Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın strateji baxışını bir daha nümayiş etdirdi

Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın strateji baxışını bir daha nümayiş etdirdi

16.07.2026 [10:07]

Şuşa şəhəri artıq Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil, eyni zamanda qlobal siyasi və informasiya dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrini, ekspertləri və siyasi dairələrin təmsilçilərini bir araya gətirməklə yanaşı, Azərbaycanın dünyaya ünvanladığı mühüm mesajların çatdırıldığı nüfuzlu platformadır. Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən səsləndirdiyi fikirlər isə təkcə cari siyasi proseslərə münasibət deyil, həm də ölkəmizin uzunmüddətli strateji baxışının aydın ifadəsi idi.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində dövlətimizin atdığı addımlarla bağlı fikirlər oldu. Dövlətimizin başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırda Xəzər hövzəsinin ən iri limanı olduğunu və onun yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılmasının planlaşdırıldığını bildirdi. Bu, sadəcə infrastruktur layihəsi deyil, Azərbaycanın Avropa ilə Asiya arasında formalaşan yeni iqtisadi marşrutlarda rolunun daha da güclənməsinin göstəricisidir. Qlobal ticarət yollarının yenidən formalaşdığı bir dövrdə ölkəmizin öz tranzit imkanlarını artırması regionun iqtisadi xəritəsində Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Forumda Azərbaycan və Türkiyə münasibətləri ilə bağlı səsləndirilən fikirlər də xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev iki qardaş ölkəyə ünvanlana biləcək yeganə mesajın dostluq, qardaşlıq və strateji müttəfiqlik olduğunu vurğuladı. Bu münasibətlər artıq klassik diplomatik tərəfdaşlıq çərçivəsini çoxdan aşaraq regionda sabitliyin və təhlükəsizliyin mühüm sütunlarından birinə çevrilib. Şuşa Bəyannaməsi ilə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə əlaqələri həm regional layihələrin həyata keçirilməsində, həm də geosiyasi proseslərdə mühüm təsir amili kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışında beynəlxalq təşkilatların Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlar da prinsipial şəkildə gündəmə gətirildi. Xüsusilə Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı sərgilədiyi qərəzli yanaşma tənqid olundu. Azərbaycanın uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmasına baxmayaraq, bəzi dairələrin obyektivlikdən uzaq mövqe nümayiş etdirməsi onların siyasi maraqlardan çıxış etdiyini göstərir. Buna baxmayaraq, dövlətimiz öz prinsipial mövqeyindən geri çəkilməyərək qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq xəttini davam etdirir.

Dövlətimizin başçısı Azərbaycanın müsəlman dünyasında həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələri də xüsusi vurğuladı. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal mövqe tutan ölkəmiz müxtəlif platformalarda islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edib. Azərbaycanın həm İslam dünyası, həm də Qərb institutları ilə eyni vaxtda konstruktiv əməkdaşlıq qura bilməsi dövlət başçımızın balanslaşdırılmış xarici siyasətinin mühüm göstəricilərindəndir.

Prezident İlham Əliyevin fikirlərində diqqəti cəlb edən digər mühüm məqam Azərbaycanın beynəlxalq münaqişələrə münasibətdə tutduğu prinsipial mövqe idi. Dövlətimizin başçısı ölkəmizin hər zaman konstruktiv, nəticəyönümlü və gərginliyin azaldılmasına xidmət edən siyasət yürütməyə üstünlük verdiyini bildirdi. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu etibarlı tərəfdaş kimi tanıdır.

Forum zamanı Birləşmiş Ştatlarla münasibətlərə də toxunan Prezident İlham Əliyev Donald Trampın sülh təşəbbüslərinə müsbət yanaşaraq onun müxtəlif regionlarda münaqişələrin həllinə çalışdığını qeyd etdi. Eyni zamanda Tramp administrasiyası dövründə Azərbaycana münasibətdə tətbiq edilən bəzi məhdudiyyətlərin və sanksiyaların müvəqqəti dayandırılması barədə qərarın imzalanması iki ölkə münasibətlərində qarşılıqlı anlaşmanın mümkünlüyünü göstərən mühüm məqamlardan biri kimi qiymətləndirildi. Bu fakt Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imicinin müxtəlif siyasi administrasiyalar dövründə də öz aktuallığını qoruduğunu göstərir.

Regional təhlükəsizlik məsələlərindən danışan Prezident İlham Əliyev Azərbaycanın həm şimalında, həm də cənubunda sülhün bərqərar olmasının ölkəmizin maraqlarına uyğun olduğunu vurğuladı. Bu fikir bir daha nümayiş etdirir ki, Azərbaycan regionda qarşıdurmaların deyil, əməkdaşlığın genişlənməsində maraqlıdır. Çünki davamlı inkişaf yalnız sabit təhlükəsizlik mühitində mümkündür.

Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn verdiyi hüquqlar çərçivəsində bərpa etdiyini xüsusi qeyd etdi. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan yalnız öz suveren hüquqlarını təmin etmək məqsədilə gücdən istifadə edib və qarşıya qoyduğu məqsədə nail olduqdan sonra hərbi əməliyyatları genişləndirmək yolunu seçməyib. Bu mövqe ölkəmizin revanşizm deyil, sülh və sabitlik tərəfdarı olduğunu açıq şəkildə nümayiş etdirir.

Çıxışın mühüm hissələrindən biri də Cənubi Qafqazın geosiyasi reallıqlarına həsr olundu. Prezident İlham Əliyev qeyd etdi ki, regionda maraqları olan istənilən xarici aktor üçün bütün dövlətlərlə balanslı münasibətlər qurmaq asan məsələ deyil. Azərbaycan isə heç vaxt geosiyasi intriqaların iştirakçısına çevrilməyib və öz milli maraqlarını hər hansı xarici gücün planlarından üstün tutub. Məhz bu müstəqil siyasi xətt ölkəmizin beynəlxalq nüfuzunun əsas dayaqlarından biridir.

Dövlətimizin başçısı regionun gələcəyi ilə bağlı yanaşmasını da aydın şəkildə ifadə edərək vurğuladı ki, Cənubi Qafqazda davamlı sabitlik yalnız bütün ölkələrin maraqlarına hörmət əsasında mümkündür. Rusiya, Türkiyə, İran, Ermənistan və Azərbaycanın maraqlarının nəzərə alındığı qarşılıqlı əməkdaşlıq modeli regionun uzunmüddətli inkişafına xidmət edə bilər. Bu baxış Azərbaycanın qarşıdurmadan deyil, əməkdaşlıqdan qazanan dövlət olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev iqtisadi diplomatiyanın mühüm istiqamətlərindən biri kimi Yaponiya ilə əlaqələrə də toxundu. Vaxtilə bir çox yapon şirkətlərinin Azərbaycanda iri sənaye layihələrində iştirak etməsi və iki ölkə arasında uğurlu ticarət əməkdaşlığının formalaşması gələcək iqtisadi tərəfdaşlıq üçün də mühüm zəmin yaradır. Bu əməkdaşlıq Azərbaycanın Asiya istiqamətində iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müharibələrin ağır nəticələrinə toxunan Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, hərbi əməliyyatların uzanması cəmiyyətlər üçün ən böyük təhlükələrdən biridir. Azərbaycan bu acı təcrübəni yaşamış ölkə kimi regionda yeni qarşıdurmaların deyil, davamlı sülhün tərəfdarıdır. Bununla yanaşı, dövlətimizin başçısı Azərbaycanın müxtəlif geosiyasi avantüralara cəlb edilməsi cəhdlərinin bu gün ölkəmiz üçün əsas risk olduğunu da diqqətə çatdırdı. Azərbaycanın müstəqil siyasət kursu məhz bu cür təhlükələrin qarşısını almağa hesablanıb.

Çıxışın sonunda Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı mesaj xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu müraciət dövlət siyasətinin əsas ünvanının məhz Azərbaycan vətəndaşı olduğunu, həyata keçirilən bütün strateji qərarların ölkənin milli maraqlarına və xalqın rifahına xidmət etdiyini bir daha nümayiş etdirdi.

Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan bu gün yalnız regional proseslərin iştirakçısı deyil, həm də onların istiqamətini müəyyənləşdirən mühüm siyasi aktorlardan biridir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin müstəqil xarici siyasət kursunun, milli maraqlara əsaslanan prinsipial mövqeyinin və gələcəyə hesablanmış strateji baxışının növbəti dəfə beynəlxalq auditoriyaya təqdimatı oldu. Məhz bu ardıcıl siyasət sayəsində Azərbaycan həm regionda sabitliyin təmin olunmasına, həm də qlobal əməkdaşlıq mühitinin möhkəmlənməsinə mühüm töhfələr verməyə davam edir.

Qismət Həbibov

YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Analitik

Mədəniyyət

Sənətkar ömrü...

16 İyul 09:27  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31