Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Strateji tərəfdaşlığı möhkəmləndirən mühüm addım

Strateji tərəfdaşlığı möhkəmləndirən mühüm addım

04.06.2026 [11:25]

İlk Azərbaycan-ABŞ İqtisadi Dialoqunda əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib. Tədbir Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın müddəalarına uyğun olaraq təşkil edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak ediblər.

Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır: Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) və Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün əhəmiyyətli perspektivlər mövcuddur. Birgə layihələrin müəyyənləşdirilməsi, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üzrə konstruktiv dialoq ikitərəfli əməkdaşlığa töhfə verəcək.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında biznes, ticarət və iqtisadi investisiyalar sahəsində ikitərəfli imkanların genişləndirilməsinə sadiq olduqlarını vurğulayan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr bildirib ki, dialoq çərçivəsində müzakirə olunacaq layihə və təşəbbüslərin nəticələri, eləcə də ikitərəfli iqtisadi münasibətlərin daha da gücləndirilməsi üçün mövcud imkanlar Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək.

Yüksəksəviyyəli nümayəndə heyətinin səfəri

Bakı Enerji Həftəsi çərçivəsində ABŞ-ın yüksəksəviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi münasibətlərin çoxşaxəli inkişafı üçün yeni dövrün başlandığını bir daha təsdiqləyir. Son aylarda iki dövlət arasında iqtisadi və siyasi bloklarda ardıcıl xarakter alan sıx təmasların artması və qətiyyətli iradənin ortaya qoyulması da Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni dövrə daxil olmasını təmin etməkdədir. Bu tədbir isə Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, biznes mühitinin inkişafı üçün əlverişli imkanların yaradılması və özəl sektor nümayəndələri arasında əlaqələrin gücləndirilməsi üçün mühüm fürsət sayıla bilər.

Dialoq çərçivəsində enerji, innovasiya, rəqəmsal transformasiya, logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması isə Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni investisiya layihələrinin reallaşdırılmasına və uzunmüddətli strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına texnologiya və innovasiyanın transferinin sürətlənməsinə gətirib çıxaracaq.

Əlverişli biznes mühiti ABŞ investorları üçün maraq doğurur

Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel sessiyalarda ölkəmizin iqtisadi imkanları yüksək dəyərləndirilib. Azərbaycanın investorlar üçün təmin etdiyi əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün maraq doğurduğu ifadə olunub.

İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin investorlar üçün təşviq mexanizmləri, üstünlüklər və əlverişli hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları diqqət mərkəzində olub.

Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə ABŞ-ın yüksək texnoloji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində, həmçinin biznes dairələri ilə görüş keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.

Enerji diplomatiyasının yeni səhifəsi

Müzakirələrdə enerji əməkdaşlığı da diqqət mərkəzində olub. Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasına hər zaman davamlı dəstək verən Amerika BTC, TANAP, TAP layihələrin sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizləri olmasını bəyan edərək Azərbaycanın şaxələnidirlmiş enerji siyasətini alqışlayıb. İki ölkənin enerji şirkətləri arasında əldə edilmiş yeni anlaşmalar, o cümlədən Bakı Enerji Həftəsi çərçivəsində imzalanmış sazişlərin əhəmiyyətinə toxunulub.

Qeyd edək ki, SOCAR və ABŞ-ın SLB şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur. 25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.

ABŞ-ın nəhəng enerji korporasiyası - “ExxonMobil” hazırda Azərbaycanda quruda yerləşən neft və qaz ehtiyatlarının potensial inkişafını qiymətləndirir. SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanmasından sonra ABŞ-ın məşhur enerji korporasiyası Azərbaycanda yeni fəaliyyət planlarına start verib və Xəzərdə müasir enerji həmrəyliyi halqası daha böyüməkdədir. “Azəri-Çıraq-Günəşli” layihəsində tərəfdaş olan “Exxon” ötən dövrdə neft emalı və nəqli, enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resusrsların diversifikasiyasında mövcud olan təcrübəsini yeni perspektivli enerji bloklarında tətbiq etməkdədir. Bu isə Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması üçün yaxşı fürsət deməkdir.

Eləcə də Azərbaycanın “yaşıl enerji keçidi” layihələrində, xüsusilə külək və Günəş enerjisi sahəsində Amerika şirkətlərinin iştirakının da genişləndirilməsi təşviq edilməkdədir. Bu baxımdan SOCAR-la əməkdaşlığın yeni mərhələsi ABŞ-ın ənənəvi enerji ilə bərabər, bərpaolunan enerji sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətlərindən xəbər verir.

TRIPP layihəsi Şərq-Qərb dəhlizinin yeni modelidir

İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika imkanlarının genişləndirilməsi də müzakirə olunub. Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu qlobal nəqliyyat arteriyasının Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəminə toxunulub. TRIPP layihəsinin Azərbaycanın iki hissəsini birləşdirməklə bərabər, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı bağlayacaq etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizinə çevriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə də Azərbaycan ilə ABŞ arasında rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tərəflər  süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ-ın dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Tədbirin sonunda bu il Bakının ABŞ-ın II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb.

E. CƏFƏRLİ

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30