Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru

“Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru

07.06.2018 [09:17]

Azərbaycanda müəyyənləşdirilən strateji kursa uyğun olaraq son 15 ildə bütün ölkə boyu müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Nəticədə, ölkənin iqtisadi potensialından daha səmərəli şəkildə istifadə edilməsinə, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaranıb. Bütün ölkə üzrə yaradılan müasir infrastruktur bundan sonra onilliklər ərzində dövlətə və xalqa xidmət göstərəcək.
Azərbaycanda güclü elektrik enerjisi sisteminin möhkəm dayaqları Ulu öndər Heydər Əliyevin böyük səyləri sayəsində yaradılıb
Azərbaycanın yüksək səviyyəli infrastruktur təminatına malik ölkə olmasını respublikadakı dünyanın qabaqcıl təcrübəsi, innovativ yeniliklər əsasında qurulan müasir elektroenergetika təsərrüfatının timsalında da izləmək mümkündür. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, müstəqil Azərbaycan sənayenin, aqrar sektorun və əhalinin elektrik enerjisinə getdikcə artan tələbatını sırf daxili istehsal hesabına ödəyir. Hazırda respublikanın elektroenergetika sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir.
Təbii ki, respublikamızda yüksək səviyyəli elektrik enerjisi istehsalı və ötürülməsi şəbəkəsi heç də, necə deyərlər, sehrli çubuğun sayəsində araya-ərsəyə gəlməyib. Qürur doğuran indiki mərhələyədək uzun yol keçilib və burada xalqımızın Ümummilli lideri Heydər Əliyevin zamanında göstərdiyi böyük səyləri xüsusi vurğulamaq lazımdır. Xalqını böyük məhəbbətlə sevən və iti zəkası ilə zamanı qabaqlamağı bacaran Heydər Əliyev Azərbaycanın gələcəkdə müstəqil yaşaya bilməsi üçün fundamental əsaslar yaradıb. Əgər bu gün Azərbaycan özünü dünyaya müstəqil və öz hesabına yaşayan ləyaqətli dövlət kimi təqdim edə bilirsə, buna görə ilk növbədə Ulu öndər Heydər Əliyevin parlaq ideyalarına borcludur. Ulu öndər 1969-cu ildə keçmiş ittifaqın tərkibində olan Azərbaycanın rəhbərliyinə gələrkən respublikanın enerjiyə olan tələbatı əsasən mərkəzin bölgüsü əsasında ödənilirdi. Mərkəzi hakimiyyət digər milli respublikalarda olduğu kimi, Azərbaycanda da güclü enerji istehsalı sisteminin qurulmasında maraqlı deyildi və hətta müəyyən vasitələrlə buna maneçilik törədirdi.
Elektroenergetika sisteminin iqtisadiyyatın bel sütunu olduğunu yaxşı bilən Heydər Əliyevin istəyi, niyyəti isə tamam fərqli idi. Ulu öndərin milli təəssübkeşliyi onu diktə edirdi ki, Azərbaycanda da güclü, mərkəzdən asılı olmayan enerji istehsalı və təchizatı şəbəkəsi qurulmalıdır, daxili tələbat yerli istehsal hesabına ödənilməlidir. Ulu öndər apardığı təhlillər əsasında belə qənaətdə idi ki, respublikamızda yüksək səviyyəli müstəqil enerji təsərrüfatı sistemini qurmaq üçün bütün resurslar vardır.
Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. Qətiyyətli və müdrik siyasətçi olan Heydər Əliyev keçmiş ittifaqın mərkəzi hakimiyyətini Öz ideyalarına inandırmağa və respublikada generasiya güclərinin yaradılmasına maliyyə vəsaiti ayrılmasına nail oldu. Ulu öndərin böyük səyləri hesabına respublikamızda bir neçə iri enerji istehsalı müəssisəsi tikildi. Qırx il bundan əvvəl istifadəyə verilmiş “Azərbaycan” İES, həmçinin 1971-ci ildə inşa edilmiş “Araz” Su Elektrik Stansiyası, 1982-ci ildə istismara verilmiş “Şəmkir” SES indi də müstəqil dövlətimizin xidmətindədir. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrilmişdi. Sonralar Ulu öndər Azərbaycanın hələ sovet dönəmində özünün enerji müstəqilliyinı təmin etməsini qürurla xatırlayırdı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gəlişindən sonra ölkəmizdə elektroenergetika sisteminin yenilənməsinin, generasiya güclərinin artırılmasının yeni dalğası başladı. Ulu öndər müstəqilliyimizin ilk dövrlərində AXC-”Müsavat” iqtidarının səriştəsizliyi ucbatından ölkənin elektroenergetika təsərrüfatında yaranan geriləməni aradan qaldırmağa, sektora xarici investisiyalar cəlb etməyə və beləliklə də, enerji istehsalı imkanlarının artırılmasına nail oldu. Qısa müddətdə hələ sovet hakimiyyəti illərində inşasına başlanmış 150 MVt gücündə Yenikənd SES-in tikintisi tamamlandı, Bakı İEM-də 2 müasir qaz turbini quraşdırıldı və 107 MVt həcmində yeni generasiya gücü yaradıldı, 400 MVt gücündə “Şimal” elektrik stansiyası inşa edilib işə salındı.
Bütövlükdə, 1993-2003-cü illərdə Ulu öndərin səyləri sayəsində respublikamızda enerji istehsalı təxminən 700 MVt həcmində artırıldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 1996-cı ildə “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti təsis edilib.
Prezident İlham Əliyev qarşıya mühüm tələb qoyub: Enerji istehsalı milli iqtisadiyyatın tələbatını qabaqlamalıdır
Hazırda Azərbaycanda sənayenin və aqrar sektorun güclü inkişafı müşahidə edilir. Eyni zamanda, aparılan uğurlu siyasətin nəticəsi olaraq ölkəmizdə əhalinin sayı artır. Bütün bunlar isə öz növbəsində respublikamızda elektrik enerjisi istehlakının artması deməkdir. Prezident İlham Əliyev qarşıya mühüm tələb qoyub ki, ölkədə yeni generasiya güclərinin yaradılması, enerji istehsalı milli iqtisadiyyatın enerjiyə olan tələbatını qabaqlamalıdır.
Azərbaycanın dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq son 15 ildə ölkənin elektroenergetika potensialının gücləndirilməsi üçün bu sahəyə ardıcıl şəkildə böyük həcmlərdə investisiyalar yönəldilib. Bəhs olunan dövrdə ümumi generasiya gücü 2500 meqavata çatan 30 elektrik stansiyası tikilib. O cümlədən cənub bölgəsində inşa edilən 87 MVt gücündə Astara elektrik stansiyası 3 fevral 2006-cı il tarixində istismara verilib. Bundan sonra 87 MVt gücündə Şəki elektrik stansiyası 14 oktyabr 2006-cı il tarixində işə salınıb. 2006-cı ildə həmçinin Xaçmaz elektrik stansiyasının (87 MVt gücündə), Naxçıvan Muxtar Respublikasında Vayxır su elektrik stansiyasının (5 MVt gücündə), Naxçıvan qaz-turbin elektrik stansiyasının (64 MVt), Naxçıvan elektrik stansiyasının (87 MVt) tikintisi başa çatdırılıb. Sonrakı illərdə 104 MVt gücündə Bakı elektrik stansiyasının, 300 MVt gücündə Səngəçal elektrik stansiyasının, 104 MVt gücündə “Şahdağ” elektrik stansiyasının, 525 MVt gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVt gücündə Biləv su elektrik stansiyasının, 5,6 MVt gücündə Qobustan Hibrid elektrik stansiyasının, 25 MVt gücündə “Şəmkirçay” su elektrik stansiyasının, 780 MVt gücündə “Cənub” elektrik stansiyasının, 25 MVt gücündə “Taxtakörpü” su elektrik stansiyasının və digərlərinin açılışı keçirilib. 2017-ci ildə də “Pirallahı” günəş elektrik stansiyası, “Balakən-1” kiçik su elektrik stansiyası, “Çiçəkli” kiçik su elektrik stansiyası respublikanın elektroenergetika sisteminə daxil edilib, bundan başqa Varvara Su Elektrik Stansiyasının yenidən qurulması işləri yekunlaşdırılıb. Cari ilin fevral ayında isə 424 MVt gücündə Mingəçevir su elektrik stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib.
Yeni generasiya güclərinin yaradılması və ötürücü-paylayıcı şəbəkədə davamlı olaraq görülən işlərin nəticəsində ölkədə elektrik enerjisi istehsalı artıb. 2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib.
Azərbaycanın elektrik enerjisi ixrac edən ölkəyə çevrilməsi qürurverici haldır
Müstəqillik illərində Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib ki, bu da son dərəcə qürurverici haldır. Respublikamızdan ixraca yönəldilən elektrik enerjisinin həcmi ildən-ilə artırılır. 2017-ci ildə Azərbaycandan 1 milyard 160 milyon 196 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Ötən il ixrac olunan elektrik enerjisinin dəyəri 50 milyon 968 min ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 2 dəfəyədək artım deməkdir.
Azərbaycan ölkədən enerji ixracı həcmlərini artırmağı və ixrac coğrafiyasını genişləndirməyi hədəfləyib. Bir qədər bundan əvvəl “Azərenerji” ASC ilə İranın “TAVANİR” Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədə əsasən, təcrid olunmuş (ada rejimində) İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin ixracı həyata keçiriləcək.
Hazırda Azərbaycan qardaş Türkiyənin elektrik enerjisi bazarında önəmli mövqe tutur. Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq bu ölkəyə elektrik enerjisi ixracının artırılması üçün davamlı tədbirlər həyata keçirilir. Cari ildən başlayaraq Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. Türkiyədəki müvafiq infrastruktur vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də danışıqlara başlanılıb.
Ölkəmizin ərazisindən keçməklə yaradılan enerji dəhlizlərinin önəmi də xüsusi qeyd edilməlidir. Hazırda “Şimal-Cənub” enerji dəhlizinin yaradılması məqsədilə Azərbaycan-İran-Rusiya, “Şərq-Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində intensiv işlər aparılır.
Yeni generasiya güclərinin yaradılması siyasəti perspektivdə də davam etdiriləcək
Ölkədə yeni generasiya güclərinin yaradılması və dayanıqlı, yüksəkkeyfiyyətli enerji təchizatı sisteminin qurulması ilə bağlı perspektiv planlar da kifayət qədər genişdir. 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan “Astara-1”, “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.
Perspektivdə sənaye mərkəzi kimi Bakının və bütövlükdə Abşeron yarımadasının artan tələbatına uyğun elektrik təchizatı infrastrukturunun yaradılması hədəflənib. Bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2018-2020-ci illərdə Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın inşası haqqında” 7 aprel 2017-ci il tarixli sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bəhs olunan yarımstansiyaların, onları qidalandıran və Bakı şəhərinin yerli paylayıcı şəbəkələri ilə birləşdirən elektrik verilişi xətlərinin cari ildə inşasına başlanması planlaşdırılıb. Bütövlükdə, yönəldiləcək investisiyalar hesabına mövcud istehsal gücünün 2020-ci ilədək 20 faizədək artacağı gözlənilir.
Mübariz ABDULLAYEV
“Azərenerji” Açıq Səhmdar
Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 871 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30