Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçilir

Azərbaycanda 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçilir

01.05.2019 [09:24]

Respublikada yeni sosial-iqtisadi model bu günədək yaradılmış baza əsasında, həyata keçirilən islahatların davamı olaraq tətbiq edilir
Yeni şəraitdə Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə milli iqtisadiyyatın inkişafını, rəqabətqabiliyyətliliyinin artmasını bundan sonra da təmin etməkdən və bu əsasda yaranacaq yeni imkanlar hesabına ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilən tədbirlərin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Bütün bunlar kifayət qədər ciddi və əhatəli məqsədlərdir. Ölkəmiz özünün hədəflərinə çatmaqdan ötrü daxili potensialını, qlobal çağırışları və müsbət beynəlxalq təcrübəni nəzərə alaraq yeni inkişaf modeli müəyyənləşdirib. Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçilməsinin anonsu verilib.
Yeni sosial-iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır
Son 15 ildə bütün dünyada öz iqtisadi potensialını Azərbaycan qədər artıran ölkələrin sayı çox azdır. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi sayəsində milli iqtisadiyyatımızın davamlı inkişafı üçün bütün şərtlər təmin edilib. Belə məqsədyönlü və prinsipial yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bu gün Azərbaycan iqtisadiyyatı heç bir kənar gücdən və yaxud kənar maliyyə mənbəyindən, kredit təşkilatlarından asılı deyil. Əksinə, özünün güclü iqtisadiyyatına əsaslanan respublikamız ölkə hüdudlarından kənarda genişmiqyaslı investisiya qoyuluşu həyata keçirir. Hazırda respublikamız Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkədir. Təsadüfi deyil ki, Azərbaycan regionda reallaşdırılan bütün irimiqyaslı layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edir.
Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizin inkişafı davamlı səciyyə daşıyır. Respublikamız inamlı inkişaf dinamikasını 2019-cu ilin birinci rübündə də qoruyub saxlayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində respublikamızın cari ilin birinci rübündə də uğurlu sosial-iqtisadi inkişaf göstəricilərinə nail olmasını xüsusi diqqətə çatdırıb. Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu bildirib.
Azərbaycanın beynəlxalq səviyyədə də etiraf olunan uğurlarının təməlində Prezident İlham Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi məqsədyönlü siyasət dayanır. Qeyd etdiyimiz kimi, respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu baxımdan dövlət başçısının iradəsi ilə reallaşdırılan islahatların önəmini xüsusi vurğulamaq lazımdır. Aparılan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar ölkədə başlanan və yaxşı perspektiv vəd edən islahatların həyata keçirilməsinə möhkəm hüquqi əsaslar yaradır. Bu baxımdan Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. 2019-cu ilin əvvəlindən isə respublikamızda daha çevik və daha səmərəli idarəetmə mexanizminin qurulmasına hesablanan struktur islahatları geniş vüsət alıb.
Nazirlər Kabinetinin bəhs olunan iclasında anons edilən yeni sosial-iqtisadi model bu günədək yaradılmış baza əsasında, həyata keçirilən islahatların davamı olaraq tətbiq edilir. Dövlət başçısının Sədrliyi ilə keçirilən iclasda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə Strateji yol xəritələri ilə bağlı görülmüş işlərin icra vəziyyəti təhlil edilib, milli iqtisadiyyatın perspektivi ilə bağlı müzakirələr aparılıb. Bütövlükdə, yeni sosial-iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini, əlverişli biznes mühitinin inkişaf etdirliməsini nəzərdə tutur.
Kənd təsərrüfatı sahəsində yeni islahatlar kursu elan olunub
Respublikamızda böyük potensiala malik kənd təsərrüfatının intensiv yolla inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub. Dövlət aqrar sektorda istehsal imkanlarının artırılmasına həm siyasi, həm də maddi cəhətdən güclü dəstək göstərir. Ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün bölgələr üzrə kənd təsərrüfatının inkişafına hesablanan məqsədyönlü tədbirlər həyata keçirilib. Fermerlər onlara göstərilən müxtəlif dəstək tədbirlərindən, həmçinin regionlarda dövlət əsaslı investisiya qoyuluşu hesabına yaradılan müasir infrastrukturdan bəhrələnərək böyük fəallıq nümayiş etdirirlər.
Öz növbəsində respublikamızda aqrar sektorun inkişafına yönələn tədbirlər müsbət nəticələr verir. Sevindirici haldır ki, respublikamızda bir sıra ərzaq məhsullarına olan tələbat sırf daxili istehsal hesabına təmin olunur. Eyni zamanda, aqrar sektorda ixrac imkanları əhəmiyyətli dərəcədə genişlənib. Ötən il ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz artıb. Son bir ildə pomidor ixracı ölkəmizə 177 milyon, xurma ixracı 114 milyon, pambıq və pambıq məmulatları ixracı 108 milyon, fındıq ixracı 100 milyon dollar, alma ixracı 38 milyon dollar valyuta qazandırıb.
Aqrar sahədə mövcud potensial isə daha genişdir. Buna görə də kənd təsərrüfatı sahəsində yeni islahat kursu elan olunub. Məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün intitusional potensialın gücləndirilməsi, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin artırılması, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılmasıdır. Bu məqsədlər üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın tətbiqi ilə bağlı hüquqi və institusional tədbirlər görülməsi, ixracın çeşidinin artırılması və bazarların diversifikasiyası və s. addımların atılması nəzərdə tutulur.
Tibbi sığorta sahəsində islahatlar əhalinin səhiyyə xidmətlərinə daha yüksək əlçatanlığını təmin edəcək
Sosial dövlət olan Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, son 15 ildə bütün ölkə boyu yeni müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, mövcud olan çoxlu sayda tibb müəssisələri isə əsaslı şəkildə yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilib. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanın tibb müəssisələrində pasiyentlərə ən yüksək səviyyədə xidmətlər göstərilir. Son bir neçə ildə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublika miqyasında əhalinin pulsuz tibbi müayinəsi də uğurla aparılır.
Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri isə ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir. İcbari tibbi sığortanın tətbiqi bu əlçatanlığı təmin etmək, tibbi xidmətlərin keyfiyyətini və əhatə dairəsini genişləndirmək məqsədi güdür. Qeyd edək ki, hazırda respublikamızın ayrı-ayrı şəhər və rayonlarında tibbi sığortanın tətbiqi üzrə pilot layihələr reallaşdırılır və nəticələr uğurludur. Gələcəkdə Azərbaycan əhalisinin bütün təbəqələri - həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunan şərtlər daxilində ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər. Qeyd etmək yerinə düşər ki, səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunədir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 915 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30