Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib

Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib

01.03.2013 [01:32]

Dövlətimizin başçısı səfər çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də təyyarə ilə Qəbələ rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.
Dövlətimizin başçısına məlumat verilib ki, nəhəng “Ağ royal” formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunub. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada Mədəniyyət Mərkəzinin hazırkı görünüşü və gələcək layihələrlə bağlı maketlər də var. Foyedə, həmçinin Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılıb. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.
Bildirilib ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilib. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici edib.
Diqqətə çatdırılıb ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Burada xüsusi qazanxana, transformator yarımstansiyası, mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılıb, su anbarı tikilib. Mərkəzin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılıb.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
* * *
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq deyib: “Sizi ürəkdən salamlayıram. Qəbələ Mədəniyyət Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl, möhtəşəm binadır. Çox gözəl memarlığa malikdir. Eyni zamanda, burada bütün tədbirlərin keçirilməsi üçün çox gözəl şərait vardır. Keçən dəfə Qəbələdə olarkən mərkəzin tikintisi ilə tanış olmuşdum və bu gün biz bu gözəl mərkəzin açılışında bərabər iştirak edirik.
Bu, doğrudan da gözəl hadisədir. İlk növbədə, Qəbələdə müasir mədəniyyət, incəsənət mərkəzinin tikilməsinə böyük ehtiyac var idi, digər tərəfdən ölkəmizin ümumi inkişafını göstərir. Çünki belə gözəl, həm memarlıq, həm funksional cəhətlərdən çox gözəl binaların tikilməsi onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Çünki burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir. Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeroportunun açılışını qeyd edirdik. O vaxt müəyyən fikirlər var idi ki, bu aeroport necə işləyəcək, işləyəcəkmi, yoxsa yox? Ancaq o vaxt mən demişdim ki, əgər biz Qəbələdə müasir turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq aeroport olmalıdır. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuşların sayı getdikcə artacaqdır. Qəbələ rayonunun sakinləri və ətraf rayonlarda yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması - bütün bunlar reallıqdır və bu, son illərin reallıqlarıdır.
Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və iş yerlərinin yaradılmasına kömək, eyni zamanda, rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir. Bu gün müasir otellər, turizm kompleksləri, istirahət zonaları açılır. Əlbəttə, belə gözəl mədəniyyət mərkəzinin açılışı görülən bütün bu işlərə əlavə dəstək verəcəkdir.
Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilibdir. Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün gəlirlər. Bilirəm ki, bir dəfə gələnlər ondan sonra da gəlmək istəyirlər. Bu da çox gözəl əlamətdir. Çünki burada görülən işlər, qonaqlara göstərilən qonaqpərvərlik, yaradılan şərait, otellər və ümumiyyətlə, gözəl nadir ab-hava Qəbələyə turistləri daha da böyük dərəcədə cəlb edəcəkdir. Buraya gələn hər bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra əlbəttə ki, Qəbələ haqqında, Azərbaycan haqqında tanışlarına və dostlarına məlumat verir.
Beləliklə, vaxt keçdikcə Qəbələ haqqında dünyada daha da dolğun məlumat əldə edilir və bu da çox sevindirici haldır. Çünki ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir. Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir. Qəbələnin inkişafı bunu göstərir. Əvvəlki illərdə gözəl diaqnostika mərkəzi tikilmişdir, məktəblər təmir olunur.
Yenə də deyirəm, turizm infrastrukturu yaradılır. Qəbələdə dağ xizəyi mərkəzi yaradılır. Bu da son illərin reallıqlarıdır. Çünki Azərbaycanda turizm üçün müxtəlif imkanlar vardır - Xəzər dənizi, meşələr, dağlar. Ancaq heç vaxt dağ xizəyi mərkəzləri olmamışdır. Sovet dövründə qonşu respublikalarda olmuşdur, Azərbaycanda olmamışdır. Ancaq bizim təbii şəraitimiz, iqlimimiz buna imkan verir və qərar qəbul edilmişdir ki, Azərbaycanda turizm, eyni zamanda, bu istiqamətdə də inkişaf etsin. Artıq bir neçə aydır ki, Qusar rayonundakı Şahdağ turizm xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir, bu imkanlardan istifadə edir. Yəni, bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcəkdir.
Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaqdır. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaqdır. Buraya gəlmək üçün artıq beynəlxalq aeroport var, gözəl yollar çəkilir, infrastruktur layihələri icra edilir. Onların içində bildiyiniz kimi, indi əsas prioritet içməli su layihələridir. Bu layihələr Qəbələdə də həyata keçirilir, yaxın zamanlarda başa çatacaqdır. Qazlaşdırma istiqamətində işlər gedir, kənd yolları bərpa olunur, ən yüksək texnologiyalara uyğun şəkildə, yeni sənaye müəssisələri, heyvandarlıq fermaları yaradılır. Bax, bu hərtərəfli inkişaf hər bir yerdə getməlidir. Sosial, iqtisadi məsələlər, sənaye, infrastruktur obyektlərinin və mədəniyyət ocaqlarının, tarixi, dini abidələrimizin bərpası və tikilməsi - biz bütün bu işləri kompleks şəkildə aparırıq. Qəbələdə bax bu səpkili məsələlər uğurla icra edilir. Qəbələliləri bütün bu uğurlar münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram”.
* * *
Qəbələ rayon ictimaiyyəti adından çıxış edən Şirin Şirinov rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək deyib: “Möhtərəm cənab Prezident, Qəbələyə Xoş gəlmisiniz! Sizi Qəbələnin bütün ictimaiyyəti adından salamlayıram.
Cənab Prezident, bu gün Azərbaycanımızın çox yüksək sürətli inkişafı, onun əldə etdiyi uğurlar qəlbimizi dağa döndərir. Bu, Sizin apardığınız siyasətin, Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu siyasətin nəticəsində Azərbaycanımız yüksək sürətlə inkişaf edir. Rayonlarımız, şəhərlərimiz gündən-günə gözəlləşir, abadlaşır, insanların normal yaşaması üçün yaxşı şərait yaradılır. Biz ziyalılar, cənab Prezident, həm də ağsaqqallar hələ də fevral ayının 12-də keçirilən müşavirədə Sizin tarixi nitqinizin təsiri altındayıq. Bizim hamımızı qəlbən sevindirən odur ki, Siz adamların çətinliklərini, onların problemlərini çox gözəl bilirsiniz və onları həll edirsiniz.
Cənab Prezident, bu gün bizə aydın oldu ki, insan amili, insan həyatı, insanların normal yaşayışı, onların həyata baxışı Sizin həyata keçirdiyiniz siyasətin ana xəttini təşkil edir. Siz hər addımda Azərbaycan vətəndaşlarının qanuni hüquqlarını qoruyursunuz, Azərbaycan dövlətinin inkişafı üçün əsaslı tədbirlər həyata keçirirsiniz. Bütün bunlar üçün, cənab Prezident, mən Sizə bir daha təşəkkür edirəm, “Çox sağ olun” deyirəm.
Cənab Prezident! Müstəqil Azərbaycanımızda Qəbələ şəhəri bu gün mədəniyyət, turizm sahələrində inkişaf etmiş mərkəzlərdən birinə çevrilmişdir. Bu gün burada istifadəyə verilən zavodlar, fabriklər, istehsalat müəssisələri, otellər, digər obyektlər - bunların hamısı xalqın istifadəsindədir. Bunlar hamısı yeni iş yerləridir, həyatımızın sosial təminatının və adamların maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Cənab Prezident, biz ona görə çox sevinirik ki, bütün bu obyektlərin istifadəyə verilməsi bizim gələcək nəsillərimiz üçün çox böyük təminatdır. Biz arxayınıq. Arxayınıq ki, onlar üçün gələcəkdə də daimi iş yerləri yaradılmışdır. Çox sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Qəbələnin inkişafında çox mühüm rol oynayan əsas sahələrin - heyvandarlığın, bitkiçiliyin, üzümçülüyün inkişafında da istifadəyə verilən həmin obyektlərin çox böyük payı vardır. Bütün bunların hamısı Sizin əməyinizin bəhrəsidir.
Cənab Prezident! Bu gün Qəbələ öz tarixi görkəmini saxlamaqla yenidən qurulur. Bugünkü Qəbələ yalnız xarici və yerli turistlərin istirahət mərkəzi deyil, o, həm də beynəlxalq əhəmiyyətli görüşlərin, mötəbər idman və incəsənət tədbirlərinin həyata keçirildiyi böyük bir mərkəzə çevrilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son dörd ildə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalları dünyanın mötəbər mədəniyyət tədbirləri sırasına daxil olmuşdur. Mən fürsətdən istifadə edərək, bunun üçün də, milli musiqi mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevaya bütün qəbələlilər adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu gün burada açılışında iştirak etdiyimiz bu gözəl mədəniyyət ocağı da Sizin tərəfinizdən qəbələlilərə çox böyük töhfədir. Çox sağ olun, cənab Prezident! Buna görə də, Qəbələyə göstərdiyiniz sonsuz diqqət və qayğıya görə də təkrarən Sizə cansağlığı arzulayıram. Sizə minnətdarlığımızı bildirirəm. Ailənizə və özünüzə böyük xoşbəxtlik arzu edirəm. Biz qəbələlilər həmişə Prezidentimizə, dövlətimizə səmimi və sadiq olmuşuq. Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik. Biz həmişə Sizin apardığınız siyasəti dəstəkləyirik. Biz gözəl şəxsiyyətə, hamımızın sevimlisi Prezidentimizə bir daha cansağlığı arzulayaraq qeyd etmək istəyirəm ki, bu günümüzü, gələcəyimizi yalnız və yalnız Sizinlə görürük. Tanrı Sizi qorusun! Bir daha deyirəm, Qəbələyə xoş gəlmisiniz!”.
Sonda xatirə şəkli çəkdirib.
* * *
Fevralın 28-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılıb. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor MMC”, binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. İnşaat işləri zamanı yerli tikinti materiallarından geniş istifadə olunub. Məscidin həyətində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mənəvi və dini dəyərlərimizə qayğısını əks etdirən fotoguşə yaradılıb.
Məscidlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcək. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fəvvarə də inşa edilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Binanın həyəti yaşıllaşdırılıb, dekorativ ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olunub.
Dövlətimizin başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
Dünən 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin də açılışında iştirak edib.
Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev dövlətimizin başçısına məlumat verib ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur.
Klubun inzibati binasının foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılıb. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərəcək. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olacaqlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilib. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınacaq. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri qurulub. Ərazidə ayrıca bayraq meydançası da yaradılıb.
Prezident İlham Əliyev elektromobillə atəş zonasına gəlib. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilib.
Prezident İlham Əliyev uçan hədəflərə bir neçə sərrast atəş açıb.
Qeyd edilib ki, klubda atıcılıq idmanının daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılıb. Klubun ərazisində Olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılıb. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulub, nəticələri qeydə alan elektron tablo yerləşdirilib. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılıb. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılıb. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilib. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilib. Burada idman-ovçuluq ləvazimatı mağazasının fəaliyyət göstərməsi klubun özəlliklərindən biridir. Mağazada atıcılıq idmanında tətbiq olunan ən son texniki avadanlıq, idman silahları, geyim növləri və digər vasitələr satışa çıxarılacaq. Klubda, eyni zamanda, balıqçılıqla maraqlananların da istəkləri nəzərə alınıb.
Diqqətə çatdırılıb ki, ümumilikdə növbəti mərhələdə görüləcək işlər nəticəsində klubun ərazisində 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, səkkiz dairəvi səngər, yeddi meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, istirahət məkanları tam şəkildə istifadəyə veriləcək.
Prezident İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirib, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində tikilməkdə olan Konqres Mərkəzində inşaat işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısı mərkəzin planı və gələcək görüntülərini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, 2,8 hektar ərazidə yerləşəcək mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcək. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaq.
Mərkəzin binasında daş hörgü və beton işləri başa çatdırılıb, metal konstruksiyalar quraşdırılıb. Hazırda binanın damı örtülür.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bu yeni sosial obyektə gedən yol çay yatağından keçir. Buraya gediş-gəlişi asanlaşdırmaq üçün həmin çay üzərində yeni körpü salınır. Bütövlükdə, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 10 min 200 kvadratmetr olacaq Konqres Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq beş stansiyada quraşdırma işləri başa çatıb. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılıb.
Prezident İlham Əliyev kanat lifti ilə kompleksin ərazisini gəzib.
Bildirilib ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə “Qafqaz Resort” otel kompleksində qış istirahət məkanının yaradılması, yəni, otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcək. Trassa sistemi hər bir qonağın onun üçün məqbul olan enmə zolağı, maillik və çətinlik dərəcəsini seçməsi üçün nəzərdə tutulub. Yamaclar “Everest” markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyi ilə möhkəmləndirilir. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərin təcrübə toplamasına xidmət edəcək. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə, həmçinin xizək sürənlərin digər trassalardan aralı hərəkət etmə imkanları nəzərə alınmaqla qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulub. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma generasiya sistemi ilə təchiz edilməsi qərara alınıb. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılıb. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaq.
Prezident İlham Əliyevə “Golf Resort” idman və istirahət mərkəzinin layihəsi ilə bağlı da məlumat verilib. Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə ölkənin ən dilbər guşələrindən birində - Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və klubunun yaradılması qərara alınıb. Layihəyə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Mövsümi yağıntıların və dağlarda qar örtüyünün əriməsi nəticəsində Dəmiraparan çayında baş verə biləcək daşqın hallarının qarşısını almaq, bununla da qolf meydançasının mühafizəsini təmin etmək məqsədilə çayın sahilində istinad divarları tikiləcək. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev həm “Tufan” Dağ-xizək Yay-Qış İstirahət Kompleksinin, həm də “Golf Resort” idman və istirahət mərkəzinin tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
* * *
Dövlətimizin başçısı İlham Əliyev Qəbələyə səfəri çərçivəsində heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak edib.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qəbələ heyvandarlıq-südçülük kompleksi də belə müəssisələrdən biridir. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılıb. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanıb. Bu ilin fevral ayında isə işlər tam başa çatdırılıb.
Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın “BouMatic” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsindən olan inək gətirilib. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılıb, onlardan 150 bala alınıb. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, hər inəkdən bir ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılıb. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir.
Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunub. Tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Hollandiyada xüsusi kurs keçib. Gələcəkdə təcrübələrinin artırılması üçün digər işçilərin də kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
* * *
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində isə “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi formalaşır. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilib. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Sağım sexi dünyanın ən mütərəqqi “Karusel” tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilib. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş “Simmental” cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınıb. Mart ayında əlavə 160 baş heyvanın gətirilməsi təmin ediləcək. Gətirilən heyvanlar artıq yerli iqlimə uyğunlaşıb və orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verəcək. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılıb. Artıq bu ərazilərdə müxtəlif yem bitkiləri əkilib. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu var. Bundan başqa, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunacaq. Əlavə olaraq 20 hektar alma bağı salınıb və burada hər hektarın məhsuldarlığının 30-40 tona çatacağı gözlənilir. Əkin-biçin işlərinin aparılması və əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi məqsədi ilə Avropanın lider şirkətlərindən 88 maşın və texnika alınıb. Həmin texnika 4 qarajdan ibarət avtoparkda saxlanılır. Tikintisi davam etdirilən ət emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasınadək bütün proseslər gigiyenik normalar gözlənilməklə həyata keçiriləcək.
Prezident İlham Əliyevin heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaq. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaq.
Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçiblər. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilib.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, digər bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayonun Qaradeyn kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun fəaliyyətə başlaması həmin tədbirlərin davamlılığından xəbər verir. Zavodun təsisçisi olan “Aspi Agro” MMC-nin əsas məqsədi respublikada geniş yayılıb və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.
“Aspi-Aqro” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salıb. Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilib. Seçilmiş növlər üzrə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
Diqqətə çatdırılıb ki, müəssisədə Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Ümummilli liderin Azərbaycanda kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişafındakı xidmətlərini və Prezident İlham Əliyevin müxtəlif illərdə Qəbələ rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Dövlətimizin başçısı müəssisənin avtoparkında üzüm plantasiyalarında əkin, becərmə və məhsul toplanışında istifadə üçün nəzərdə tutulmuş texnika, maşın və avadanlıqla tanış olub.
Daha sonra Prezident İlham Əliyev üzümün qəbulu prosesi ilə maraqlanıb.
Prezident İlham Əliyev müəssisənin ayrı-ayrı istehsal sahələrini gəzdikdən sonra qablaşdırma sexində zavodu işə salıb və istehsal prosesini izləyib.
Qeyd edilib ki, “Aspi Winery” üzüm emalı müəssisənin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunub. Hazırda burada 7 növ məhsul istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır.
Bildirilib ki, “Savalan” şərablarını məşhurlaşdıran hər şeydən əvvəl ideal coğrafi və iqlim şəraitidir. Belə şəraitdə yetişmiş üzüm özünəməxsus xüsusiyyətlərə malik autentik şəraba çevrilir. Bu, əsrlərlə formalaşan ənənələrin və müasir şərabçılıq meyillərinin ahəngidir.
Konyak istehsalı sexində Prezidentə məlumat verilib ki, zavodda bütün məhsullar yüksək ixtisaslı xarici mütəxəssislərin rəhbərliyi ilə istehsal olunur və yoxlanılır. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları Rusiyaya ixrac olunur. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi də planlaşdırılır.
Prezident İlham Əliyev müəssisədə şərab anbarına baxıb. Anbarda minimum silkələnmə, ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur. Məhsullar Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli palıd çəlləklərdə və çənlərdə saxlanılır. Məhsulun belə çəlləklərdə saxlanması bərk zərrəciklərin çəlləyin dibinə çökməsinə səbəb olur ki, onları da oradan təmizləmək asanlaşır. Bundan əlavə, palıd çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə qadir xüsusi ətir verir.
Dövlətimizin başçısı burada çalışan xarici mütəxəssislərlə söhbət edib.
Məlumat verilib ki burada muzey də fəaliyyət göstərir. Muzeydə “Qədim Qəbələ”, “Azərbaycanda qədim şərabçılıq” və “Şərabçılığın xronolgiyası” posterləri, Qəbələdə arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlar var. Burada Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında fotolar və sənədlər, həmçinin üzümçülük və şərabçılığın tarixi ilə bağlı kitablar və stendlər də nümayiş etdirilir, emal olunan məhsullar sərgilənir.
Prezident İlham Əliyev muzeydə üzümçülüklə bağlı sənədli filmə baxıb.
Bildirilib ki, zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılıb. İstehsal olunan məhsullar İngiltərədən alınan və MDB məkanında yalnız bu müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlər iki həftədən çox vaxt aparır.
Məlumat verilib ki, “Aspi Winery” üzüm emalı müəssisəsi hazırda layihə gücünün 20-30 faizi həddində fəaiyyət göstərir. “Aspi-Aqro”ya məxsus 340 hektar üzüm sahəsində İtaliyadan gətirilən 22 şərab sortu, 14 süfrə sortu üzümləri əkilib. Həmin sahədə 200 nəfər mövsümi işlə təmin edilib. Ən başlıcası isə bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayacaq.
Prezident İlham Əliyev dequstasiya otağı ilə də tanış olub.
Dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 1109 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30