Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

04.04.2026 [09:15]

Göydən nəsə yağır, nəsə bilmirəm,

Qara da oxşamır, yağış da deyil.

Baxışım yadlaşıb, gözüm yaşlanıb,

Bu sima özümə tanış da deyil.

Özüm öz atdığım daşa çatıram,

Uçuram bir naşı quşa çatıram.

Atamın öldüyü yaşa çatıram,

Məsələ bir-iki qırışda deyil.

Getmək çətin olur, gəlməyə nə var,

İnsan unutqandır, bilməyə nə var.

İlahi, qocalıb ölməyə nə var?

Ölüm yaxşı şeydir, bu yaşda deyil.

Əsalar insana boyun əyirlər,

“Yaxşıyam” deyənlər “yaxşı” deyillər,

Küsdüyüm adamlar nəsə deyirlər,

O nəsə nədirsə, bağışla deyil.

***

Allah, səndən ötrü çox darıxmışam.

Yetim olmamışdım hələ belə mən,

Axı yetimlərin yiyəsi sənsən,

Atası ölənin biri elə mən.

Dostumun əlindən əsa düzəldən,

heç vaxt yıxılmayan adam mənəm, mən.

Qəbrinin üstündən gələn səs-küydən

qorxma, qurban olum, atam... mənəm mən.

Qorxma, qurban olum, dostum var mənim.

Sənə daldalanıb çıxdığım ağac

qırıldı, yıxıldım ürəyi üstə.

Bir çiynim boş qaldı, bir çiynim dolu...

Kəsdim ağaclarla salam-sağolu,

Dalaşdım Bakının küləyi üstə.

Götürüb oğlumun oyuncaqların

Sən mənlə oynayan kimi oynadım.

Onda mən sən oldum, oğlum mən oldu.

Tapanca oynadıq, gəmi oynadıq...

Mənim oyuncağım düşdü əlimdən,

Dedin ki: “Eybi yox, qəflətən oldu...”

Onda mən sən oldum, oğlum mən oldu.

Qorxma, tək deyiləm, atam, ay atam

Nə qədər yerim var çıxıb getməyə...

Təbriz şəhərim var çıxıb getməyə.

***

Ki bəs qayıtdı ki, çox darıxmışam.

Mən heç nə demədim, susdum eləcə;

Var axı ürəkdən susmağım mənim.

Susanda yuxudan qəfil ayıldım.

Gördüm, yerindədir anam, vətənim,

Ruhumdan azaddır Ana vətənim.

Sonra yarım saat güzgüyə baxdım;

Görüm, nəyim yoxdur, görüm, nəyim var.

Götürüb bu günü keçmişə vurdum,

Gördüm ki, bir xoşbəxt gələcəyim var.

Şairəm, hesabda yaxşı deyiləm,

Heç dəqiq bilmirəm, neçənci iləm.

Mənim bir dostum var şəhər adında,

Bir də sevgilim var, yeri burdadır,

Bir də ondan qabaq anam ordadır.

Dostumun, anamın, yarımın yerin

biləndən bilirəm, vətən hardadır.

Bircə atam yoxdur... Yox e, o da var;

Bir az xatirədir, bir az məzardır.

Atamın qəbrinin üstünə getdim.

Nə görsəm, yaxşıdır? Dünya qurtardı.

İlahi, doğmamı çox görmə mənə,

Görsən, günahımı çox gör, İlahi.

Məni qıranları sənin xətrinə

Necə bağışladım, bax gör, İlahi.

Sən mənim özümü yaxşı bilirsən,

Nə gərək, hər şeyi gətirim dilə?!

Məni səndən yaxşı kim oxuyacaq?!

Mənim hikmətimi kim bilə bilər?!

Mənim şeirlərim duadır elə.

***

Bir gün ölüm gəldi, qapını döydü.

Mən evdə yox idim, olsam, açmazdım.

O gün atam öldü. 40 gün keçmədi,

Qəbrinin üstünə bir şeir yazdım.

Ağlaya-ağlaya bir şeir yazdım,

Anama oxudum, atam eşitdi.

Atamın üçündə atamı gördüm,

Başını götürüb harasa getdi.

Mən onda bildim ki, atam sağdır, sağ,

Gedib əl açanda baxdığım yerə

Mən ölən günədək qayıtmayacaq.

Bir xeyli dəyişdim atamdan sonra,

Təzə qafiyəsin tapdım yağışın.

Sonra nə oldusa, yadıma gəlmir,

Şeirin əzbərlədim Eldar Baxışın.

Sonra bir qız gördüm; yanağı dəlik,

saçları dalğalı, gözləri belə.

Gördüm, şeir-zad da qanır, üstəlik.

Sevdim mən bu qızı, belə, qəribə,

Elə bil xurmanı peyğəmbər sevir.

Necə başa salım, necə sevmişəm?

Atasız yetimlər nə təhər sevir?

Sonra atam kimi, fikrə getdim;

sol əlin şəhadət barmağı ki var,

götürüb apardım gicgah tərəfə.

Mənim harda idi sağ əlim onda?

Onu da qoymuşdum Allah tərəfə.

Qoymur unutmağa Allah atamı,

Mən də sağ bilirəm, o da sağ bilir.

Mən səni sevmişəm - bunu bilirsən.

Mən necə sevmişəm - bir Allah bilir.

***

Qırdım qanadını, qolunu qırdım.

Nə səni uçmağa qoydum, nə özüm

səninlə yanaşı uça bilmədim.

Gəl sənə öyrədim bağışlamağı,

Gəl sənə öyrədim, bağışla məni,

Sənə “gəl” dediyim yerə gəlmədim.

Qırdım qanadını, qolunu qırdım.

Qorxma, qanadların qırıq olsa da,

Sən uça bilərsən, uça bilərsən.

Uçmağa qanad yox, ürək gərəkdir,

Mənim də ürəyim naşı ürəkdir,

Eləcə döyünür, sevməyi yoxdur.

Yağış da, bulud da bietibardır.

Mən ki vəfasızam, sən uç, yaxşısı,

Göyün səndən başqa, heç nəyi yoxdur.

Qorxma, qanadların qırıq olsa da,

Sənə uçmaq üçün ürək də bəsdir.

Mənim məhəbbətim bir ovuc qumdur,

Məni unutmağa külək də bəsdir.

Yerdə gözləyənin olmadı sənin,

Tələsdir özünü, göyə tələsdir.

 Bilirsən, nə varsa, göydə var elə,

Yerə səpələnən dənə aldanma.

Mənim Qış parkından yolum düşmədi,

Bir də məni sevmə, mənə aldanma.

Qırdım qanadını, qolunu qırdım.

Mən səni Allahdan arzulamışdım,

Səni axtaranda göyə baxırdım.

***

Ta keçmişəm tarix yazan yaşımı,

Yaşamaqla aldadıram başımı.

Buraxmışam azad könül quşumu,

Uçur, uçur, sənə qonur, görürsən?

Nəyim çatmır, var əlimin əsası,

Geyinmişəm qərib dərviş libası.

Allah məni qəbul edər, qadası?

Saqqalım da tez uzanır, görürsən?

Bu dərd məndə bir sevgidən qalıqdır,

Yanan könlüm kor gözümə işıqdır.

Axı sənin bəsirətin açıqdır,

Uzaqda bir ürək sınır, görürsən?

Baxan mənə görür ki, can üstəyəm,

Gör nə çoxdur məni ötmək istəyən.

Öz-özündən çıxıb getmək istəyən

Ayağından yaralanır, görürsən?

Rəşad Nağı Mustafa

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

77 yaşlı NATO...

04 Aprel 09:30

Ədəbiyyat

Şənbə üçün nəzm

04 Aprel 09:15  

Sosial

Ədəbiyyat

Gündəm

Tehrandan zəng

04 Aprel 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30