Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın şəhərsalma təcrübəsi dünyanın maraq dairəsində

Azərbaycanın şəhərsalma təcrübəsi dünyanın maraq dairəsində

18.07.2026 [11:24]

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında əməkdaşlığın yeni səhifəsi açılır. Bu günlərdə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - dayanıqlı şəhər inkişafı üçün inteqrəolunmuş ərazi planlaşdırması” layihəsi üzrə Töhfə Sazişi imzalanıb.

Sənədi Komitə sədri Anar Quliyev və UN-Habitatın icraçı direktoru Anaklaudiya Rossbax imzalayıblar. Saziş Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bu əməkdaşlıq Böyük Qayıdışa dair II Dövlət Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün daha dayanıqlı və insan mərkəzli yaşayış mühitinin formalaşdırılmasına töhfə verəcək.

Eyni zamanda, Anar Quliyev Nyu-Yorkda baş tutan Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda ölkə hesabatını təqdim edib. O bildirib ki, Azərbaycan şəhərsalma qanunvericiliyini təkmilləşdirir, yaşıl tikinti və binaların enerji səmərəliliyini təşviq edir, tikinti icazələrinin rəqəmsallaşdırılması da daxil olmaqla rəqəmsal idarəetməni gücləndirir.

UN-Habitat ilə səmərəli əməkdaşlıq

Azərbaycan gündəliyin prioritetlərinə uyğun olaraq 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq respublikamızda uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumu keçirilib. Həmin forumlarda şəhərsalma istiqamətində qazanılan uğurlar təqdim olunmaqla yanaşı, həm də yeni hədəflər müəyyənləşdirilib.

Cari il may ayının 17-22-də isə UN-Habitat ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan paytaxtında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) böyük uğurla baş tutub. BMT tərəfindən 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiya nəticəsində şəhərlərdə yaranan çağırış və problemlərin müzakirəsi məqsədilə keçirilir. Forumun əsas koordinatoru BMT-nin Məskunlaşma Proqramıdır. İki ildən bir təşkil olunan forumda həmin dövr üçün aktual hesab edilən məsələlər müzakirəyə çıxarılır. Ölkəmizin ev sahibliyi ilə təşkil olunan WUF13 üçün aktual gündəlik  müəyyənləşdirilmişdi. Belə ki. Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilib.

İndiyədək Azərbaycanla UN-Habitat arasında formalaşan münasibətlər və bir komanda kimi uğurlu fəaliyyət  onu deməyə əsas verir ki, gələcək əməkdaşlıq da uğurlu olacaq. Nyu-Yorkda imzalanan saziş çərçivəsində UN-Habitatın beynəlxalq ekspertləri azərbaycanlı mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədlərini birgə hazırlayacaqlar. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin layihələndirilməsi üzrə müasir yanaşmalar beynəlxalq peşəkar təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdiriləcək.

“UN-Habitat ilk dəfə olaraq Azərbaycanda bərpa, tikinti və idarəetmə xidməti vasitəsilə şəhərsalma planlaşdırılması prosesində birbaşa iştirak edəcək”, - deyə Anar Quliyev sazişi şərh edərkən bildirib. “Bu, bir sıra baxımdan çox mühüm əməkdaşlıqdır. Bir tərəfdən, həyata keçirdiyimiz layihələndirmə işlərini beynəlxalq təcrübə və ən son ekspert tövsiyələri əsasında daha yüksək səviyyəyə qaldıracaq. Digər tərəfdən isə uzun illərdir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində görülən və bundan sonra görüləcək işləri beynəlxalq platformalarda təqdim olunan ən müasir yanaşmalarla zənginləşdirmək imkanı yaradacaq. Biz buna “Urban Lab”, yəni “Şəhərsalma Laboratoriyası” kimi yanaşırıq. Çünki işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesi postmünaqişə dövründə ərazilərin inkişafı baxımından beynəlxalq ictimaiyyət üçün də maraqlı və praktik nümunə ola bilər”, - deyə Anar Quliyev əlavə edib.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də milli insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər üçün təlimlər və praktiki seminarlar təşkil olunacaq. Bu isə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində uzunmüddətli milli ekspert potensialının artırılmasına imkan yaradacaq.

Yeni Şəhər Gündəliyinin prinsipləri Qarabağ və Şərqi Zəngəzurda hərtərəfli şəkildə tətbiq olunur

Postmüharibə dövründə  Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə dünyaya təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. “Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda ölkə hesabatını təqdim edərkən bildirib ki, Yeni Şəhər Gündəliyinin prinsipləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hərtərəfli şəkildə tətbiq olunur. O vurğulayıb ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Azərbaycan keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını təmin etmək məqsədilə “Daha yaxşı bərpa et” yanaşması tətbiq edir. “12 şəhərdən 8-i, həmçinin 106 qəsəbə və kənd üzrə baş planlar təsdiqlənib. Bu gün həmin ərazilərdə təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır. Mənzillərlə yanaşı, təhsil, səhiyyə, infrastruktur və ictimai xidmətlər də paralel şəkildə inkişaf etdirilir. 15 700-dən çox mənzilin tikintisinə icazə verilib”, - deyə komitə sədri qeyd edib.

O əlavə edib ki, üç beynəlxalq hava limanı, yeni avtomobil və dəmir yolu infrastrukturu regionun bağlantısını gücləndirir. “Ağdam və Cəbrayılda yaradılan sənaye parkları investisiya və məşğulluğu dəstəkləyir. Region, eyni zamanda yaşıl enerji zonası kimi inkişaf etdirilir, “ağıllı” şəhər və kənd konsepsiyaları, bərpaolunan enerji və iqlimə davamlı planlaşdırma yeni yaşayış məntəqələrinin əsasını təşkil edir. Bu yanaşma postmünaqişə bərpa anlayışından daha geniş məna daşıyır. Təcrübəmiz göstərir ki, şəhərlərin bərpası yalnız infrastrukturun yenidən qurulması deyil, həm də əhalinin iqtisadi imkanlarının bərpası, uzunmüddətli sülh və dayanıqlı inkişaf üçün şəraitin yaradılması deməkdir”, - deyə Anar Quliyev vurğulayıb.

Paytaxtın baş planı: Monosentrik inkişaf modelindən polisentrik modelə keçid hədəfi

Anar Quliyev Nyu-Yorkda ölkə hesabatını təqdim edərkən Azərbaycanın şəhərsalmada istinad etdiyi fundamental prinsiplərə diqqət çəkib. Onun verdiyi məlumata əsasən, Azərbaycanın təxminən 10,2 milyon nəfərlik əhalisinin 59 faizə yaxını şəhərlərdə yaşayır. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz insanların həyat səviyyəsinin yüksəldilməsi, təhsil, səhiyyə, mənzil və ictimai xidmətlərə çıxışın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. O bildirib ki, urbanizasiyanı dayanıqlı inkişafın strateji hərəkətverici qüvvəsi kimi qəbul edən Azərbaycan Yeni Şəhər Gündəliyinin prinsiplərini “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə inteqrasiya edib.

“Son on il ərzində Azərbaycan Yeni Şəhər Gündəliyinin əsas istiqamətləri üzrə genişmiqyaslı islahatlar həyata keçirib. Bu islahatların əsasını şəhərsalmanın ənənəvi ərazi planlaşdırması yanaşmasından inteqrasiya olunmuş və dayanıqlı inkişafın strateji alətinə çevrilməsi təşkil edir. Bizim planlaşdırma yanaşmamız torpaq istifadəsini, mənzil təminatını, nəqliyyatı, infrastrukturu, ictimai xidmətləri, iqtisadi inkişafı və iqlim dayanıqlılığını vahid ərazi baxışı çərçivəsində birləşdirir.

Hazırda ölkənin 79 şəhərindən 68-i 20 illik baş planlarla əhatə olunub. Yeni nəsil baş planlarda insan mərkəzli yanaşma, piyada və velosiped infrastrukturu, ictimai nəqliyyat, balanslaşdırılmış zonalaşdırma, yaşıl infrastruktur və əlçatanlıq əsas prioritetlər kimi müəyyən edilib”, - deyə komitə sədri əlavə edib.

Anar Quliyev qeyd edib ki, şəhərsalma prosesində rəqəmsal texnologiyalardan geniş istifadə olunur, eyni zamanda tarix-memarlıq və mədəni irs müasir inkişaf yanaşmalarına inteqrasiya edilir. “Bu yanaşmanın ən parlaq nümunələrindən biri Bakı şəhərinin 2040-cı ilədək inkişafını əhatə edən Baş Planıdır. Bu sənəd paytaxtın monosentrik inkişaf modelindən polisentrik modelə keçidini nəzərdə tutur. Qarşılıqlı əlaqəli şəhər alt mərkəzlərinin formalaşdırılması şəhərin tarixi mərkəzinə düşən yükün azaldılmasına, əlçatanlığın və mobilliyin artırılmasına, Bakının daha dayanıqlı və əlverişli şəhərə çevrilməsinə xidmət edir. Ümumən mənzil təminatı Azərbaycanın Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin əsas istiqamətlərindən biri olaraq qalır”, - deyə o vurğulayıb.

Anar Quliyev həmçinin bildirib ki, iqlim dayanıqlılığı Azərbaycanın şəhər inkişafı siyasətinin ayrılmaz hissəsidir. Bununla bağlı fikirlərini ifadə edən komitə sədri vurğulayıb: “Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramı ictimai nəqliyyatı, piyada hərəkətini, yol təhlükəsizliyini, ictimai məkanları və ekoloji dayanıqlılığı təşviq edir.

COP29 çərçivəsində Azərbaycan şəhərsalma, nəqliyyat, səhiyyə, energetika və ətraf mühit sahələrində inteqrasiyalı fəaliyyətləri təşviq edən Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Platformasını (MAP) irəli sürüb. Həmçinin qlobal iqlim və şəhər gündəlikləri arasında əlaqələri gücləndirmək məqsədilə Bakı Davamlılıq Koalisiyasını yaradıb. WUF13 çərçivəsində Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi edəcək şəhərlərin qoşulması ilə bu təşəbbüs daha da genişlənib”.

Anar Quliyev əlavə edib ki, UN-Habitat ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanın ilk Milli Şəhər Siyasəti hazırlanır. “Son on ildə əldə edilən təcrübə və həyata keçirilən islahatlara əsaslanaraq Azərbaycan Yeni Şəhər Gündəliyinin icrasını daha da sürətləndirmək əzmindədir. Bu öhdəlik Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsində öz əksini tapıb. Bu qərar dayanıqlı şəhər inkişafının institusional, normativ və praktiki əsaslarının daha da gücləndirilməsi istiqamətində qətiyyətimizi nümayiş etdirir. Azərbaycan, eyni zamanda, UN-Habitatın “Hamı üçün Adekvat Mənzil” üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupuna həmsədrlik etməklə qlobal mənzil gündəliyinin irəliləməsində fəal iştirak edir. Azərbaycan Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini ölkə daxilində sürətləndirməklə yanaşı, üzv dövlətlər və tərəfdaşlarla əməkdaşlığı gücləndirmək, həmçinin WUF13 və “Bakı Fəaliyyətə Çağırış” sənədinin nəticələrini irəli aparmaqla qlobal səviyyədə də bu prosesə töhfə verməyə hazırdır”, - deyə komitə sədri vurğulayıb.

WUF13-ün nəticələri Yeni Şəhər Gündəliyinin onillik icmalına mühüm töhfə verir

BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində keçirilən “Local2030 Coalition” adlı xüsusi tədbirdə də Azərbaycan təcrübəsinə diqqət çəkilib. Tədbirdə çıxışı zamanı Anar Quliyev bildirib ki, Bakıda baş tutan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası 176 ölkədən 58 min iştirakçını bir araya gətirib. Yeni Şəhər Gündəliyinin irəliləməsi üçün əsas qlobal platforma kimi WUF13 qlobal öhdəliklərdən yerli icraya keçidə güclü diqqət yetirib.”Forumda nazirlər və digər yüksəkvəzifəli şəxslərlə yanaşı, 130 bələdiyyə başçısı da iştirak edib və bu, qlobal şəhər gündəliyinin formalaşmasında yerli rəhbərliyin güclü iştirakını nümayiş etdirib. Vətəndaş cəmiyyətinin xüsusilə nəzərəçarpan rolu var idi. WUF-da ilk dəfə olaraq QHT Forumu çağırılıb və bu, vətəndaş cəmiyyəti təşkilatlarının qlobal şəhər dialoquna yerli köklü perspektivləri və həlləri gətirməsi üçün xüsusi bir platforma yaradıb. Bu şəkildə, WUF13-ün nəticələri Yeni Şəhər Gündəliyinin onillik icmalına mühüm töhfə verir, onun DİM 11 və daha geniş “2030 Gündəliyi” ilə uyğunluğunu gücləndirir.

2027-ci il DİM Zirvəsinə doğru irəlilədikcə, mesajımız aydındır - 2030-cu ilə gedən son yol yerli, eyni zamanda, ortaq bir yol olmalıdır. Azərbaycan WUF13-ün nəticələrini təşviq etmək üçün öz təcrübəsini verməyə, üzv dövlətlər və tərəfdaşlarla sıx əməkdaşlıq etməyə hazırdır”, - deyə komitə sədri vurğulayıb.

BMT rəsmiləri də Azərbaaycanın yeni Şəhər Gündəliyinin formalaşmasında rolunu yüksək dəyərləndirirlər. UN-Habitatın icraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyasından sonra Azərbaycanla uzunmüddətli əməkdaşlığımız formalaşıb. Onun sözlərinə görə, əməkdaşlığın əsasını təcrübə, ekspertiza və bilik mübadiləsi təşkil edir. “WUF13-ün uğuruna əsaslanaraq, məqsədimiz Azərbaycanda həyata keçirilən layihələrin beynəlxalq bilik, təcrübə və ekspertizadan faydalanmasını təmin etməkdir. Eyni zamanda, Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri də öyrənmək istəyirik. Bu, qarşılıqlı əməkdaşlıqdır. Biz, eyni zamanda həm həyata keçirir, həm öyrənir, həm də təcrübəmizi bölüşürük”,- deyə UN-Habitatın icraçı direktoru bildirib.

O deyib ki, Azərbaycanın həm COP29-a, həm də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi daha geniş əməkdaşlıq üçün möhkəm zəmin yaradıb. “Hazırda dünyanın müxtəlif ölkələrində tətbiq olunan uğurlu təcrübələrin toplanaraq hökumətlərarası müzakirə prosesinə daxil edilməsi imkanlarını müzakirə edirik. Məsələn, Azərbaycan Mənzil Məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupuna həmsədrlik edir. Bu, mühüm tövsiyələrin hazırlanacağı, eyni zamanda, müxtəlif ölkələrin təcrübələrinin bir araya gətiriləcəyi vacib prosesdir. Məqsəd həmin təcrübələri qlobal mənzil böhranının həlli üçün üzv dövlətlərin, ölkələrin və şəhərlərin istifadəsinə təqdim olunan ümumi faydaya çevirməkdir”, - deyə A.Rossbax vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31