Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakıda bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyinə dair elmi-praktik konfrans keçirilib

Bakıda bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyinə dair elmi-praktik konfrans keçirilib

08.05.2018 [17:12]

Mayın 7-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktik əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində müzakirələr aparmaqdır. Bundan başqa, torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindən olub.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın aktuallığından danışaraq nəzərə çatdırıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas məsələ ölkənin iqtisadi müstəqilliyinə nail olmaq idi. Bu iqtisadi inkişaf yolunun əsasının Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qoyulduğunu vurğulayan akademik 2003-cü ildən etibarən bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Hazırda Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifənin qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq məhsulları idxalını minimuma endirmək, kənd təsərrüfatı məhsulları ixracını artırmaq, əhalinin ərzaq təhlükəsizliyini təmin etmək olduğunu deyən akademik Akif Əlizadə bu məqsədlə ölkə başçısının təşəbbüsü ilə bir sıra proqram və qanunların qəbul edildiyini diqqətə çatdırıb.
AMEA-nın rəhbəri qeyd edib ki, orbitdə milli kosmik peyklər tərəfindən toplanmış məlumatların super kompüter və “BigData” texnologiyalarının dəstəyi ilə intellektual emalı nəticəsində torpaq resurslarından istifadənin optimallaşdırılması, ekoloji vəziyyətinin qiymətləndirilməsi, daha operativ və çevik qərarların qəbulu, kompüter modelləşdirilməsinin köməyilə risklərin proqnozlaşdırılması və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, yer səthində gedən proseslərin çoxtəyinatlı monitorinqinin aparılması alimlər qarşısında yeni vəzifələr qoyur.
Akademik vurğulayıb ki, bu məsələlərin AMEA və Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən multidisiplinar səviyyədə birgə araşdırılması böyük səmərə verə bilər: “Həyata keçiriləcək bu kompleks araşdırmalar nəticəsində ölkədə uğurla yaradılmaqda olan Elektron Azərbaycanın mühüm tərkib hissəsi kimi yüksək intellektual imkanlara malik elektron torpaq infrastrukturu formalaşır. Vətəndaşlara, müvafiq qurumlara etibarlı onlayn xidmətlər göstərilir, dövlətin torpaq siyasəti daha da keyfiyyətli səviyyədə həyata keçirilir”.
Akademik Azərbaycanın kosmosda özünün süni peyklərinin yerləşdirməsinin ərazinin təbii şəraiti və ehtiyatları haqqında müvafiq informasiya bazası yaratmaqla torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaratdığını bildirib. O vurğulayıb ki, “Azərsky” peyki vasitəsilə məkan-məlumat-informasiya strukturunun yaradılmasının Əmlak Məsələləri Dövlət Komitəsinin və AMEA-nın müvafiq institutlarının birgə fəaliyyətinin effektivliyini xeyli artıra bilər.
ƏMDK-nın sədri Kərəm Həsənov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilib. Ümummilli liderin rəhbərliyi ilə torpaqların səmərəli istifadəsinə nəzarətin mükəmməl mexanizmləri formalaşıb, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görülüb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət də Heydər Əliyevin Torpaq Siyasətinin məntiqi davamıdır.
Komitə sədri bildirib ki, hazırda ölkəmizdə elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir. ƏMDK da torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir.
O, ölkədə ilk dəfə Torpaqların Elektron Kadastr Uçotu Sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sisteminin qurulması barədə məlumat verib. Bildirib ki, əldə edilən peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək.
Komitə sədri Torpaqların Elektron Kadastr Uçotu Sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsində AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, gənc alimlərin fəal iştirakının faydalı olacağını bildirib. Elm adamlarının verəcəyi təkliflər, aparacağı təhlillər kadastr uçotu işlərinin daha da sürətlənməsinə, səmərəliliyin artmasına səbəb olacaq.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu öndər Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda uğurla həyata keçirilən aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarından danışıb. Qeyd edib ki, bu konfrans da torpaq idarəçiliyi sahəsində yeni ideyaların, müasir fikirlərin meydana gəlməsinə imkan verəcək.
Daha sonra tədbirdə təqdimatlar və çıxışlar olub. Konfransda AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini, professor Ramiz Quliyev, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov və digər alimlər torpaqların səmərəli istifadəsində aqroiqlim ehtiyatlarının və relyefin nəzərə alınmasının zəruriliyi, Azərbaycanda torpaq ehtiyatlarından istifadənin müasir vəziyyəti, ölkədə aparılan torpaqların elektron kadastr uçotu və digər mövzularda məruzə və təqdimatlarla çıxış ediblər.
Konfransda torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi işi üzrə açıq müsabiqə elan edilib. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktik məsələlərdə istifadə edilməsindən, bu sahədə alim və tədqiqatçıların innovativ məlumat bankının yaradılmasına təkan verməkdən ibarətdir. Qeyd olunub ki, müsabiqənin şərtləri yaxın zamanlarda KİV-də açıqlanacaq.
Sonda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30