Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda Amritsar hadisələri müzakirə olunub

Bakıda Amritsar hadisələri müzakirə olunub

04.06.2026 [10:13]

Bakı Təşəbbüs Qrupu ilə Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfrans keçirilib. Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirə qatılıblar. Tədbirdə, həmçinin siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak ediblər.

Konfransda çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, son 40 il ərzində bu təzyiq və zorakılıq formaları dünya miqyasında transmilli repressiya xarakteri alaraq genişlənib. “Beynəlxalq Siqh Federasiyası ilə son beş ay ərzində həyata keçirdiyimiz əməkdaşlıq çərçivəsində Bakı Təşəbbüs Qrupu bu mühüm mövzulara həsr olunmuş iki beynəlxalq konfransı uğurla təşkil edib. Bundan əlavə, biz birgə hesabat hazırlayıb dərc etmişik. Həmin hesabat BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyası zamanı təqdim olunub. Mən inanıram ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının və ümumilikdə insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək”, - deyə A.Abbasov vurğulayıb.

Kanada Siqh Federasiyasının sədri Bual Moninder Sinqh isə deyib ki, Siqh xalqının Azərbaycanla çox dərin tarixi bağları var: “Son 5-6 ay ərzində mən dəfələrlə Bakıda olmuşam və tam məsuliyyətlə deyə bilərəm ki, burada hər zaman xoş niyyətlə qarşılanmışıq. Bizə burada dialoq aparmaq üçün geniş imkanlar yaradılıb”. O bildirib ki, azadlıq axtarışında olan bir xalq üçün onlara göstərilən bu hörmət və ləyaqətli münasibət çox böyük əhəmiyyət kəsb edir: “Hindistanın dezinformasiya ilə siqhləri dünyaya “ekstremist” və “terrorçu” kimi təqdim etdiyi bir vaxtda, Bakı platforması bizim üçün əvəzsizdir. Eyni zamanda, Hindutva rejimi bizə qarşı assimilyasiya siyasəti yürüdür. Belə bir dönəmdə Bakıda şahidi olduğumuz beynəlxalq həmrəylik böyük əhəmiyyət kəsb edir”.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov deyib ki, Amritsar hadisələri, sadəcə, bir xalqın tarixinin bir səhifəsi deyil. Bu, həmçinin beynəlxalq hüquq, insan hüquqları, eləcə də etnik və dini azlıqların qorunması kontekstində qlobal müzakirələrin mövzusudur. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin missiyası təkcə bilik və bacarıqların ötürülməsi ilə məhdudlaşmır. Bura, həmçinin sülhün möhkəmləndirilməsinə, mədəni kimliyin qorunub saxlanmasına və insan hüquqlarının müdafiəsinə töhfə vermək daxildir. “Bu konfrans, sadəcə, akademik fikir mübadiləsi deyil, həm də ədalət və sülh naminə kollektiv iradənin nümayişi olacaq”,- deyə Ş. Pənahov əlavə edib.

Böyük Britaniya Siqh Federasiyasının icraçı direktoru Dabindercit Sinqh Sidhu isə bildirib ki, 1948-ci il BMT Konvensiyasına əsasən, bir əməlin genosid sayılması üçün əsas şərt onun xüsusi bir qrupu qəsdən və tamamilə, qismən məhv etmək niyyəti ilə törədilməsidir. Siqhlər də beynəlxalq hüquq tərəfindən bu konvensiya çərçivəsində qorunan xüsusi etnik və dini qrupdur. Onun sözlərinə görə, 1984-cü ilin iyununda Amritsarda baş verən hadisələrin genosid olub-olmadığını qiymətləndirərkən üç əsas meyar nəzərə alınır. Siqhlərin öldürülməsi, onlara ciddi fiziki və ya psixoloji zərər vurulması və onların məhvinə səbəb ola biləcək həyat şəraitinin qəsdən yaradılması. “Hindistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmədiyindən, məsələni Genosid Konvensiyasını ratifikasiya etmiş dövlətlərin milli məhkəmələrində qaldırmaq mümkündür”, - deyə o əlavə edib.

Kanada Siqh Federasiyasının hüquq məsləhətçisi Virrinq Prabcot Sinqh isə deyib ki, 1984-cü ilin iyun və noyabr hadisələri ayrı-ayrı və təsadüfi hadisələr deyil. Bu hadisələr daha uzun tarixi və siyasi proseslərin nəticəsidir. O bildirib ki, bu hadisələri anlamaq üçün Pəncabın 1849-cu ildə Britaniya imperiyasının nəzarəti altına keçməsindən sonrakı dövrə nəzər salmaq vacibdir: “Bu yanaşmaya görə, müstəmləkə idarəçiliyi yalnız siyasi nəzarətlə məhdudlaşmayıb, həm də idarəetmə, təhsil, hüquq və ictimai institutlar vasitəsilə regionun sosial həyatına təsir göstərib. Bu proseslər siqh icmasının siyasi, mədəni və dini kimliyinin formalaşmasına və inkişafına təsir edib. Bu gün belə mövzuların Azərbaycanda müzakirə olunması insan hüquqları, etnik və dini azlıqların hüquqlarının qorunması, eləcə də beynəlxalq hüququn rolunun dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Konfransda digər çıxış edənlər də Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Siqh və Dalit diasporlarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daimi saxlanılması məsələlərindən bəhs ediblər. Eyni zamanda, tədbirdə repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, 1984-cü ilin iyun ayında Amritsar hadisələri zamanı Hindistan tərəfindən siqh icmasına və onların dini-mədəni dəyərlərinə qarşı həyata keçirilmiş silahlı hücumlar, zorakılıq aktları və minlərlə günahsız insanın həlak olması faktlarına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi və Hindistan hökumətinin etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərinə əməl etməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Vurğulanıb ki, 1984-cü ilin iyun ayının əvvəllərindən etibarən Hindistan hökuməti tərəfindən siqh icmasının müqəddəs dini məkanlarından biri hesab edilən Amritsardakı Harmandir Sahib (Qızıl Məbəd) kompleksinə qarşı həyata keçirilmiş silahlı hücum, icmanın dini-mənəvi dəyərlərinə, ibadət azadlığına və tarixi-mədəni irsinə qarşı yönələn dövlət səviyyəsində təşkil edilmiş zorakılıq aktıdır. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları, müstəqil mənbələr və şahid ifadələri əsasında toplanmış məlumatlara əsasən, silahlı hücum nəticəsində Amritsar və ətraf şəhərlərdə 8 minə qədər mülki şəxsin həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Beynəlxalq Siqh Federasiyası arasında akademik, tarixi və mədəni tədqiqatlar sahəsində əməkdaşlıq çərçivəsini müəyyən edən Anlaşma Memorandumu imzalanıb. Sənədi Bakı Təşəbbüs Qrupu adından Abbas Abbasov, Beynəlxalq Siqh Federasiyasının adından isə Bual Moninder Sinqh və Sidhu Dabindercit Sinqh imzalayıblar. Memorandumun əsas məqsədi tərəflər arasında akademik, tarixi və mədəni tədqiqatlar sahəsində, xüsusilə də tarixi təmaslar və mədəni qarşılıqlı əlaqələr kontekstində əməkdaşlıq platformasının qurulmasıdır.

İmzalanan sənəd çərçivəsində regionda, o cümlədən Bakıda və Atəşgah məbədində siqh səyyahlarının, tacirlərinin və dini xadimlərinin mövcudluğuna dair tarixi mənbələrin, elmi materialların və mədəni sübutların birgə araşdırılması nəzərdə tutulur. Bu əməkdaşlıq hər hansı bir akademik tədqiqatın nəticəsini qabaqcadan müəyyən etmədən, elmi dialoqun yaradılmasına, obyektiv araşdırmaların aparılmasına, mədəni anlaşmaya və tarixi yaddaşın qorunmasına xidmət edəcək.

Razılaşmaya əsasən, hər iki təşkilat Azərbaycanda və xaricdə fəaliyyət göstərən universitetlər, tədqiqat mərkəzləri, arxivlər, muzeylər və mədəniyyət müəssisələri ilə sıx tərəfdaşlıq edəcək. Prosesə tanınmış tədqiqatçılar, tarixçilər, mədəniyyət ekspertləri və akademiklər cəlb olunacaq. Tərəflər ekspertlər səviyyəsində akademik mübadiləni təmin etmək məqsədilə birgə konfranslar, dəyirmi masalar, mühazirələr, seminarlar, sərgilər təşkil edəcək və dinlərarası dialoqun inkişafına töhfə verəcəklər.

Qeyd edək ki, sənəd tərəflərin qarşılıqlı niyyətlərini əks etdirir və beynəlxalq hüquqa əsasən hüquqi, maliyyə və ya inzibati öhdəlik yaratmır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30