Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT müstəvisində növbəti uğur

BMT müstəvisində növbəti uğur

25.06.2026 [10:27]

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəvisində aktivliyi də xüsusi vurğulanmalıdır. Bunun nəticəsidir ki, ölkəmiz ən böyük beynəlxalq təşkilatın strukturlarında fəal təmsil olunur. Məsələn, ötən il BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib. Hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hazırda ölkəmiz BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri arasında yer alır.

Azərbaycan nümayəndəsi CRC-nin üzvü seçilib

Yeri gəlmişkən, bugünlərdə BMT müstəvisində növbəti uğur qazanılıb. Belə ki, iyunun 23-də Nyu-York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Esseks Universitetinin doktorantı Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı ilk dəfə olaraq sözügedən komitədə təmsil olunacaq.

BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 18 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edən, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq müstəvidə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Bu kontekstdə ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı xüsusilə qeyd edilməlidir. Daha da dəqiqləşdirsək, həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Həmçinin, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Ölkəmiz isə müxtəlif beynəlxalq qurumlarda sadəcə üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, onların funksionallığının artmasına davamlı töhfələr verir,  qərarların qəbul və icra olunmasında mühüm rol oynayır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan qısa müstəqillik tarixində BMT Təhlükəsizlik Şurasına (TŞ) 2012-1013-cü illər üzrə qeyri-daimi üzv seçilib, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrllik edib, Türk Dövlətləri Təşkilatında (TDT) öncül ölkələrdən birinə çevrilib, əksər regional təşkilatlarda uğurlu təmsilçiliyə malikdir.

Azərbaycan təşkilatın strukturlarında fəal təmsil olunur

O cümlədən, ölkəmizin BMT strukturlarına üzv seçilməsi də məmnunluq doğurur. Məlumdur ki, Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlığa böyük önəm verib. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu və s. qeyd etmək olar. Bundan başqa, təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən ölkəmizin UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Yeri gəlmişkən, ölkəmiz UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib. 4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.  Azərbaycanın bu komitəyə üzv seçilməsi ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.

Sözügedən komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb. Azərbaycanın UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilməsini şərtləndirən digər bir mühüm amil də ölkəmizin reallıqları və Azərbaycan dövlətinin mədəni irsin qorunmasına verdiyi böyük önəmlə bağlıdır. Deyə bilərik ki, respublikamızda bu istiqamətdə davamlı və məqsədyönlü fəaliyyət həyata keçirilir. Azərbaycan abidələr diyarıdır və bu abidələr müxtəlif sivilizasiyalara aiddir.

Ölkəmiz BMT-də islahatlar aparılmasının tərəfdarıdır

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT səviyyəsində qətnamələr də irəli sürüb. Məsələn, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilib. CHR tərəfindən qəbul edilmiş bu qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədi daşıyır.

Ötən illər ərzində  Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı da xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib.

Bütövlükdə, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, Azərbaycan BMT-nin beynəlxalq müstəvidə  təhdid və problemlərə qarşı lazımi səviyyədə mübarizə apara bilməsi üçün təşkilat çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30