Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Həyata keçirilən infrastruktur layihələri ölkədə biznes şəraitini daha da yaxşılaşdırır

Həyata keçirilən infrastruktur layihələri ölkədə biznes şəraitini daha da yaxşılaşdırır

29.06.2019 [10:34]

Prezident İlham Əliyev: Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var
Yeni şəraitdə Azərbaycan milli iqtisadiyyatda ağırlıq mərkəzinin tədricən neftdənkənar sektora ötürülməsini təmin etməyi, o cümlədən də özəl bölmədə istehsal imkanlarını artırmağı hədəfləyib. Respublikamız bu sahədə də praqmatik yanaşma ortaya qoyur. Belə ki, ölkəmizdə liberal iqtisadiyyatın inkişafı ciddi şəkildə təşviq edilir - dövlət bu sahəyə həm güclü siyasi dəstək göstərir, qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilir, həm də özəl sektorun maliyyə təminatı möhkəmləndirilir, bütün ölkə üzrə sahibkarların iqtisadi proseslərə daha aktiv şəkildə qoşulmalarına hesablanan layihələr reallaşdırılır. Başqa sözlə desək, milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında yer alır və bu məqsədlə praktiki müstəvidə münbit zəmin yaradılması davamlı olaraq diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə yaradılan infrastruktur onilliklər boyu Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək
Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində respublikamızda çox gözəl biznes mühitinin formalaşması məmnunluq doğurur. Azərbaycanda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq lazımdır. Son 16 ildə müstəqil Azərbaycanın həyatı digər müsbət reallıqlarla yanaşı, həm də müasir infrastruktur quruculuğu ilə səciyyələnib. Qürur hissi ilə deyə bilərik ki, bu gün respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektləri bundan sonra onilliklər boyu Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək.
Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyır. Belə ki, bu sahəyə yönəldilən dövlət əsaslı vəsait qoyuluşu ilbəil artır ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni infrastruktur layihələrinin uğurlu icrası təmin olunur.
Son 16 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda böyük iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğuna yaxşı nümunədir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Bunun nəticəsi olaraq respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Hazırda respublikamızda generasiya güclərinin artırılmasına və enerji təchizatının dayanıqlığının təmin olunmasına hesablanan yeni layihələrin reallaşdırılması istiqamətində intensiv iş aparılır. Cari ildə ölkədə həm yeni generasiya güclərinin yaradılmasına, həm də ötürücü xətlərin, yarımstansiyaların tam dayanıqlılığını təmin etməyə lazımi qədər vəsait ayrılması nəzərdə tutulub. 2019-cu ildə ölkəmizdə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi də planlaşdırılıb.
Bütün respublika boyu aparılan müasir infrastruktur quruculuğu həmçinin yaşayış məntəqələrinin qazlaşdırılmasında öz əksini tapıb. Son 16 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətəlayiq haldır. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır. Uğurla həyata keçirilən layihələr sayəsində respublikamızda qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Aparılan işlərin nəticəsidir ki, təkcə 2018-ci ildə ölkə üzrə 41 798 yeni abonent qeydiyyata alınıb.
Son illərdə respublikamızda həmçinin böyük iqtisadi və sosial əhəmiyyət daşıyan su layihələrinin icrası da uğurla təmin edilir. Bura həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Ötən 16 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə respublika üzrə əhalinin yüksək keyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb.
Respublikanın regionlarında hazırda istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün uğurla reallaşdırılan layihələrin statistikası da kifayət qədər zəngindir. Son 16 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda bildirilir ki, son 16 ildə bu sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb və maddi-texniki baza xeyli yaxşılaşdırılıb. Ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edən Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları istifadəyə verilib, 4,1 min kilometr suvarma kanalları və 2,7 min kilometr kollektor-drenaj şəbəkələri tikilib və təmir-bərpa edilib, 2230-dan çox subartezian quyusu qazılıb. Həmçinin sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumunda söylədiyi nitqində ölkədə yaradılan müasir infrastrukturun sosial və iqtisadi önəminə, o cümlədən də sahibkarların fəaliyyəti üçün geniş imkanlar açdığına diqqət çərərək vurğulayıb: “Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir. Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı aparılan bütün bu işlər, o cümlədən biznes üçün gözəl şərait yaradır”.
Respublikamızda özəl sektorun dinamik inkişafında bütün ölkə boyunca yol-nəqliyyat və logistika infrastrukturunun yenilənməsinin önəmini ayrıca vurğulamaq lazımdır. “Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz”, - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Hazırda ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Əlamətdar haldır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb.
Əlverişli şəraitdən bəhrələnən sahibkarlar müxtəlif sahələrə investisiya qoyuluşunu artırmağa böyük maraq göstərirlər
Müasir infrastrukturun yaradılması respublikamızda iqtisadi aktivliyin artmasına, o cümlədən də sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına hədəflənən tədbirlərin yalnız bir istiqamətidir. Əslində isə milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması, biznes mühitinin getdikcə daha da optimallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin əhatə dairəsi daha genişdir. Prezident İlham Əliyev ölkəmizdə əlverişli biznes mühitinin mövcud olmasından məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var.
İlk növbədə onu vurğulamaq lazımdır ki, yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, özəl sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür.
Respublikamızda sahibkarlığın inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, səmərəli təşviq mexanizmlərinin işə salınması və digər siyasi dəstək tədbirləri ilə yanaşı, maddi dəstəyin də miqyası mütəmadi qaydada artırılır. Ölkəmizdə 2004-cü ildən bəri investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. O cümlədən 2018-ci ildə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. 2019-cu ilin sonunadək sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun verdiyi məlumata əsasən, cari ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan verir. Bu məqamda vurğulamaq yerinə düşər ki, yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.
Respublikamızda biznes mühitinin optimallaşdırılmasına hesablanan islahatların böyük bir qismi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi müvafiq icmaldan bəlli olur ki, respublikamızda “Doing Business”in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib. Tətbiq olunan yeni sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər, ASAN imza olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin ƏƏSMN-də qeydiyyatı da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür.
Ölkədə biznes mühitinin daha da optimallaşdırılması məqsədilə görülən tədbirlərdən biri də elektrik təchizatı şəbəkələrinə qoşulmanın asanlaşdırılması ilə bağlıdır. Bəhs olunan istiqamət üzrə aparılan islahatlar sayəsində elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, həmin işə sərf olunan günlərin sayı 41-dən 20-yə enib. Nəticədə sahibkarların şəbəkəyə qoşulmaq üçün müraciət imkanları artıb. İndi onlar şəbəkəyə qoşulmaq üçün “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, “KOB evləri”nə də müraciət edə bilərlər. Bundan əlavə, elektrik təchizatı şəbəkələrinə daha da təkmilləşdirilmiş elektron müraciət əsasında qoşulmaq mümkündür. Həmin sahədə həyata keçirilən islahatların bir üstünlüyü də odur ki, sahibkarlarla təmas minimuma endirilib, şəbəkəyə qoşulma ilə əlaqədar sahibkarın iştirakı bir dəfə müraciət zamanı, bir dəfə də yekunda tikinti obyektinə elektrik enerjisinin verilməsi zamanı tələb olunur. “Elektron Xəritə” vasitəsi ilə sahibkarın obyektinin, güc mərkəzlərinin yeri və həmin mərkəzlərdə sərbəst güc səviyyəsi əraziyə baxış olmadan avtomatik onlayn qaydada müəyyən olunur.
Hazırda Azərbaycan bütün dünyada investisiya cəlbediciliyi yüksək olan ölkə kimi tanınır. İslahatlar çərçivəsində səmərəli investisiya təşviqi mexanizminin işə salınması yerli və xarici sərmayədarlarda ölkədə reallaşdırılan layihələrdə iştirak etməyə böyük maraq oyadıb. Yeri gəlmişkən, Azərbaycanın Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında layiq görüldüyü ən yüksək pillə - 2-ci yer və aldığı 81,67 bal kiçik investorların maraqlarının qorunması sahəsi üzrədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamızda sərmayə qoyuluşu üçün əlverişli mühitin olduğuna diqqət çəkərək “Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk”, - deyə vurğulayıb.
Respublikamızda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açarkən İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin respublikanın bölgələrində reallaşdırdığı “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramının önəmini də vurğulamaq lazımdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ölkə üzrə sahibkarlara zəruri səyyar xidmətlər göstərir. Bu xidmətlər qurumun nəzdində yaradılan “KOB Evləri”, “KOB Dostu” şəbəkəsi və “KOB Könüllüləri” vasitəsilə reallaşdırılır. Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Qurum rəsmisinin dediyinə görə, ölkədə “KOB Dostu” şəbəkəsinin yaradılmasına 2018-ci ilin sentyabr ayından başlanıb. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. “KOB Dostu” həmişə sahibkarların yanında olacaq və onlara lazımi köməklik göstərəcək. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında yaradılan “KOB Dostu” şəbəkəsi uğurla fəaliyyət göstərir.
Ölkədəki belə əlverişli şəraitdən bəhrələnən sahibkarlar müxtəlif sahələrə investisiya qoyuluşunu artırmağa böyük maraq göstərirlər. Özəl bölməni təmsil edən investorlar həm sənaye sektoruna, həm də kənd təsərrüfatına böyük həcmlərdə sərmayələr yönəldirlər. Qeyd edək ki, son 16 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə aparılan islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Əlamətdar haldır ki, respublikamızda özəl bölmənin dinamik inkişafını təmin etmək məqsədilə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu baxımdan Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatı xüsusilə xarakterikdir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan biznes forumundakı nitqində Dünya Bankının öz hesabatında Azərbaycanı dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil etməsini yüksək dəyərləndirərək deyib: “Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır”.
Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 993 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30