Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Gələn ilin sonuna qədər Azərbaycanın hər bir rayonunda müasir standartlara uyğun tibb mərkəzləri istifadəyə veriləcək

Gələn ilin sonuna qədər Azərbaycanın hər bir rayonunda müasir standartlara uyğun tibb mərkəzləri istifadəyə veriləcək

24.02.2012 [01:22]

Son illərdə əldə edilən dinamik inkişaf və müasirləşən tibb ocaqları ölkəmizdə səhiyyə göstəricilərinin əsaslı şəkildə yaxşılaşmasına səbəb olub
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Bu bir həqiqətdir ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olan qeyri-neft sektorunun inkişaf tempinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin, regionların tarazlı inkişafı nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına səbəb olub. Bu da Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib. Dünyada hökm sürən maliyyə böhranından fərqli olaraq, ölkəmiz sosial-iqtisadi inkişaf yolunda uğurlu addımlar atıb. Belə ki, ötən il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi və iqtisadi artım templərinin azalması, işsizliyin artması ili kimi xarakterizə olunsa da, 2011-ci il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi yadda qalıb. Daha dəqiq desək, ötən il ərzində də respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr uğurla icra edilib, ölkəmizdə bütün investisiya proqramları vaxtında yerinə yetirilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində həm də bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, 2011-ci ildə müşahidə olunan inkişaf tendensiyasının cari ildə də davam etdirilməsi üçün konkret proqramlar üzrə fəal işlər görülməlidir: “Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir. 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha da böyükdür. Daha da böyük vəsait nəzərdə tutulur. Əlbəttə ki, bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcəkdir. Eyni zamanda, bizə bütün sosial proqramların və sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir. 2012-ci ilin dövlət büdcəsinin xərcləri təxminən 22 milyard dollara bərabərdir. Bu, tarixdə ən böyük göstəricidir. İcmal büdcə isə təxminən 25 milyard dollar səviyyəsindədir. Əlbəttə ki, bütün sosial proqramlar, sosial ödəmələr, sosial infrastruktur layihələri bu büdcə ilə uğurla icra ediləcəkdir”.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda dövlətin birbaşa dəstəyi ilə inkişaf edən sahələrdən biri də səhiyyədir. Bu sahənin inkişafına diqqət, ilk növbədə, ildən-ilə ayrılan büdcə vəsaitinin artırılmasında özünü göstərir. Belə ki, 2001-ci illə müqayisədə 2011-ci ildə bu vəsaitin təxminən 12 dəfə artması səhiyyə müəssisələrində çoxsaylı təmir və tikinti işlərinin aparılmasına və bu müəssisələrin müasir səviyyədə təchizatına imkan verib. Təkcə son 5 ildə ölkəmizdə 400-dən artıq tibb müəssisəsi yenilənərək istifadəyə verilib. Bunların əksəriyyətinin həm təməlqoyma mərasimində, həm də açılışında Prezident İlham Əliyev iştirak edib.
Qeyd etməliyik ki, ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması prosesi Bakı ilə yanaşı, rayonlarda da eyni sürətlə davam etdirilir. Gündən-günə müasirləşən səhiyyə obyektlərinin sıralarına yeniləri əlavə olunur.  Son vaxtlar həm paytaxtda, həm də regionlarda iri tibb müəssisələrinin istifadəyə verilməsi də bunun sübutudur. Məsələn, bir-birinin ardınca Respublika Diaqnostika Mərkəzi, Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bundan başqa, Xəzər rayonundakı 35 saylı Kardiorevmatoloji sanatoriya, Xətai rayonundakı 2 saylı Uşaq poliklinikası, Nizami rayonundakı 19 saylı Uşaq poliklinikası, Binəqədi rayonu 28 may qəsəbəsində həkim məntəqəsi, Qaraçuxur qəsəbəsində 15 saylı BŞX-nin poliklinikası və Psixi sağlamlıq mərkəzi, həmçinin, Daşkəsən Mərkəzi Rayon xəstəxanası və Şirvan Mərkəzi Rayon Xəstəxanasının Mərkəzi Poliklinika şöbəsi müasirləşən tibb ocaqlarının sırasına daxil olub. Bu günlərdə isə Qusar rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib. Yeri gəlmişkən, sözügedən xəstəxananın açılışında  iştirak edən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, əhaliyə göstərilən tibbi xidmət yüksək səviyyədə təşkil olunmalıdır: “Xəstəxananın açılışı doğrudan da, böyük hadisədir, çox gözəl hadisədir. ümid edirəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaqdır. Yəni, burada yaradılan şəraitə uyğun olmalıdır. Burada quraşdırılan yeni, ən müasir avadanlıq əlbəttə ki, insanların sağlamlığının keşiyində duracaqdır”.
Bölgələrdə də səhiyyə müəssisələrinin müasirləşdirilməsi bundan sonra da davam edəcək. Bu məsələyə toxunan dövlət başçısı deyib ki, hətta hər rayonda müasir xəstəxanalar fəaliyyət göstərəcək: “Bütövlükdə ölkə üzrə hər bir bölgədə yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılır və açılacaqdır. Gələn ilin sonuna qədər biz çalışmalıyıq ki, hər bir rayonda, rayon mərkəzində ən müasir standartlara cavab verən tibb mərkəzləri fəaliyyətə başlasın”.
Təbii ki, müasir xəstəxanaların istifadəyə verilməsi, səhiyyə xidmətlərinin yaxşılaşdırılması öz növbəsində tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili üçün hərtərəfli imkanlar yaradır. Odur ki, Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir. Ancaq yaradılan müasir xəstəxana ilə dövlət öz işini bitmiş hesab etmir. Belə ki, həmin müəssisələrdə çalışacaq kadrların hazırlanmasına, tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsinə, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, ötən ildən etibarən, “Təhsil haqqında” Qanuna uyğun olaraq, həkimlərin ixtisaslar üzrə hazırlığının rezidentura vasitəsi ilə həyata keçirilməsinə başlanıb. ötən il 300 həkim rezidenturaya qəbul olunub. 200-dən artıq həkim və orta tibb işçisi isə xarici ölkələrin qabaqcıl klinikalarında ixtisasartırma kursları keçib. Bununla yanaşı, həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nefrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda kurslar təşkil olunub və 500-dən artıq həkim öz təcrübi biliklərini artırıb.
Bir sözlə, Azərbaycanda istifadəyə verilən hər bir xəstəxana ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycanın səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar yaradıb. Bu sahənin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə müasir texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları öz növbəsində tibbi xidmətin səviyyəsini də yüksəldib. Dövlət səhiyyə müəssisələrində əhaliyə xidmətin pulsuz olması isə müasirləşən tibb müəssisələrinin daha bir üstünlüyüdür.
Onu da deyək ki, dinamik inkişaf və müasirləşən tibb ocaqları eyni zamanda, ölkəmizdə səhiyyə göstəricilərinin yaxşılaşmasına da təkan verib. Məsələn, 2011-ci ildə Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 19,3 nəfər olub. Halbuki, bu rəqəm 10 il əvvəl 13,7 nəfər olub. ölüm halları isə, əksinə,  6,2-dən 5,8-ə düşüb. Əhalinin təbii artımı 8,1-dən 13,5-dək yüksəlib. Bu da Avropa ölkələri arasında ən yüksək göstərici sayılmaqdadır. ölkəmizdə ömür uzunluğu da 71,9 yaşdan 73,6 yaşadək artıb.
Eyni zamanda, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması da dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Yeddi perinatal mərkəzinin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə olan xüsusi qayğının nümunəsidir. Təbii ki, bu diqqət və qayğı öz müsbət nəticəsini göstərib. Belə ki, əgər 2006-cı ildə respublikada körpə ölümü göstəricisi 11,9 promilli idisə, 2011-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2006-cı illə müqayisədə 34,2-dən 2011-ci ildə 15,2-ə enib.
Yeri gəlmişkən, ölkəmizdə insan sağlamlığı amilinin dövlət siyasətinin başlıca məqsədlərindən olduğu səhiyyənin digər istiqamətlərində də özünü göstərir. Məsələn, ötən il stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşıb. Belə ki, stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb.
Məsələyə münasibət bildirən ekspertlər də ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Məsələn, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Urud səhiyyə sahəsində aparılan islahatların çox uğurla davam etdirildiyini deyib: “ölkə Prezidentinin bu sahəyə böyük dəstəyi var. Tibb müəssisələrinin tikilməsi, yenidən qurulması, əsaslı təmir olunması məqsədi ilə hər il milyonlarla vəsait ayrılır. Həmin vəsait dövlət başçısının şəxsi təşəbbüsü ilə  həm dövlət büdcəsindən, həm də Neft Fondundan ayrılır. ARDNŞ-in xətti ilə regionların, demək olar ki, hamısında yeni, müasir tələblərə cavab verən və ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş müəssisələr yaradılıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin xəttilə rayonlardakı səhiyyə müəssisələrimiz ya əsaslı təmir olunub, ya yenidən qurulub,  yaxud da  yeniləri tikilib. ölkə Prezidenti İlham Əliyev bu yaxınlarda Gəncədə olarkən rayonun deputatı kimi Ondan xahiş etdim ki, Gəncədə də ya Mərkəzi Klinik Xəstəxana tikilsin, ya da mövcud xəstəxanalardan biri bu şəkildə uyğunlaşdırılsın. Regionda olan bütün əhali Gəncədəki həmin Mərkəzi Klinik Xəstəxanaya müraciət edə bilsin. Bu halda Gəncədə də orqan köçürmələri, açıq qəlb əməliyyatları və s. keçirmək mümkün olacaq və bunun üçün əhalinin Bakıya getməsinə ehtiyac qalmayacaq. Prezident isə yalnız Gəncədə deyil, bütün regionlarda belə mərkəzlərin yaradılmasını vacib hesab etdiyini və qarşıya qoyulan məqsədin də məhz bu olduğunu bildirdi”.
ölkəmizdə elektron səhiyyənin tətbiq olunmasının səhiyyə islahatlarının mühüm tərkib hissəsi olduğunu deyən M.Urud hesab edir ki, bu islahat nəticəsində elektron informasiya sistemi yaradılacaq: “Səhiyyə Nazirliyində qurulan mərkəzlə əlaqələndirilən həmin sistemin köməyi ilə istənilən bölgədə yaşayan Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin nömrəsi vasitəsiylə onun bütün tibbi göstəricilərini nəinki ölkə daxilindəki xəstəxanalarda, eyni zamanda, xaricdə görmək mümkün olacaq. Nəticədə təkrar diaqnostikaya ehtiyac qalmayacaq”.
Bələdiyyə səhiyyəsinin inkişafını da vacib amil hesab edən millət vəkilinin sözlərinə görə, səhiyyədə aparılan kadr islahatı çərçivəsində hər il həkimlər xaricdə təcrübə keçirlər: “ümumiyyətlə, tibbi islahatlar ölkədə aparılan genişmiqyaslı islahatların tərkib hissəsidir. İldən-ilə bu sahəyə ayrılan büdcə vəsaitləri artırılır. Yeni səhiyyə ocaqlarının tikilməsi, ən müasir tibbi texnologiyanın tətbiqi, dərman təhlükəsizliyi,  dövlətin səhiyyə islahatlarının mərkəzində durur”.
“Səhiyyə sahəsində görülən işlər haqqında hər kəs məlumatlıdır. çünki, həyata keçirilən tədbirlər əyani şəkildə göz qabağındadır”. Bunu məsələyə münasibət bildirən millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin səhiyyə sektorunun inkişafı üçün gördüyü işlər sağlam cəmiyyətin yetişməsinə səbəb olur: “Azərbaycanın hər bir bölgəsində inşa edilən və ya əsaslı şəkildə yenidən qurulan səhiyyə ocaqları, diaqnostika mərkəzləri insanların sağlamlığının qorunmasının daim keşiyindədirlər. Səhiyyə sektorunda həm maddi-texniki bazanın möhkəmləndirilməsi, həm də kadr kontingentinin təşkil olunması bu sahənin davamlı və intensiv inkişafını təmin edir”.
ölkəmizin səhiyyə sektorunun inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsus xidmətlərinin olduğunu diqqətə çatdıran millət vəkili vurğulayıb ki, sosial siyasətin vacib sahəsi kimi səhiyyə daim dövlətin prioritetləri sırasındadır.
“ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində güclü səhiyyə sahəsi formalaşıb”. Bunu isə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva söyləyib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu səhiyyə islahatları uğurlu nəticələrə gətirib çıxarıb: “Prezident İlham Əliyevin həmin kursu uğurlu şəkildə davam etdirməsi sayəsində səhiyyə sahəsində daha böyük nailiyyətlər əldə olundu. Bu gün respublikanın elə bir bölgəsi yoxdur ki, orada müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri olmasın. Ən mütərəqqi texnologiyanın tətbiq olunduğu xəstəxanalarda insanların sağlamlığı qorunur, uğurlu əməliyyalar aparılır. Bütün bunlar səhiyyə sahəsinə olan dövlət qayğısının nəticəsidir”.
Mehriban Abasquliyeva bildirib ki, Azərbaycan o ölkələrdəndir ki, burada səhiyyə xidmətləri pulsuzdur. O, bir daha diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində ölkəmizdə çox güclü səhiyyə sistemi formalaşdırılıb.
RUHİYYƏ
Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30