Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılıb

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılıb

01.04.2011 [10:08]

Dövlət başçısı İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu və Suraxanı rayonlarında görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi.
Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün dünən Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında olub.
Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunan müşavirədə respublikamızın paytaxtında ötən illərdə konkret proqramların həyata keçirildiyini bildirərək Bakının meqapolisə çevrilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulamışdı.
Dövlətimizin başçısı paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd edib və bu məqsədlə xüsusi dövlət proqramı üzərində işlərin getdiyini bildirib. Prezidentin tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılıb.
Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev Zabrat qəsəbəsinin 7500-dən artıq sakinin məskunlaşdığı “Teplitsa” adlandırılan yaşayış sahəsində olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası yolların əsaslı təmirinə başlanılıb. Bu yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib. Dövlətimizin başçısının tapşırıqlarına əsasən qəsəbələrarası yollar boyunca işıqlandırma sisteminin qurulacağı qeyd olunub, kəndlərdə və qəsəbələrdə kanalizasiya xətlərinin çəkiləcəyinin isə dövlət proqramına daxil edildiyi vurğulanıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Dövlətimizin başçısını hərarətlə qarşılayan sakinlər bir ağızdan “Xoş gəlmisiniz!” deyiblər. Sakinləri salamlayan Prezident İlham Əliyev deyib: “çox sağ olun. Bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemləri həll olunur. ümid edirəm ki, aprel ayında müvafiq proqram qəbul ediləcəkdir. Bir müddət bundan əvvəl geniş müşavirə keçirildi, qarşıya vəzifələr qoyuldu. Əsas məqsəd ondan ibarət idi ki, Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapsın. Proqram qəbul olunandan sonra əlbəttə ki, dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulacaqdır. Bu məqsədlə dövlət büdcəsinə düzəlişlər də edilməlidir. çünki büdcəmiz keçən il qəbul edilmişdir və bu proqram nəzərdə tutulmurdu. Düzəlişlər ediləndən sonra artıq dövlət büdcəsinin imkanları çərçivəsində proqram icra olunmağa başlanacaqdır. Onu da qeyd etməliyəm ki, keçən müddət ərzində müəyyən işlər görülmüşdür. Qəsəbələrdə məktəb tikintisi sürətlə aparılmışdır, tibb məntəqələri tikilmişdir. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma prosesləri getmişdir. Yəni, müəyyən işlər görülmüşdür. Ancaq mən çox istərdim ki, bu işlər daha da sürətlə və daha da keyfiyyətlə görülsün. Qəsəbələrdə yaşayan bütün insanlar maksimum şəraitlə təmin olunsunlar. İndi proqram hazırlanır və bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. çox böyük bir proqramdır. Hazırda qəsəbələrdə yaşayan əhalinin sayı 800 mindən çoxdur. Bu, özlüyündə böyük şəhərdir. Bu qəsəbələrdə yaşayan insanlar bir daha demək istəyirəm ki, ən yüksək standartlarla təmin olunmalıdırlar. Amma bu məsələnin həllinin çox sürətlə getməsini nəzərə alaraq, bir müddət bundan əvvəl Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmışdır ki, təxirəsalınmaz tədbirlər görülsün. Bu gün bu yolun çəkilişi verilmiş o vəsaitin hesabınadır. Artıq müəyyən işlər görülmüşdür. Bu yol ümumiyyətlə yox idi, burada torpaq yollar var idi. Yəni biz bütün bu yolları yenidən qurmalıyıq, yenidən tikməliyik. Əlbəttə, proqram təkcə yolların tikintisi ilə məhdudlaşmayacaqdır, geniş tədbirlər görüləcəkdir. Qəsəbədə qaz, işıq, su problemləri həll olunubdur. Bu da böyük bir nailiyyətdir. Kanalizasiya problemləri var, o da həll olunacaqdır. çünki bilirsiniz, ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır. Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaqdır. Bununla bərabər, İqtisadi İnkişaf Nazirliyinə göstəriş verilmişdir ki, qəsəbələrdə yaşayan iş adamları üçün əlavə şərait yaradılsın. Güzəştli şərtlərlə kreditlər verilsin, burada iş yerləri yaradılsın, yeni müəssisələr açılsın ki, işsizliyin də aradan qaldırılması üçün əlavə şərait yaradılsın. Bütövlükdə ölkəmizdə işsizliyə qarşı mübarizə çox ciddi gedir. Demək olar ki, hər bir bölgədə yeni müəssisələr, minlərlə iş yerləri, yeni zavodlar, fabriklər açılmışdır. Bu gün bizim iqtisadi və sənaye potensialımızın güclənməsində bunun çox böyük rolu vardır.
Bu gün isə mən gəldim özüm görüm ki, işlər necə gedir. çox ümid edirəm ki, verilən bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Sizdən və bütün qəsəbələrin sakinlərindən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı olan məsələləri Prezident Administrasiyasına da göndərsinlər. Əgər hər hansı bir irad varsa, narazılıq varsa, mütləq bizim xəbərimiz olmalıdır ki, bütün bu məsələlər lazımi səviyyədə görülsün”.
Qəsəbə sakini Səfixan Gəncəliyev və qəsəbədəki 75 nömrəli məktəbin direktoru Solmaz Əzizzadə dövlətimizin başçısına təşəkkür ediblər.
Prezident İlham Əliyev: Biz qaza olan borcları sildik, amma o şərtlə ki, bundan sonra qazın pulu verilsin. ödəniş vardır. İndi mən izləyirəm. Mənə hər ay arayış verilir ki, ölkə və Bakı şəhəri üzrə nə qədər qaz, enerji haqqı ödənilir. Deyə bilərəm ki, yaxşı səviyyədədir. Haradasa, 90 faizə yaxındır. Düzdür, elə yerlər, elə qəsəbələr var ki, orada bu ödəniş çox aşağıdır. Mən onların adını çəkmək istəmirəm. Hesab edirəm ki, onlar da öz fəaliyyətlərində düzəlişlər edəcəklər. Amma biz suya olan borcları da qaz kimi siləcəyik. Ancaq o şərtlə ki, bundan sonra suyun pulu ödənilsin. Azərbaycanda su və qaz tarifləri bu bölgədə, demək olar ki, ən aşağı səviyyədədir. Qaz tarifləri qonşu ölkələrlə müqayisədə ən azı 3 dəfə aşağıdır. Biz bunu ona görə edirik ki, əhalinin üzərinə daha da az yük düşsün.
Burada biz təkcə bu infrastruktur məsələləri ilə öz işimizi məhdudlaşdırmamalıyıq. Qəsəbələrin abadlaşmasına da vəsait ayrılacaq, hasarlar, küçələr təmir olunacaq. Burada elektrik xətləri açıq havadadır. Yəni, bu mənzərəyə biz, necə deyərlər, öyrəşmişik. Amma əslində inkişaf etmiş şəhərlərdə biz bunları görmürük. Bakının mərkəzində artıq bu məsələlər həll olunubdur. Ona görə tədricən qəsəbələrdə də müasir elektrik xətləri çəkilməlidir. Transformatorlar köhnəlib. Düzdür, işıq var, amma bəzi hallarda keyfiyyətsiz verilir. Qaz var, bəzi hallarda təzyiq aşağıdır. Mənə verilən məlumata görə, Bakı şəhərinin 97 faizi qazla təmin olunubdur. Ancaq elə qəsəbələr var ki, təzyiq aşağıdır.
Biz elektrik enerjisi ilə təchizatı yaxşılaşdıracağıq. Bu məqsədlə də vəsait nəzərdə tutulub və eyni zamanda, görürəm, bu küçələrdə axşamlar qaranlıq olur. Küçə işıqları yoxdur. Bəlkə 10 il bundan əvvəl biz bununla barışa bilərdik. Amma indi barışa bilmərik. Gərək xüsusi dirəklər sifariş olunsun. Burada bəlkə də hündür dirəklər lazım deyildir. çünki onların işığı bütün evlərə yayılacaqdır. Yəni, gecə yatmağa imkan verməyəcəkdir.
Daha hansı məsələlər vardır?
Lətifağa Əzimov: çox sağ olun. Sabunçu rayonunda elə bir kənd yoxdur ki, orada abadlıq işi getməsin. Problemlərimiz də vardır. Vallah hər ailənin problemi vardır. Suyunu düzəldir, qazı qalır, qazını düzəldir, hasarı sökülür. Problem vardır, bu boyda respublikanın problemi olmalıdır. Ancaq düzəlir, irəliləyiş var, qabağa gedir, geri getmir.
Prezident İlham Əliyev: Bu təbiidir. Gərək qabağa sürətlə getsin. Mən bunu istəyirəm.
Lətifağa Əzimov: çox sağ olun, çox razıyıq.
Prezident İlham Əliyev: Mən demişəm, bir daha demək istəyirəm ki, əgər hər bir qəsəbənin hər bir problemi həll olunarsa, deməli, bütün ölkədə problemlər həll olunur.
Sakinlər: Sizin sayənizdə.
Prezident İlham Əliyev: Xüsusilə Bakıətrafı qəsəbələrdə gərək bütün işlər bu cür yüksək səviyyədə görülsün. Bakının özü görün necə gözəlləşib. Bakıya gələnlər etiraf edirlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ətraf qəsəbələr də elə olmalıdır. Burada yaşamaq, işləmək üçün bütün şərait yüksək səviyyədə olmalıdır. Bu yolun çəkilişi proqramın icrasının birinci addımıdır. Sağ olun.
Sakinlər: çox sağ olun, Allah Sizi Azərbaycana çox görməsin.
Sakinlər Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə kəndində də görülən işlərlə yaxından tanış olub. 5500 sakinin yaşadığı bu kənddə də dövlətimizin başçısının tapşırıqlarına əsasən yeni məktəb binası inşa ediləcək və bu məqsədlə artıq torpaq sahəsi ayrılıb. Bülbülə kəndində məhəlləarası yolların əsaslı təmirinə də başlanılıb. Burada 8 min kvadratmetr əraziyə yeni asfalt örtüyü döşənib, yolun 45 min kvadratmetr hissəsində isə asfalt işləri qısa vaxt ərzində başa çatdırılacaq. Həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı Bülbülə kəndinin sakinləri ilə görüşüb.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev deyib: “Qəsəbədə işlər görülür, yol tikintisi gedir. Bu, birinci addımdır. Bütün qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı hazırlanır. Müvafiq göstərişlər verilibdir. Bildiyiniz kimi, bu məsələ ilə bağlı geniş müşavirə keçirilmişdir. Artıq proqram hazırlanır. ümid edirəm ki, aprel ayında biz onu təsdiq edəcəyik və genişmiqyaslı işlər başlayacaqdır. Vaxt itirməmək üçün artıq bu yolun çəkilişi başlanmışdır. Həm burada, həm başqa qəsəbələrdə bu cür yollar yox idi. Torpaq yolları idi, yağış, qar yağan kimi bu yoldan keçmək mümkün deyildi. Amma indi asfalt yollardır, bu, xəritədə də göstərilibdir. Bu, necə deyərlər, hələ birinci layihədir. Bütün qəsəbə yolları tikilməlidir. Qəsəbələrdə bütün infrastruktur obyektləri bərpa olunmalıdır, yenidən tikilməlidir. İndi qaz xətləri çəkilir. Mənə deyilir ki, indi qazın təzyiqi lazımi səviyyədə deyildir. Müvafiq göstərişlər verəcəyəm ki, qazın təzyiqi artırılsın. ölkə üzrə elektrik enerjisi ilə təchizat məsələsi bütövlükdə həll olunub. Ancaq hələ görüləsi işlər çoxdur. Xətlərin yerin altına salınması, ondan sonra elektrik enerjisinin daha da keyfiyyətlə, fasiləsiz verilməsi məsələləri vardır. Bütün bu işlərlə də məşğul olacağıq. Kanalizasiya layihəsi mütləq icra olunacaqdır. İndi xüsusi bir proqram hazırlanır. Bütün ölkə üzrə, eyni zamanda, hər bir qəsəbə üzrə kanalizasiya, içməli su proqramları hazırlanır. Bu ərazidə məktəb yoxdur. Məktəbə getmək üçün uşaqlar çox uzaq məsafə qət etmiş olurlar. Ona görə məktəb tikintisi də başlamalıdır. Yer də seçilib. Layihəni də hazırlayın və tezliklə vəsait də ayıracağıq ki, məktəb də tikilsin. Biz məsələlərə kompleks şəkildə yanaşırıq. Hər bir qəsəbədə normal yaşamaq və işləmək üçün yaxşı şərait olmalıdır”.
Sakinlər: Allah razı olsun.
Prezident İlham Əliyev: İndi bilirsiniz ki, bütün rayonlarda quruculuq-abadlıq işləri gedir. Rayonların inkişafı proqramı sürətlə aparılır. Belə olan halda Bakıətrafı qəsəbələrdə işlər daha da sürətlə getməlidir. Məhz bu məqsədlə mən müşavirədə göstəriş vermişəm ki, qəsəbələrin xüsusi proqramı olmalıdır. çünki bu qəsəbələr, əlbəttə ki, Bakının qəsəbələridir. Ancaq burada yaşayış, həyat tərzi, necə deyərlər, qəsəbə səviyyəsindədir. Biz bunu nəzərə almalıyıq. Bakıətrafı qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır. O insanların problemləri həll olunmalıdır. Həm iş yerləri açılmalı, həm sahibkarlıqla məşğul olanlar üçün güzəştli kreditlərin verilməsi və infrastruktur layihələrinin icrası təmin edilməlidir. Hesab edirəm ki, bir neçə il ərzində qəsəbələrin əsas sosial- iqtisadi məsələləri öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün bizdə bütün imkanlar vardır. Birinci, siyasi iradə, problemlərin həlli üçün düşünülmüş siyasət və proqram vardır. İkincisi, indi hamı görür ki, ölkəmiz inkişaf edir, maliyyə imkanlarımız artır. Aparılan islahatlar hesabına bu gün Azərbaycan iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrdəndir. Bu da bizə imkan verəcək ki, problemləri tezliklə həll edək. Bölgələrdə, qəsəbələrdə mövcud olan problemləri biz də bilirik, siz də bilirsiniz. Ona görə gəlmişəm ki, sizdən də eşidim əlavə nə edilməlidir. Məktəb binası tikiləcəkdir. Əgər tibb məntəqəsi lazımdırsa, onu da edək. Yollar, işıq dirəkləri, küçələr. Əslində bu küçəni heç küçə adlandırmaq mümkün deyildir. İşıq dirəkləri yoxdur. Onlar da qoyulmalıdır ki, gecələr burada yollar işıqlı olsun. Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Belə olan halda qısa müddət ərzində istədiyimizə nail ola biləcəyik.
Abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıq edən sakinlər Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun bərpa olunmasını da dövlətimizin başçısından xahiş ediblər. Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun vəziyyəti ilə tanış olmaq üçün buraya gəlib. Dövlətimizin başçısı köhnə yolun bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlarını verib. Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev prospekti ilə “Atəşgah” məbədini birləşdirən küçələrdə əsaslı təmir işlərinə başlanılıb.
Daha sonra Prezident İlham Əliyev “Atə
şgah” məbədinə gələrək burada həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış olub. Aparılan arxeoloji qazıntılar barədə dövlətimizin başçısına məlumat verilib.
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlarını verib.

Paylaş:
Baxılıb: 885 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30