcə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən 63 uşaq öldürüldü. 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi.

Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Onları xoşbəxt gələcək gözləyirdi...

Ermənistan silahlı qüvvələri 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndində, öz evlərinin həyətində dostları ilə oynayan 9 yaşlı Fariz Bədəlovu snayperlə hədəfə alaraq qətlə yetirdilər. 2017-ci il iyulun 4-də Füzuli rayonu Alxanlı qəsəbəsində 14 aylıq Zəhra Quliyeva nənəsi Sahibə Quliyeva ilə birgə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəşlər nəticəsində şəhid oldular. Atəşkəs dövründə 34 azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 14-ü şəhid oldu, 20-si yaralandı.

Ermənilərin uşaqlara qarşı aqressiyası Vətən müharibəsi günlərində də davam etdi - onlar döyüş bölgələrindən uzaqlarda yerləşən mülki əhalinin yaşayış yerlərini iriçaplı silahlardan atəşə tutdular. Azərbaycanın Tovuz, Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində həlak olanların arasında xeyli azyaşlı vardı. Neçə-neçə uşaq isə ya bir, ya da hər iki valideynini, digər yaxın qohumlarını itirdi, atəş nəticəsində uçmuş evlərinin dağıntıları altında qalaraq ağır xəsarət aldılar.

Aqressiya qurbanı olan uşaqların səsi olmaq, onların hüquqlarını müdafiə etmək, təhlükəsizliyini təmin etmək və yaşadıqları ağrıların təkrarlanmaması üçün beynəlxalq həmrəylik nümayiş etdirmək hər kəsin mənəvi məsuliyyətidir. Çünki uşaqların qorunması yalnız humanitar bir vəzifə deyil, həm də bəşəriyyətin gələcəyinin qorunması deməkdir. Onların gözlərindəki qorxunu yenidən ümidə, kədəri sevincə, səssizliyi isə xoşbəxt gülüşlərə çevirmək bütün dünyanın ortaq məqsədi olmalıdır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30