Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan–Almaniya tərəfdaşlığı: dayanıqlı inkişafın yeni modeli

Azərbaycan–Almaniya tərəfdaşlığı: dayanıqlı inkişafın yeni modeli

23.07.2026 [10:25]

Meydanəli Yolçiyev

​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə münasibətlərinin inkişaf tarixində mühüm mərhələ kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar təsdiqləyir ki, rəsmi Bakı ilə Berlin arasında əməkdaşlıq artıq yeni strateji məzmun qazanır. Bu münasibətlər yalnız ikitərəfli siyasi-iqtisadi əlaqələrin genişlənməsi ilə məhdudlaşmır, həm də Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın möhkəmlənməsinə, enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarının inkişafına və regional sülhün möhkəmləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Xüsusilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyən edən siyasi sənəd kimi mühüm əhəmiyyət daşıyır. Bu sənəd strateji dialoqun başlanmasını rəsmiləşdirir və qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq üçün möhkəm siyasi baza yaradır.

Almaniya Avropa İttifaqının aparıcı iqtisadi və siyasi güclərindən biridir. Bu baxımdan Azərbaycanla Almaniya arasında münasibətlərin inkişafı təkcə iki dövlət üçün deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində Almaniyanın rolu getdikcə artır və rəsmi Berlin regionda sabitliyin, dialoqun və iqtisadi əməkdaşlığın təşviqində mühüm tərəfdaş kimi çıxış edir.

İqtisadi əməkdaşlıq Azərbaycan–Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkənin əlverişli investisiya mühitinin göstəricisidir. Alman şirkətləri sənaye, enerji, tikinti, logistika, mühəndislik, yüksək texnologiyalar və xidmət sektorlarında fəal iştirak edirlər. Səfər zamanı qarşılıqlı sərmayələrin artırılması, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət imkanlarının genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi istiqamətində konkret təkliflərin irəli sürülməsi iqtisadi tərəfdaşlığın daha da dərinləşəcəyini nümayiş etdirir.

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması isə biznes dairələri arasında institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addımdır. Bu platforma sahibkarlar arasında əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin reallaşmasına və ticarət dövriyyəsinin artmasına əlavə stimul verəcək.

Enerji sahəsi Azərbaycan–Almaniya əməkdaşlığının strateji istiqamətlərindən biri kimi ön plana çıxır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bununla da Azərbaycanın qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu amillər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfənin növbəti təsdiqidir.

Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi tanınır. Ölkəmiz yalnız təbii qaz deyil, həm də neft ixracı ilə Almaniyanın enerji təminatında iştirak edir. Eyni zamanda, yaşıl enerji layihələrinin inkişafı və Xəzər dənizində yaradılan bərpa olunan enerji potensialının gələcəkdə Avropaya ötürülməsi Azərbaycan–Almaniya enerji əməkdaşlığını daha da genişləndirəcək. Bu əməkdaşlıq Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti ilə tam uyğunluq təşkil edir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Azərbaycan son illər beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına milyardlarla dollar investisiya yatıraraq Avrasiya məkanında mühüm tranzit mərkəzinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Almaniyanın logistika, dəmir yolu infrastrukturu, rəqəmsal nəqliyyat sistemləri və sənaye texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlığı daha da perspektivli edir. Səfər zamanı işçi qruplarının yaradılması və konkret fəaliyyət planlarının hazırlanması imzalanmış sənədlərin qısa müddətdə praktik nəticələr verməsinə xidmət edəcək.

Prezident İlham Əliyevin bəyanatında regional sülh prosesi də xüsusi yer tutur. Dövlət başçısı uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanmasının faktiki olaraq 30 il davam edən münaqişəyə son qoyduğunu bildirib. Azərbaycan əldə olunan razılaşmalardan dərhal sonra praktiki addımlar ataraq regional əməkdaşlığın inkişafına töhfə verməyə başlayıb. Ermənistanın enerji təhlükəsizliyinə Azərbaycan tərəfindən yanacaq təminatının həyata keçirilməsi, ölkə ərazisindən tranzit daşımalarının başlanması və artıq 40 min tondan çox yükün ölkəmiz vasitəsilə daşınması regionda yeni etimad mühitinin formalaşdığını göstərən mühüm faktlardır.

Prezident İlham Əliyev Almaniya hökumətinin sülh prosesinə verdiyi dəstəyi də yüksək qiymətləndirərək, danışıqların müxtəlif mərhələlərində Almaniyanın konstruktiv rolunu xüsusi qeyd edib. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və rəsmi Berlinin dialoqu dəstəkləməsi regional sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm diplomatik addımlar kimi dəyərləndirilir.

Cənab İlham Əliyev bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərlərini münasibətlərin inkişafında mühüm siyasi hadisələr kimi qiymətləndirib. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınmaqla, rəsmi Berlinin Azərbaycan–Aİ münasibətlərinin daha da inkişafına verəcəyi töhfənin əhəmiyyəti vurğulanıb. Azərbaycanın enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat bağlantıları, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı sahələrində Avropa İttifaqı ilə həyata keçirdiyi layihələr Almaniya ilə tərəfdaşlığın daha da dərinləşməsini şərtləndirən əsas amillərdəndir.

Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi yadda qalacaq. Strateji dialoqun başlanması, yeni siyasi sənədlərin imzalanması, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı, biznes tərəfdaşlığının institusional əsaslarının yaradılması və regional sülhə verilən dəstək iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişaf perspektivlərini daha da möhkəmləndirir. Azərbaycanın etibarlı tərəfdaş, Almaniyanın isə Avropanın aparıcı siyasi və iqtisadi gücü kimi ortaq maraqlara əsaslanan əməkdaşlığı qarşıdakı dövrdə həm ikitərəfli münasibətlərin, həm də Avropa–Cənubi Qafqaz əməkdaşlığının inkişafına mühüm töhfələr verməyə davam edəcəkdir.

Paylaş:
Baxılıb: 38 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31