Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir

Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir

21.07.2026 [14:28]

Xaləddin Tağıyev

YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini 

22 İyul-Milli Mətbuat Günü ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan əlamətdar tarixlərdən biridir. 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən dövr ərzində Azərbaycan xalqının maariflənməsində, milli şüurun formalaşmasında, dövlətçilik ideyalarının təbliğində və ictimai fikrin inkişafında əvəzsiz rol oynamışdır. Azad media cəmiyyətin obyektiv informasiya ilə təmin edilməsində, ictimai rəyin formalaşdırılmasında, şəffaflığın gücləndirilməsində və vətəndaşların məlumatalmaq hüququnun təmin olunmasında mühüm rol oynayır. Məhz buna görə də cəmiyyətdə demokratik münasibətlərin inkişafı azad mətbuatın inkişafı ilə birbaşa bağlıdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı- "Əkinçi" qəzeti işıq üzü görmüşdür. Zərdabi və onun məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. "Əkinçi"nin səhifələrində xalqa zülm edən bəylər, mülkədarlar kəskin tənqid edilir, insanların elm, təhsil, savad almaları, maariflənmələrinin vacibliyi geniş təbliğ edilirdi. Buna görə də, qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi maneələr törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə "Əkinçi"nin nəşrini dayandırmalı oldu. Görkəmli ziyalı 1905-ci ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çar senzurasının təqiblərini açıb göstərmişdir. XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda çap olunan "Kaspi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Hümmət", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik", qəzetləri, habelə, "Molla Nəsrəddin" jurnalı da Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynamışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra media sahəsində həyata keçirilən islahatlar ölkədə demokratik dəyərlərin inkişafına mühüm töhfə verib. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib,1998-ci ildə senzuranın ləğv edilməsi isə milli mətbuatın tarixində yeni mərhələnin başlanğıcı olub. Bu addım medianın sərbəst fəaliyyət göstərməsi, plüralizmin inkişafı və informasiya mühitinin genişlənməsi üçün mühüm hüquqi zəmin yaradıb.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, media qanunvericiliyinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və rəqəmsal medianın inkişafının dəstəklənməsi ölkədə sağlam media mühitinin formalaşmasına xidmət edir. Bu islahatlar həm media subyektlərinin fəaliyyət imkanlarını genişləndirir, həm də cəmiyyətin keyfiyyətli və etibarlı informasiya ilə təmin olunmasına şərait yaradır. Müasir informasiya dövründə azad mətbuat yalnız xəbər mənbəyi deyil, həm də milli maraqların müdafiəsində, ictimai həmrəyliyin möhkəmləndirilməsində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində yüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdı, dezinformasiyaya qarşı mübarizədə fəal iştirak etdi. Bu,milli medianın dövlətçilik maraqlarına sadiqliyinin və cəmiyyət qarşısında məsuliyyətinin bariz nümunəsi oldu.

Rəqəmsal texnologiyaların inkişafı medianın fəaliyyət imkanlarını genişləndirməklə yanaşı, yeni məsuliyyətlər də formalaşdırıb. Saxta xəbərlərin və dezinformasiyanın yayıldığı şəraitdə peşəkar jurnalistikanın əsas prinsipləri olan obyektivlik, dəqiqlik, qərəzsizlik və operativlik daha böyük əhəmiyyət kəsb edir. Azad mətbuat yalnız bu prinsiplərə sadiq qalmaqla cəmiyyətin etimadını qazana və demokratik inkişaf prosesinə real töhfə verə bilər. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və bu sahədə qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Ölkə mediası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır. Tarixi Zəfərimizdən sonra ənənəvi keçirilən Şuşa Qlobal Media forumları Azərbaycan mətbuatının inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan mətbuatı müasir dövrün çağırışlarına çevik reaksiya verərək rəqəmsallaşma, sosial media və süni intellekt kimi yeniliklərə uğurla uyğunlaşır. Media qurumları xalqın informasiya tələbatını operativ ödəmək, oxucu auditoriyasını genişləndirmək və təkzibolunmaz faktlara əsaslanan məlumatlar təqdim etmək üçün qlobal texnoloji trendləri fəal şəkildə tətbiq edir. Bir sözlə müasir Azərbaycanın mediası dövrün tələblərinə cavab verməsini şərtləndirən əsas amilləri özündə ehtiva edir. “Əkinçi” ənənəsindən başlamış şərəfli yol mətbuatımızın perspektiv inkişafı barədə aydın təsəvvür yaratmaqla bərabər, həm də gələcək üçün yol xəritəsidir.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31