Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nərimanov rayonu: 2014-cü ilin yekunları statistik göstəricilərdə

Nərimanov rayonu: 2014-cü ilin yekunları statistik göstəricilərdə

24.02.2015 [11:15]

2014-cü ildə ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etmişdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 3 faizə yaxın, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 7 faiz artmışdır.
2014-cü ildə Nərimanov rayonunda inkişaf davam etmişdir. Rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi faktiki qiymətlərlə xidmətlər də daxil olmaqla 2632431,4 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 15,3 faiz təşkil etmişdir. Sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 10766 nəfər təşkil etmiş, orta aylıq əməkhaqqı 12,8 faiz artaraq 515,2 manat olmuşdur. Keçən il ərzində Nərimanov rayonunun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 600201,9 min manat məbləğində investisiya yönəldilmişdir, 535520,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 662756,2 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 42751,9 min manat olmuşdur.Tikinti sahəsində çalışan işçilərin orta siyahı sayı 10721 nəfər olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2971 nəfər azdır.
2014-cü il ərzində nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 84570,4 min manatlıq, rabitə müəssisələri tərəfindən isə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 33362,7 min manatlıq xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi əvvəlki illə müqayisədə 25,2 faiz artaraq 1204,5 mln. manata və iaşə xidmətlərinin həcmi 47,5 faiz artaraq 123,5 mln. manata çatmışdır. Rayon üzrə əmtəə dövriyyəsinin 100 faizi, iaşə xidmətlərinin 99,8 faizi, pullu xidmətlərin isə 90,5 faizi özəl sektor müəssisələrinin payına düşmüşdür.
Yeni iş yerlərinin yaradılması ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, 2014-cü ildə 4206 daimi iş yeri yaradılmışdır. Ümumiyyətlə isə, 1 oktyabr 2003-cü ildən 1 yanvar 2015-ci ilədək rayonda 43011 yeni iş yeri açılmışdır.
Rayon sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş və 2014-cü il ərzində 3 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2014-cü ildə müvafiq işlər görülmüşdür.
Ötən dövr ərzində rayonda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Belə ki, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir.
Birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlər təxirə salınmadan həyata keçirilir. Yeni inşa olunan Olimpiya stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçirilir. İlk növbədə, Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulur, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilir. Səkilər yenidən qurulur, yaşıllıqlar salınır. İşlər yaxın vaxtda başa çatdırıldıqdan sonra Ziya Bünyadov prospekti şəhərimizin ən gözəl prospektlərindən birinə çevriləcək.
Eyni zamanda, Heydər Əliyev prospektində geniş abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. Əraziyə 1000 kubmetr əkin torpağı daşınmış, köhnə ağaclar budanaraq səliqəyə salınmış, 1700 kv. metr sahəyə qazon salınmış, 200 ədəd dekorativ ağac və bəzək kolları əkilmiş, 4 ədəd zeytun əkilmişdir. Əkilmiş 10000 ədəd güllərdən ibarət kompozisiya yaradılmış, bir ədəd su artezian quyusu qazılmış, avtomatik müasir suvarma sistemi quraşdırılmışdır. 900 kv metr səkiyə plitə döşənmiş və səki barduru quraşdırılmış, 50 metr mərmər bardur qoyulmuş, 500 kv.metr divara müasir üzlük (penaplast) quraşdırılmış və rənglənmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Fətəli Xan Xoyski prospekti boyunca (Aşıq Molla Cümə küçəsindən “Gənclik” metrostansiyasına qədər) 500 kv.metr səki barduru qoyulmuş, 800 kv.metr asfalt örtüyü salınmış, əraziyə 3000 kub metr əkin torpağı daşınmış, 6000 kv.metr qazon salınmış, əkilmiş 8000 ədəd güldən ibarət kompozisiya yaradılmış, 40 ədəd leylandra tipli ağaclar əkilmiş, köhnə ağaclar budanaraq səliqəyə salınmış, iki ədəd artezian su quyusu qazılmış, müasir avtomatik suvarma sistemi quraşdırılmışdır.
Azadlıq prospektində (N.Nərimanov küçəsindən Z.Bünyadov prospektinə qədər) yeni parkın salınması işlərinə başlanılmışdır. Sökülmüş binaların yerində salınacaq parkın ərazisinə 6000 kubmetr torpaq daşınaraq hamarlanmış, 5 ədəd binanın fasad hissəsinə müasir üzlük (penaplast) quraşdırılmış, 1 metr hündürlüyündə 300 kv.metr hasar hörülmüş və digər işlər görülmüşdür.
Hazırda Azadlıq, F.X.Xoyski, Z.Bünyadov prospektlərində, K.Rəhimov, Təbriz küçələrində və digər ünvanlarda yerləşən binaların fasad hissələrinin və dam örtüklərinin yenidən qurulması işləri uğurla davam etdirilir.
Qeyd edilən layihələrin həyata keçirilməsi nəticəsində Nərimanov rayonunun siması daha da gözəlləşəcək, sakinlərin yaşayışı və mənalı istirahəti üçün geniş imkanlar yaranacaq.
Rayon statistika şöbəsi sosial-iqtisadi göstəriciləri əks etdirən rəsmi statistika hesabatlarının statistik vahidlər tərəfindən elektron sənəd formasında vaxtında və keyfiyyətli göndərilməsi üçün müəyyən işlər görmüşdür. Hüquqi şəxslərin hesabata cəlb olunması və bu işin məqsədi və əhəmiyyəti barədə onların maarifləndirilməsi üçün mühasibat işçiləri ilə mütəmadi olaraq müşavirələr keçirilmişdir, onlara əməli köməklik göstərilmişdir.
Rayon ərazisində yerləşən müəssisə, cəmiyyət və təşkilatların əksəriyyəti bir qayda olaraq rəsmi statistika hesabatlarını düzgün və vaxtlı-vaxtında təqdim edirlər. “Bakı Şampan Şərabları” ASC, “Bakı Şərab-2” ASC, “MKT-İK” MMC, “Bakelektro” ASC, “Rabitə İnşaat” ATSC, “Turan AP” şirkəti, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “Soyuz Kontrakt Trans” MMC, “Zaman LTD” MMC, “SNT İnşaat” şirkəti, “Raylı” MMC, “Rafa Co” MMC , “ANT İnşaat Təmir Tikinti” MMC, “Az İnşaat” MMC, “Azalsan LTD” MMC, ATS İKF, “Elektroterm” MMC,”Piramida F.R” MMC və s. bu qəbildən olan müəssisə və cəmiyyətlərdir.
2014-cü ildə hesabat intizamı və yeni tətbiq edilmiş rəsmi statistik hesabatları ilə bağlı müəssisə və təşkilatlara məktublar yazılıb. Şöbənin işçiləri tərəfindən hesabat və ya fəaliyyət göstərmədiyi barədə arayış təqdim etməyən hüquqi şəxslərin ünvanlarına da baş çəkilib. Hüquqi və faktiki ünvanları dəyişmiş statistik vahidlərin tapılması üçün digər tədbirlər də həyata keçirilib. Lakin təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi müəssisə və cəmiyyətlər tərəfindən rəsmi statistika hesabatları vaxtında təqdim olunmur.
Rəsmi statistika materiallarının hazırlanması və statistik vahidlərin dövlət registrinin aparılması üçün zəruri məlumatların vaxtında və düzgün təqdim edilməməsinə görə cavabdeh məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmuşlar. Belə ki, 2014-cü il ərzində 26 hüquqi şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə müvafiq olaraq 1565 manat cərimə tətbiq edilib və cərimələrin 1265 manatının Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməsi təmin olunub.
Məlumat üçün hüquqi və fiziki şəxslərin nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 iyun 2014-cü il tarixli, 987-İVQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə cərimə sanksiyası 3 yüz manatdan 7 yüz manatadək müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət orqanlarına təqdim edilməsi Qaydası”nın icrası ilə bağlı müəyyən işlər görülüb. Məlumatları elektron hesabat formasında təqdim etmək istəyən cəmiyyət və təşkilatların ərizələri toplanıb və onlarla müvafiq qaydada müqavilələr bağlanıb. Əsas məqsəd hüquqi və fiziki şəxslərlə əməkdaşlıq əlaqələrinin keyfiyyətinin yaxşılaşdırılması, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılmasına nail olmaqdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 1678 statistik vahid tərəfindən rəsmi statistika hesabatları elektron sənəd formasında təqdim olunur. Hal-hazırda rayon statistika şöbəsi tərəfindən fəaliyyət göstərən digər statistik vahidlərlə bu istiqamətdə işlər davam etdirilir.
Hüsaməddin İsgəndərov
Nərimanov rayon statistika şöbəsinin rəisi

Paylaş:
Baxılıb: 1055 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30