Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Almaniya: etimada əsaslanan əməkdaşlıq davamlı inkişafın təminatıdır

Azərbaycan-Almaniya: etimada əsaslanan əməkdaşlıq davamlı inkişafın təminatıdır

23.07.2026 [10:26]

Elşən Alıyev

​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Federal Kansler Fridrix Mertslə keçirdiyi görüşlər ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Səfər çərçivəsində imzalanan sənədlər, verilən bəyanatlar və əldə olunan razılaşmalar rəsmi Bakı ilə Berlin arasında əməkdaşlığın artıq yeni strateji məzmun qazandığını nümayiş etdirir. Bu tərəfdaşlıq enerji, iqtisadiyyat, nəqliyyat, investisiya, yaşıl inkişaf, regional təhlükəsizlik və Avropa ilə əlaqələrin dərinləşdirilməsi kimi mühüm sahələri əhatə edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərin yeni institusional əsaslar üzərində inkişaf edəcəyinin göstəricisidir. Bu sənəd iki ölkənin siyasi dialoqunun daha intensiv xarakter almasına, hökumətlərarası əlaqələrin güclənməsinə və müxtəlif istiqamətlər üzrə konkret fəaliyyət mexanizmlərinin formalaşdırılmasına imkan yaradır.

Azərbaycanın xarici siyasət kursunda Avropa dövlətləri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər xüsusi yer tutur. Almaniya isə Avropa İttifaqının aparıcı dövləti kimi həm siyasi, həm də iqtisadi baxımdan mühüm tərəfdaş hesab olunur. Məhz buna görə də rəsmi Berlinlə münasibətlərin strateji səviyyəyə yüksəlməsi Azərbaycanın Avropa ilə əməkdaşlıq imkanlarını daha da genişləndirən mühüm amildir.

İqtisadi əməkdaşlıq son illərdə davamlı inkişaf nümayiş etdirir. Azərbaycanda fəaliyyət göstərən 200-dən artıq Almaniya şirkəti sənaye, enerji, tikinti, logistika, kənd təsərrüfatı, xidmət və yüksək texnologiyalar sahələrində uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı investisiyaların genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin möhkəmləndirilməsi iqtisadi münasibətlərin növbəti mərhələsini müəyyənləşdirəcək.

Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması da məhz bu məqsədə xidmət edir. Yeni platforma sahibkarlar arasında əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə, investisiya layihələrinin təşviqinə və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək. Bu amil özəl sektorun ikitərəfli münasibətlərdə rolunu daha da artıracaq.

Enerji əməkdaşlığı isə münasibətlərin ən mühüm sütunlarından biri olaraq qalır. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin daha da artdığının göstəricisidir. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır və bu göstərici ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu bir daha təsdiqləyir.

Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil, həm də yaşıl enerjinin ixracı istiqamətində mühüm layihələr həyata keçirir. Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması, yaşıl elektrik enerjisinin Avropaya ötürülməsi və hidrogen texnologiyaları üzrə əməkdaşlıq gələcək illərdə Azərbaycan–Almaniya münasibətlərinə yeni dinamika qazandıracaqdır. Almaniyanın bərpaolunan enerji sahəsində qabaqcıl təcrübəsi bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan son illər Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük investisiyalar yatırıb. Orta Dəhlizin imkanlarının genişlənməsi ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Almaniyanın logistika və sənaye texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə yeni layihələrin reallaşdırılması üçün mühüm imkanlar yaradır. Səfər zamanı müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması barədə razılıq əldə olunması da imzalanan sənədlərin praktik icrasını sürətləndirəcək.

Səfərin mühüm siyasi məqamlarından biri də regional sülh və əməkdaşlıq məsələlərinin geniş müzakirə olunması idi. Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə edilən razılaşmaların Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün yeni imkanlar yaratdığını bildirib. Azərbaycan sülh gündəliyinə sadiq qalaraq regionda etimadın möhkəmləndirilməsi istiqamətində konkret addımlar atır.

Azərbaycanın Ermənistana yanacaq təminatı, tranzit daşımalarının həyata keçirilməsi və iqtisadi əməkdaşlığın başlanması regionda qarşılıqlı asılılığın artmasına və etimad mühitinin formalaşmasına xidmət edir. Bu proseslər yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Almaniyanın sülh prosesinə verdiyi dəstəyi də yüksək qiymətləndirərək, Berlinin dialoqu təşviq edən mövqeyini vurğulayıb. Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi regionda sabitliyə verdiyi töhfə gələcək əməkdaşlıq üçün də mühüm zəmin yaradır.

Bu il Avropa İttifaqı rəhbərliyinin Azərbaycana həyata keçirdiyi səfərlər tərəflər arasında qarşılıqlı etimadın və siyasi dialoqun daha da möhkəmləndiyini nümayiş etdirir. Almaniyanın bu prosesdə oynadığı rol isə xüsusi əhəmiyyət daşıyır. Çünki rəsmi Berlin Avropa İttifaqının siyasi və iqtisadi qərarlarının formalaşmasında əsas təsir imkanlarına malik ölkələrdən biridir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarının inkişafına, yaşıl keçid strategiyasına və regional əməkdaşlığa real töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya ilə strateji əməkdaşlığın dərinləşməsi isə bu imkanların daha geniş miqyasda reallaşdırılmasına xidmət edəcək.

Yeni strateji gündəlik siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, biznes əlaqələrinin, nəqliyyat layihələrinin və regional təhlükəsizliyin daha geniş perspektivlərini müəyyənləşdirir. Bu baxımdan rəsmi Berlin görüşü Azərbaycan–Almaniya münasibətlərinin tarixində yeni səhifə açmaqla yanaşı, Azərbaycanın Avropa ilə çoxtərəfli əməkdaşlıq strategiyasının uğurla davam etdiyini və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31