Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rüsumlar yüksək olsa da...

Rüsumlar yüksək olsa da...

09.04.2024 [10:37]

Avtomobil idxalı artır

2023-cü ildə Azərbaycanın idxalının həcmi 17,2 milyard dollar təşkil edib ki, idxalın 2,8 milyard dolları nəqliyyat vasitələri və onların hissələri olub. Nəqliyyat vasitələrinin strukturunda isə avtomobillərin idxal dəyəri 1,7 milyard dollar təşkil edib. Say baxımından ötən il idxal olunmuş avtomobillərin sayı 96 minə yaxın olub. Bu, 2022-ci illə müqayisədə 59 % artım deməkdir. Maşın idxalının strukturunda minik avtomobillərinin və motorlu nəqliyyat vasitələrinin dəyəri 1,5 milyard dollar təşkil edib ki, bu da say baxımından 88 min avtomobil deməkdir. Ötən il ölkəmizə 3200-ə yaxın elektroavtomobil idxal olunub ki, bu da dəyər ifadəsi ilə 125 milyon dollar dəməkdir. Hibrid avtomobill idxalı 14200 olmaqla 386 milyon dollara bərabər olub. Bütün bu rəqəmlər avtomobil idxalında həm maşınların gömrük dəyərinin artımının, həm də say etibarilə çoxalmasından xəbər verir.

Statistik rəqəmlər təsdiqləyir ki, Azərbaycanda bir avtomobilə düşən orta idxal xərci digər region ölkələri ilə müqayisədə 2-2,5 dəfə yüksəkdir. 2023-cü ildə ölkəmizə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti təxminən 17 min dollar və ya 29-30 min manat təşkil edir. 2022-ci ildə bu rəqəm 13,4 min dollar, yəni 22-23 min manat olmuşdu. Beləliklə, son bir ildə 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 7 min manat bahalaşıb.

Bahalaşmanın səbəbi nədir?

Ölkəmizdə avtomobillərin qiymətinin baha olmasında başlıca səbəb idxal gömrük qiymətlərinin yüksək olmasıdır. Azərbaycana idxal olunan avtomobillər üçün idxal gömrük rüsumu avtomobilin növü və markası, istehsal tarixi, mühərrikin növü və həcmi, aksiz vergisi, invyoys dəyəri, nəqliyyat və əməliyyat

xərcləri, elektron gömrük xidmətinin göstərilməsi xərcləri hesablanaraq yekun gömrük rüsumu müəyyən edilir. Gömrük rüsumlarının və aksizlərin dərəcələri ölkəmizdə digər respublikalara nisbətən bahadır, Son illərdə aksiz dərəcələrinin artması da ümumi qiymətlərə təsir edir, hazırda daha kiçik mühərrikli avtomobillərin idxal rüsumu ucuz hesab olunur. Onların rüsumları mənşə ölkəsindəki qiymətdən 40-50 faiz ucuzdur. Məsələn, Avropada dəyəri 1500 avro olan 1,5 litr mühərrikli bir avtomobilin Azərbaycana daşınması xərci təxminən 2200-2500 manat təşkil edir. Mühərrikinin həcmi 2,4,6 və daha çox olan avtomobillərin idxal qiyməti hədsiz bahadır. Belə ki, həmin avtomobillər gömrük rüsumu az qala mənşə ölkəsindəki qiymətdən bahadır. Məsələn, Almaniyada 1000-15000 avroya alınmış irihəcmli motora malik avtomobilin idxal gömrük rüsumu 20-25 min manata gəlib çıxır.

Son illərdə istehsal ili köhnə olan avtomobillərin idxalına qoyulan qadağanın qüvvəyə minməsi də bahalaşmaya təsir edib. Doğrudur, bahalaşmada son 3 ildə beynəlxalq bazarlarda baş verəm mürəkkəb geosiyasi proseslər, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qara dənizdə tranzit daşınmalarında yaranan çətinliklər, pandemiyadan sonra daşınma-logistika xərclərinin artmasıdır. Ancaq bu, əsas amil deyil, idxal rüsumlarının yüksək olması avtomobil bazarını bahalaşdırır.

Vergi güzətləri elektroavtomobillərin idxalını kəskin artırıb...

Hökumət son illərdə ölkədə ekoloji baxımdan təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisini artırmaq məqsədilə bu tipli nəqliyyat vasitələrinin idxalına tətbiq edilən vergiləri aradan götürməklə maşın almaq istəyənlərə şans yaradıb. Hibrid avtomobillərinin idxalının artmasını stimullaşdırmaq məqsədilə tətbiq edilən vergi-gömrük güzətləri təbiq olunub, vergi və gömrük məcəlləsinə edilmiş dəyişikliklərə 1 yanvar 2022-ci ildən hibrid və elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kub.santimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.

Bu vergi təşviqləri elektroavtomobil idxalını kəskin artırıb və son 3 ildə elektroavtomobillərin idxalı 17 dəfəyədək artıb. 2020-ci ildə ölkəyə yalnız elektrik mühərriki ilə işləyən 191 avtomobil idxal olunmuşdursa, 2023-cü ildə bu göstərici 3200 ədəd təşkil edib. Yəni hər il bu maşınların idxal dinamikası digər nəqliyyat vasitələrini 3-4 dəfə üstələyir.

Məsələ ondadır ki, vergi güzəştlərindən əksər hallarda işbazlar daha çox faydalanır və elektroavtomobillər idxalında sui-istifadə halları artır. Belə ki, xarici ölkələrdən idxal olunan bu tipli avtomobillər şəxsi istehlak üçün deyil, taksi fəaliyyəti üçün daha çox istifadə edildiyindən və paytaxtın nəqliyyat sistemində ciddi problemlərə səbəb olduğundan həmin avtomobilərin, ümumilikdə, maşın parkına faydasından çox zərərləri dəyməkdədir. Həmin avtomobillərin əksəriyyətinin (taksi fəaliyyəti üzrə) texniki parametrləri  təhlükəsizlik normalarına cavab vermədiyindən paytaxtda baş verən qəzaların artmasına səbəb olmaqdadır. Ona görə də, hibrid avtomobillərin idxalında köhnə buraxılış ilinə deyil, yeni nəsil avtomobillərin idxalına üstünlük verilməsi nəzərdə tutulur. 

“Yaşıl iqtisadiyyat”a keçid istehsalın stimullaşdırılmasını tələb edir...

“Yaşıl iqtisadiyyat”a keçidin əsas tələblərindən biri maşın parkının elektrik mühərrikli avtomobillərlə zənginləşdirilməsidir. Bu siyasətin əsas xətti isə idxal yox, istehsalın stimullaşdırılmasıdır. Hazırda paytaxtın avtobus parkının elektrobuslarla təmin edilməsi əsas məqsədlərdən biridir və bunun üçün milli istehsala keçidin sürətlənməsi nəzərdə tutulur. “COP29” ilində Azərbaycanda strateji tələblərdən biri kimi Türkiyədən idxal edilən elektromobillərin sayının artırılmasıdır. Həmçinin ölkəmizdə elektroavtomobil istehsalının stimullaşdırılması məqsədilə starteji plan hazırlanıb və “Azərbaycan İnvestisiya Şirkəti” ilə Çinin “BYD Company Limited”, “SARDA Group” şirkətləri ilə əldə edilmiş razılığa əsasən, “Electrify Azerbaijan” elektrobuslarının istehsalı nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda ildə 150-200 ədəd elektrobus istehsalı planlaşdırılır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” ilə bağlı hədəflər müəyyən edilib. Həmin milli prioritetdən irəli gələrək avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması nəzərdə tutulur. Bu hədəf prinsipi də milli istehsalın artırılmasının nə dərəcədə vacib olmasından xəbər verir. Hökumət vergi və gömrük güzəştlərini idxaldan daha çox yerli istehsala transormasiya etməklə daha böyük fayda götürmüş olar. Belə bir təcrübə üçün uzağa getmək lazım deyil, Türkiyənin elektrosənaye sektorunu öyrənmək lazımdır. Qardaş ölkədə 5 ildir ki, elektrik avtomobillərinin istehsalı üçün böyük vergi güzəştləri tətbiq olunur, 2019-cu ildən başlayaraq 13 il müddətinə elektrik avtomobillərinin istehsalını gəlir vergisi və ƏDV-dən azad edib, habelə idxal olunan texniki avadanlıqlara gömrük vergisi tətbiq olunub, sığorta və digər sosial ödənişlər də tətillər edilib.

Bu baxımdan Azərbaycan özünün elektroavtomobil brendini yarada bilər. Bunun üçün hazırda tam rentabelli potensiala malik Sənaye parklarının, mövcud avtomobil sənayesi müəssisələrinin imkanlarından istifadə etmək mümkündür.

Nəticədə yerli istehsal bazarının formalaşması Azərbaycanın xaricdən elektroavtomobil idxalını azaltmaqla, hər il yüzmilyonlarla dollar vəsaitin ölkədən çıxmasının qarşısı alınmış olar, ən əsası isə idxala xərclənn? böyük vəsaitlər milli istehsala yönəlməklə yerli sənayenin inkişafını sürətləndirə bilər.

Elbrus

Paylaş:
Baxılıb: 907 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30