Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sənaye parklarının yaradılması Azərbaycanda sənayenin inkişafına güclü təkan verir

Sənaye parklarının yaradılması Azərbaycanda sənayenin inkişafına güclü təkan verir

30.08.2019 [09:29]

Prezident İlham Əliyev: Biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək
Hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Yeni şəraitdə Azərbaycan iqtisadiyyatında ən yaxşı inkişaf göstəriciləri məhz sənaye sektorunda qeydə alınır. Xüsusilə də, ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur. Bütövlükdə, son illərdə ölkədə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və Azərbaycan üçün ənənəvi olan digər sənaye sahələri genişlənib, həmçinin yeni sənaye sahələri də formalaşıb. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvünə çevrilməsi, xarici bazarlara ənənəvi mallarla yanaşı, yüksək rəqabət qabiliyyətinə malik hərbi təyinatlı məhsullar çıxartması son dərəcə qürurverici haldır. Prezident İlham Əliyev 2019-cu il mayın 16-da Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılış mərasimindən sonra zavodun kollektivi ilə görüşdəki çıxışında respublikamızda sənayeləşmə siyasətinin uğurla getdiyindən məmnunluq ifadə edərək bildirib ki, ölkəmizdə sənaye istehsalı artır. “Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür”, - deyə dövlət başçısı vurğulayıb.
Sumqayıt Kimya Sənaye Parkına yönəldilən investisiyaların həcmi 3 milyard dollara çatdırılacaq
İnnovativ əsaslı iqtisadiyyat quruculuğunu hədəfləyən Azərbaycan özünün sənayeləşmə siyasətində qabaqcıl dünya təcrübəsinə istinad edir. Bu baxımdan ölkəmizdə yüksək infrastruktur təminatına malik sənaye parklarının yaradılması təqdirəlayiq haldır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parklarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışaraq yeni istehsalatların yaradılmasına məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev son vaxtlarda ölkədə yaradılmış 9 sənaye parkı və məhəllələri haqqında qısa məlumat verib. İqtisadiyyat Nazirliyinin rəsmisinin məlumatına əsasən, indiyədək sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Bəhs olunan layihələrin icrası nəticəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtgü yağları, xortumlar və fitinqlər, kabellər, polimer məmulatlar, texniki qazlar, aliminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir.
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Sənaye parkında qeydə alınan rezidentlərin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır ki, bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Prezident İlham Əliyev fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışından sonra kollektivlə görüşdəki çıxışında diqqəti parkın üstünlüklərinə çəkərək “Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik”, - deyə vurğulayıb.
Hazırda Sumqayıt Kimya Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Burada fəaliyyət göstərən “Azertexnolayn” MMC-də Türkiyə, Almaniya və Çin texnologiyası əsasında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir. Parkın rezidentlərindən biri olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. 2017-ci ilin dekabr ayında fəaliyyətə başlayan müəssisədə il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksəkkeyfiyyətli sürtgü yağlarının istehsalı nəzərdə tutulub. “MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ABŞ-ın Parker texnologiyası əsasında yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı üzrə ixtisaslaşıb. Parkın ərazisində 2018-ci ilin aprelindən elektron təhsil avadanlıqları istehsal edən “Labdisc Azərbaycan” MMC, noyabr ayından şüşə və saxsı məmulatlar istehsal edən “ARCHİ Glass” MMC fəaliyyət göstərir. Parkın ərazisində əlvan metallar və ferroərintilər zavodu, “Tabaterra” tütün məmulatları istehsalı fabriki yaradılıb. Buradakı inşaat kimyəviləri zavodu İsveçrə və Türkiyə texnologiyaları əsasında qurulub. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. 2019-cu ilin sonunadək parkın ərazisində daha 5 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşdəki çıxışında Sumqayıt Kimya Sənaye Parkını şəhər içində sənaye şəhəri kimi səciyyələndirərək deyib: “Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 milyard dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 milyard dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək”.
Sənayemizin istehsal və ixrac imkanlarının genişlənməsində 2019-cu ildə istifadəyə verilən yeni müəssisələrin böyük rolu var
Yuxarıda da vurğuladığımız kimi, respublikamızın sənaye xəritəsi daim yeni müəssisələr hesabına zənginləşir. Təkcə 2019-cu ilin birinci yarısında ölkəmizdə “SOCAR Karbamid”, “SOCAR Polymer” kimi nəhəng istehsalatlar işə salınıb. İstifadəyə verilən yeni müasir müəssisələr qeyri-neft sənayesində istehsal və ixrac imkanlarının artmasında böyük rola malikdirlər. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı yeni istehsalatların üstünlüklərinə diqqət çəkərək bildirib: “Son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür”.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihə çərçivəsində növbəti müəssisə - yüksəksıxlıqlı polietilen zavodu 2019-cu il fevralın 18-də işə salınıb. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq. Sumqayıt Kimya Sənaye Parkının ərazisində cari ilin əvvəlində istifadəyə verilən “SOCAR Karbamid” zavodu da geniş istehsal imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR Karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Yuxarıda bəhs olunan “Diamed” şpris istehsalı zavodu Pirallahı Sənaye Parkının ərazisində 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan “Diamed Co” MMC tərəfindən inşa edilib. Müəssisənin illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Qeyd edək ki, iki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə, Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 930 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30