Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan idmançıları II Avropa Oyunlarını da uğurla başa vurdular

Azərbaycan idmançıları II Avropa Oyunlarını da uğurla başa vurdular

04.07.2019 [09:36]

Firdovsi Umudov: Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib
Artıq Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb və bu yarışlar da idmançılarımız üçün uğurla nəticələnib. Beləliklə, ümumilikdə 28 medal (5-i qızıl, 10-u gümüş, 13-ü bürünc) qazanan idmançılarımız II Avropa Oyunlarını ilk onluqda tamamlayıblar.
Minsk-2019 II Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da əldə edilən nəticələrin olduqca yüksək olduğu qənaətindədir. Azərbaycanın Minsk-2019 II Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunduğunu diqqətə çatdıran F.Umudov bildirib ki, 12 güləşçimiz medal uğrunda mübarizə aparıb və 10 medal qazanılıb. F.Umudov qeyd edib ki, sərbəst güləşçilərimiz komanda hesabında Rusiyadan sonra II, qadın güləşçilərimiz isə III yerdə qərarlaşıb. Onun sözlərinə görə, bu, Azərbaycan idmanı üçün növbəti uğurdur və əldə olunan bu uğur ölkəmizdə idmana göstərilən qayğının bariz nəticəsidir: “Azərbaycan idmançıları Minsk-2019 II Avropa Oyunlarında böyük bir zəfər qazandılar. Bu mənada güləşçilərimiz xüsusilə qeyd olunmalıdır. Azərbaycan pəhlivanları ümumilikdə 10 medal olmaqla 3 qızıl, 3 gümüş və 4 bürünc medal əldə etdilər. Qazanılan qələbələr Azərbaycanın bu yarışlarda ilk onluqda yer almasını təmin etdi. Eləcə də güləşçilərimizlə birgə karateçilərimiz, cüdoçularımız, boksçularımız və digər idmançılarımız da bu uğurda böyük pay sahibidirlər. Ümumilikdə nümayəndə heyətimiz, komandamız ölkəmizin zəfəri naminə bütün güclərini ortaya qoydular. Bu nailiyyətlər ölkəmizin adı ilə bağlıdır. Həm də bu, ölkəmizdə idmana, idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bütün bu uğurların arxasında dövlət qayğısı durur. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman idmana və idmançılara öz diqqət və qayğısını göstərir. Məhz bu diqqətin və qayğının sayəsində də Azərbaycan idmançıları Minskdə də öz sözlərini dedilər və uğura imza atdılar”.
F.Umudov Azərbaycanda idmanın inkişafının yüksək vüsət aldığını bildirib. Onun sözlərinə görə, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra idmana göstərilən diqqət və qayğı, eləcə də Azərbaycan idmançılarının beynəlxalq arenalarda göstərdikləri nəticələr olduqca uğurludur. F.Umudov deyib ki, Azərbaycanda idman yüksək sürətlə inkişaf edir. Bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya Hərəkatında əhəmiyyətli uğurlara imza atmasının çəkisi çox böyükdür: “Hətta deyə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib. Azərbaycan qısa müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Buna ən gözəl misal 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarıdır. Bu cür möhtəşəm və böyükmiqyaslı yarış ilk dəfə idi ki, Azərbaycanda keçirilirdi. Ötən dövr ərzində hələ də bu yarış yaddaşlarda xoş xatirələri ilə qalıb. Nəinki Minskdə keçirilən II Avropa Oyunları zamanı, o cümlədən dünya və Avropa çempionatları vaxtı idman mütəxəssislərinin bizə yaxınlaşaraq o yarışla bağlı olduqca gözəl sözlər deməsi bizi qürurlandırır. Belə demək mümkündürsə, Bakı-2015 I Avropa Oyunları idman tarixinə öz qızıl möhürünü vurmağı bacarıb. Bu yaxınlarda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın Bakı-2015 I Avropa Oyunlarının çox yüksək səviyyədə keçirildiyini bir daha vurğulaması da bunu təsdiqləyir. Hətta Minskdə belə Bakıda keçirilən I Avropa Oyunlarının ən yüksək səviyyədə təşkilatçılığı, təhlükəsizliyin təmini məsələsi qeyd edilirdi. Minskdə keçirilən yarışlarda bəzi nüanslar var idi ki, orada çatışmazlıqlar özünü göstərirdi. Bakıda keçirilən yarışda isə zərrə qədər də olsun boşluq qoyulmamışdı”.
F.Umudov həmçinin 2015-ci ildə yarışlar zamanı bəzi “sapı özümüzdən olan baltalar”ın uğurlarımıza kölgə salmaq cəhdləri etdiyini, bu yarışların guya daha keçirilməyəcəyi ilə bağlı şayiələr yaymaq niyyətlərini yada salaraq bu gün qazanılan nailiyyətlərin qarşısında onların belə söz tapa bilmədiklərini diqqətə çatdırıb: “Azərbaycanın başlatdığı Avropa Oyunları ənənəsi uğurla və ölkəmizin yaratdığı standartlarla davam edir. Ümumiyyətlə, idman Azərbaycan xalqının qədim ənənələrindəndir. Bu gün bizim gənclik, idman mütəxəssisləri o ənənəni davam etdirir. Bizim idmançılarımızın yarış meydanlarında çıxıb qələbə qazanması qürurverici haldır. 26 İyun Silahlı Qüvvələr Günündə güləşçimiz Mahir Əmiraslanovun dünya çempionu üzərində parlaq qələbə qazanması və öz qələbəsini başda Ali Baş Komandanımız, Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan ordusunun şəxsi heyətinə həsr etməsi olduqca qürurverici anlar idi. Hacı Əliyevin Ermənistan təmsilçilərinə qalib gəlməsi və bu qələbənin də iyunun 26-na təsadüf etməsi böyük bir məsələ idi. Sağ olsun idmançılarımız ki, bizə belə qürurverici anlar yaşatdılar. Bu, həm də sərhəddə, cəbhə xəttində ölkəmizin bütövlüyünü qoruyan əsgərlərimiz üçün bir stimul idi”.
Federasiya rəsmisi xüsusilə Mariya Stadnikin yarışlar zamanı zədədən yeni sağaldığını və əldə olunan qələbənin gözlənilməz olduğunu deyib: “Mariya Stadnik ciddi zədə almışdı. Mən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirmək istəyirəm ki, Mariyanın sağlamlığı ilə bağlı bütün prosesləri diqqətdə saxladı. Mariya keçirdiyi əməliyyatdan sonra az bir müddətdə bərpa prosesi keçdi və güləş döşəyinə qayıdaraq yenidən böyük bir uğura imza atdı. Ümumiyyətlə, dövlət rəhbərliyinin idmançılara dəstək olması hər birimizdə böyük bir stimul yaradır. Mariyanın da zədədən sağaldıqdan sonra həmən belə böyük bir yarışda qızıl medal qazanması çox şeydən xəbər verir. Təbii ki, Minskdə yerləşən Olimpiya kəndində Milli Məclisin sədri Oqtay Əsədovun, Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, gənclər və idman naziri Azad Rəhimovun, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin bizim idmançılarla görüşməsi onlarda ruh yüksəkliyi yaradırdı və bu, qələbədə əhəmiyyətli rol oynadı. Nəticələrimiz çox uğurlu oldu. Bu, həm də güləşçilərimiz üçün qarşıdan gələn dünya çempionatı üçün mühüm bir yoxlama xarakteri daşıdı. Artıq idmançılarımız qarşıdan gələn yarışlar və orada əldə olunacaq uğurlar haqqında düşünməlidirlər”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1248 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30