Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Əsrləri aşan söz sahibi!

Əsrləri aşan söz sahibi!

25.07.2026 [09:15]

Sabirin yazdıqları zaman keçsə də köhnəlməyən həqiqətlərdir...

Xalqın ağrı-acısını, cəmiyyətin nöqsanlarını və dövrünün acı həqiqətlərini misilsiz bədii ustalıqla qələmə alan Mirzə Ələkbər Sabirin vəfatından illər keçməsinə baxmayaraq, onun qələminin gücü, fikirlərinin aktuallığı bu gün də öz əhəmiyyətini qoruyur. Zamanında heç bir şair özünü Mirzə Ələkbər Sabir qədər xalqa sevdirməmişdi. “Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da... Zəngin yaradıcılıq ənənələri və böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, M.Ə. Sabir onun ən uca, ən işıqlı və əzəmətli zirvələrindən biridir. O, şairliyin və sənətkarlığın əsasını xalqın intibahı uğrunda çalışmaqda, onu qəflət yuxusundan ayıltmaqda görürdü.

Cəmi 6 ilə...

Bu gün böyük şairin vəfatından 115 il ötür. Şair satirik ədəbiyyat və mətbuatda “Sabir” nam-nişanı ilə məşhur olsa da, dövründəki nöqsanlara səbirlə yanaşmadı. O, 43 yaşından sonra yazmağa başlayıb. 43 illik sükutdan sonra “Molla Nəsrəddin” jurnalını əlinə alan kimi nə yazmaq istədiyini başa düşdü. Cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi.

Onun adı Nizami, Xaqani, Füzuli, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə kimi dahi söz ustaları ilə bir sırada çəkilir. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixilogizmi, Nizami epizmi-bunların hamısı M.Ə.Sabirdə üzvi vəhdət təşkil edirdi.

Çoxlu dost və düşmən qazanmışdı

O, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil “din xadimləri” Sabirin ölümünə fətva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

Əvəzsiz bədii xəzinə...

Onun yaradıcılığında məktəb, maarifçi ziyalı, məktəbə gedən uşaq, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, “Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəb və təhsil düşmənlərinin ifşası, yalnız elm öyrənməklə özünüdərkin isbatı kimi öz dövrü üçün aktual olan məsələlərdən söz açılmışdı. Sabirin həmin maarifçilik fəaliyyəti bu gün də aktualdır.

Şairin yaradıcılığına boylananda onun uşaqlar üçün yazdığı çox gözəl şeirlərinə də rast gəlirik. “Uşaq və buz”, “Yaz günləri”, “Məktəb sərgisi”, “Ağacların bəhsi”, “Cütcü”, “Qarğa və tülkü”, “Uşaq və pul”, “Qarınca”, “Yalançı çoban”, “Uşaqlara” və s. qeyd edə bilərik.

Cəmi 50 il ömür sürən dahi şair yalnız 5-6 il ardıcıl ədəbi yaradıcılıqla məşğul olub. Lakin bu qısa müddət ərzində elə böyük ədəbi irs qoyub ki, bu irs təkcə ədəbiyyatımız üçün deyil, bütün Şərq poeziyası üçün əvəzsiz bədii xəzinə sayılır.

Onun adı xalqın yaddaşında yalnız şair kimi deyil, həm də cəmiyyətin vicdanı, həqiqətin carçısı, maarifçiliyin yorulmaz təbliğatçısı kimi əbədi yaşayacaq. Sabirin irsi isə gələcək nəsillər üçün həmişə ilham, düşüncə və mənəvi kamillik mənbəyi olaraq qalacaqdır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31