Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya-Ukrayna müharibəsi bitir?

Rusiya-Ukrayna müharibəsi bitir?

05.08.2026 [09:55]

Kiyev “qışa qədər” deyir, Moskva isə nə təsdiq edir, nə də təkzib...

Rusiya-Ukrayna müharibəsinin bu il bitməsi ehtimalı ortaya çıxıb. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiyanın apardığı müharibənin 2026-cı ilin qışı başlamazdan əvvəl başa çatması üçün hər şeyi edəcək. Kiyevdə səfirlərin müşavirəsi zamanı Zelenski Rusiyanı ən qısa zamanda sülhə məcbur etməli olan dəqiq növbəti addımlar planını açıqlayıb: “Bu il sizin vəzifəniz Ukrayna hökumətinin tərəfdaşlarla xarici əlaqələrinə maksimum dəstək verməkdir. Bütün diplomatik səylərin, Ukraynanın Rusiyaya qarşı uzunmüddətli sanksiyalarının və bütün tərəfdaş sanksiyalarının nə vaxt işə yarayacağını 100% dəqiqliklə proqnozlaşdırmaq hazırda mümkün deyil. Lakin onlar elə bir təzyiq səviyyəsinə çatmalıdır ki, Rusiyanın sülhdən başqa alternativi qalmasın. Çalışacağıq ki, bu, qış gəlməmiş, payızda baş versin, lakin kiminlə iş gördüyümüzü aydın başa düşürük və Putin bu müharibəni bundan sonra da uzatmağa ümid edir. O, səfərbərlik və yeni hücumlar hazırlayır”.

Zelenski əlavə edib ki, Kiyev Moskvaya beynəlxalq təzyiq və Rusiya ərazisinə zərbələr endirməklə münaqişəyə son qoymağa çalışacaq. Qeyd edək ki, bundan əvvəl ukraynalı ekspert Andrey Dliqaç xüsusi əməliyyatın bitmə vaxtını proqnozlaşdırmışdı. O, qarşılıqlı raket zərbələrinin dinamikasını nəzərə alaraq, Ukraynada hərbi əməliyyatların 2027-ci ilin mart-aprel aylarında başa çata biləcəyinə əminliyini ifadə etmişdi.

Tramp da sülh deyir...

Siyasi ekspertlərin fikrincə, demək olar ki, 6 aydan sonra yenidən sülh mesajlarının verilməsində Zelenskinin ötən ayın sonunda ABŞ-a reallaşan səfərinin mühüm əhəmiyyəti var. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra əsas məqsədinin Rusiya ilə Ukrayna arasındakı müharibəyə mümkün qədər tez son qoymaq olduğunu bildirmişdi. Tramp Ukrayna lideri ilə görüşün yaxşı keçdiyini bildirərək qeyd etmişdi ki, “Görüş yaxşı keçdi. O, öz işini görür. Mən onun müharibəyə son qoymasını istərdim. Bu, çox sadədir”.

Tramp həmçinin həm Ukrayna Prezidenti, həm də Rusiya dövlət başçısı Vladimir Putin ilə işgüzar münasibətlər saxladığını və döyüşlərə son qoymağı əsas prioritet hesab etdiyini vurğulamışdı. O bildirmişdi ki, “Mən həm Prezident Putin, həm də Prezident Zelenski ilə yola gedirəm. Ona dediyim kimi, müharibəyə son qoymaq istəyirəm”, - deyə o qeyd edib.

ABŞ Prezidenti bir daha müharibədə baş verən çoxlu sayda insan itkisinə diqqət çəkmişdi: “Keçən ay 25.000 nəfər ölüb”.

Vitkoff və Kuşner Kiyevə gedəcəklər?

Xarici media isə avqust ayında müharibənin bitməsi ilə bağlı prosesin daha da sürətlənəcəyini yazır. Bildirilir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində Kiyevə səfər edə bilərlər. Mənbələrin məlumatına görə, Amerika rəsmilərinin səfəri Ukraynanın Müstəqillik Gününün qeyd olunması ilə üst-üstə düşməsi planlaşdırılır. Səfərin yekun təsdiqi hələ verilməyib. Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Vitkoff və Kuşneri Ukraynaya səfərə dəvət etdiyini açıqlamışdı. Dövlət başçısının sözlərinə görə, Ukraynaya şəxsi səfərdən sonra Amerika nümayəndələri müharibə və onun nəticələri barədə daha dolğun məlumat əldə edə biləcəklər.

Vurğulandığı kimi, Stiv Vitkoff və Cared Kuşnerin Ukraynaya səfəri artıq aktiv müzakirə predmetidir. Sülh danışıqlarındakı çıxılmaz vəziyyət və Yaxın Şərqdəki müharibə səbəbindən bu səfər bir neçə dəfə təxirə salınmışdı.

Rusiya da bitirmək istəyini irəli sürür, amma...

Rusiya isə müharibənin bitməsi ehtimalı ilə bağlı hələ ki, rəsmi açıqlama verməyə tələsmir - Kremlə yaxın bəzi ekpertlər isə bu şansı dəyərləndirirlər. Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, təqaüddə olan general-leytenant Viktor Sobolev NEWS.ru-ya bildirib ki, hazırda xüsusi hərbi əməliyyatın 2026-cı ilin sonuna qədər başa çatması üçün heç bir səbəb görmür. Onun sözlərinə görə, vaxt qrafiki yalnız orduya verilən tapşırıqlar tam yerinə yetirildikdən sonra müzakirə edilə bilər. Sobolev əminliklə bildirib ki, hərbi qarşıdurmaya son qoymaq üçün Rusiya ordusu Ukraynanın qərb sərhədlərinə çatmalıdır. Onun fikrincə, müasir dronların uçuş məsafəsi daim artır və bufer zonasının hazırkı dərinliyi nəticədə qeyri-kafidir.

Qeyd edək ki, Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Rusiyanın hərbi əməliyyatları bu il ərzində başa çatdırmağı hədəflədiyini bildirmişdi. Lakin o əlavə etmişdi ki, bu planın həyata keçirilməsi yalnız Moskvanın səylərindən, Rusiya ordusunun iradəsindən və ya Rusiya xalqının qətiyyətindən asılı deyil. Bu məqsədə çatmaq Rusiya strukturlarının daxili uyğunluğu, beynəlxalq vəziyyət və Qərb ölkələrinin hərəkətləri də daxil olmaqla bir sıra mürəkkəb şərtlərdən təsirlənir.

Kompromiss ehtimalı aşağıdır...

Siyasi ekspertlər isə Zelenski qədər “optimist” deyillər. Onların fikrincə, hər iki tərəfin bu il münaqişəyə son qoymaq istədikləri barədə açıq fikirlərinə baxmayaraq, 2026-cı ilin qışına qədər müharibənin tamamilə bitməsi ehtimalı çox aşağıdır. Xüsusilə Qərb hərbi ekspertləri və analitikləri qarşıdakı aylarda sülh yolu ilə həll üçün praktik olaraq heç bir real perspektivin olmadığı qənaətindədirlər. Hazırda münaqişə uzunmüddətli müharibə kimi inkişaf etməyə davam edir və tərəflərin mövqeyində hansısa fundamental dəyişiklik nəzərə çarpmır. Rusiyanın mövqeyi bəllidir - Kremlin və əsas Rusiya siyasətçilərinin hərbi əməliyyatlara son qoymaqla bağlı rəsmi mövqeyi sərhəd məsələsinə əsaslanır - Moskvanın qənaətinə görə, Rusiyanın nəzarətində olan ərazilərin Rusiya Federasiyasının bir hissəsi kimi tanınması, eləcə də Rusiyanın özünün elan etdiyi, lakin hələ tam olaraq sahib olmadığı ərazilər üzərində tam nəzarətin təmin edilməsi. Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ukrayna “düzgün qərarlar” verərsə və təşəbbüs göstərərsə (Rusiyanın şərtlərinin qəbulunu nəzərdə tutur), münaqişə diplomatik kanala keçə bilər. .

Ukraynanın mövqeyinə gəldikdə isə, Zelenski açıq şəkildə bəyan edir ki, Kiyev qış soyuğu başlamazdan əvvəl Rusiyanı sülhə məcbur etmək üçün mümkün olan hər şeyi etməyə çalışır. Ukraynanın əsas məqsədi Rusiya hərbi maşınını mümkün qədər tükəndirmək və diplomatik təzyiqi artırmaqdır. Analitiklərin fikrincə, hər iki tərəf rəqibi tükəndirməyə çalışır. Bu isə həmin dövlətə danışıqlar prosesində mövqelərini gücləndirmək üçün əlavə stimul verəcək.

Beləliklə, fikirlər aydın səslənsə də, payızda kompromis ehtimalı az görünür.  Ukrayna və Qərb mənbələri bildirir ki, qışdan əvvəl real atəşkəs şansları demək olar ki, yoxdur və tərəflər bir-birinə təzyiq göstərmək üçün yeni yollar axtarmağa davam etməkdədirlər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Parisin “Bit bazarı”

04 Avqust 11:50  

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31