Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İƏT-in Bakı sammiti Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir

İƏT-in Bakı sammiti Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir

20.10.2012 [18:50]

Qarşıdakı iki ildə ölkəmizin quruma sədrlik etməsi Azərbaycanın siyasi aktor kimi fəaliyyət sferasının genişlənməsinə yol açacaq
Xəbər verildiyi kimi, ölkəmiz növbəti bir mötəbər tədbirə ev sahibliyi edib. Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII Zirvə toplantısı keçirilib. Zirvə toplantısında İƏT-in üzvü olan ölkələrin dövlət başçıları, bir sıra ölkələrin isə hökumət rəhbərləri və parlament sədrləri iştirak ediblər.
Qeyd edək ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmasının qarşısının alınması məsələləri üzrə fəaliyyət göstərən texniki komitələri mövcuddur. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi statusu alıb.
Ümumiyyətlə, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, o cümlədən, əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi yönündə İƏT-in XII Zirvə toplantısı böyük əhəmiyyətə malikdir. Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyev bildirib ki, İƏT dünya miqyasında öz yerini tutub.
Qarşıdakı iki ildə quruma Azərbaycan sədrlik edəcək. Bu isə ölkəmizin regionda və dünyada siyasi aktor kimi rolunun daha da güclənəcəyinə, mövqelərimizin möhkəmlənəcəyinə dəlalət edir.
İƏT-in XII Zirvə toplantısı və qurumun fəaliyyətinin perspektivləri ilə bağlı məsələyə münasibət bildirən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Elman Nəsirov deyib ki, bu, ölkəmizin imicinin daha da yüksəlməsinə, beynəlxalq mövqelərimizin möhkəmlənməsinə gətirib çıxaracaq: “XII Zirvə sammitinin ölkəmizdə keçirilməsi və bu ildən Azərbaycanın quruma sədrlik etməsi ayrı-ayrılıqda mühüm hadisədir və təbii ki, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Hesab edirəm ki, təşkilat çərçivəsində bu cür təmaslar nəticə etibarı ilə üzləşdiyimiz problemlərin həllində də dövlətlərin dəstəyini qazanmağımıza kömək edir. Nəzərə alaq ki, İƏT-ə daxil olan bəzi ölkələrlə-məsələn, Türkiyə və Pakistanla strateji əməkdaşlığımız var, rəsmi İslamabad Xocalı soyqırımını tanıyan bir ölkədir”.
E.Nəsirovun fikrincə, bu sammit Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli və ikitərəfli münasibətlərin inkişafına yaxından kömək göstərir, bu yöndə yeni istiqamətlər müəyyənləşdirir. Azərbaycanın artıq bir dəfə bu quruma rəhbərlik etdiyini diqqətə çatdıran E.Nəsirov keçirilən görüşlərin bütün sferalarda əməkdaşlığın genişləndirilməsinə təkan verdiyini söyləyib: “Bu tədbir həm də özündə siyasi bir məna ehtiva edir. Bəzi hallarda Ermənistan KTMT-yə üzv olduğunu və müharibə olacağı təqdirdə bu qurumun üzvlərinin guya Azərbaycana qarşı hansısa addımlar atacağını bildirirdi. Amma bu tədbir bir daha göstərdi ki, məsələ heç də belə deyil. Azərbaycanın KTMT-yə daxil olan bir sıra dövlətlərlə çox yüksək əlaqələri mövcuddur. Yəqin ki, qarşıdakı illərdə bu əlaqələr daha da güclənəcək və möhkəmlənəcək. Hesab edirəm ki, həm də bu mənada Bakı sammiti və sammitin yekun bəyənnaməsi təşkilatın imkanlarının genişlənməsinə, təşkilat daxilində dövlətlərarası münasibətlərin daha da inkişaf etməsinə, eyni zamanda, iqtisadi-siyasi təmasların daha da möhkəmlənməsinə gətirib çıxaracaq”.
Politoloq Vəfa Quluzadə də İƏT-in XII Zirvə toplantısının hər bir halda mühüm bir tədbir olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, sammitdə səslənən fikirlər, qeyd olunan məsələlər xoş niyyətlərdən irəli gəlir.
Keçirilən sammitin müsbət tərəflərindən birinin də orada təmsil olunan ölkələrin rəhbərlərinin arasında baş tutan təkbətək görüşlər olduğunu söyləyən V.Quluzadə bu görüşlərdə bir sıra problemlərin müzakirə olunduğunu söyləyib: “XII Zirvə toplantısında da bu istiqamətdə keçirilən görüşləri faydalı saymaq olar. Mən, əminəm ki, keçirilən görüşlərdə Azərbaycan dövlətinin mövqeyi bütün ölkələrin diqqətinə çatdırılıb. İƏT-ə daxil olan dövlətlər həm də BMT müstəvisində əməkdaşlıq edir və biri-birilərinin mövqelərini dəstəkləyir. Digər tərəfdən, ölkəmizin bu cür beynəlxalq bir toplantıya ev sahibliyi etməsi özü olduqca müsbət bir faktdır. Gələn qonaqlar da Azərbaycanın inkişafının canlı şahidi oldular, paytaxtla tanış olmaq imkanı əldə etdilər”.
Pərviz SADAYOĞLU
Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30