Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni generasiya güclərinin yaradılması Azərbaycanın enerji müstəqilliyini təmin edib

Yeni generasiya güclərinin yaradılması Azərbaycanın enerji müstəqilliyini təmin edib

01.07.2020 [09:52]

Prezident İlham Əliyev: Bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq
Azərbaycanda ölkənin enerji müstəqilliyinin daha da möhkəmləndirilməsinə, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə getdikcə artan tələbatının etibarlı şəkildə ödənilməsinə hesablanan daha bir mühüm layihənin icrası uğurla yekunlaşıb. Söhbət “Azərbaycan” İstilik Elektrik Stansiyasında əsaslı yenidənqurma işlərinin başa çatmasından gedir.
Xəbər verildiyi kimi, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə iyunun 25-də istifadəyə verilib. Prezident İlham Əliyev stansiyanın ərazisini gəzərək burada aparılan əsaslı yenidənqurma işlərindən məmnunluğunu bildirib. Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında “Azərbaycan” İstilik Elektrik Stansiyasının tarixindən bəhs edib, onun bu gün də respublikamızın enerji müstəqilliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
“Azərbaycan” İstilik Elektrik Stansiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə respublikamızın iqtisadi müstəqilliyinin möhkəm əsaslarının yaradılmasını daim diqqət mərkəzində saxlayıb. Məlum olduğu kimi 1969-cu ilə qədər Azərbaycan keçmiş İttifaqın geridə qalmış aqrar respublikalarından biri idi. Lakin 1969-ci ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra bütün sahələrdə mühüm addımlar atıldı. Mmüdrik və qətiyyətli siyasətçi olan Heydər Əliyev tezliklə vəziyyəti dəyişməyə nail oldu - respublikanı sənaye inkişafına yönəltdi.
Ulu Öndərin ən böyük xidmətlərindən biri də Onun Azərbaycanın gələcəyini düşünərək respublikamızda yeni generasiya güclərinin yaradılmasına nail olması idi. “Azərbaycan” İstilik Elektrik Stansiyası da bu sırada yer alır. Prezident İlham Əliyevin bəhs olunan açılış mərasimindəki çıxışında bildirdiyi kimi, Mingəçevirdə İstilik Elektrik Stansiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi.
Beləliklə, tikintisinə 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu - 8-ci blok isə 1990-cı ildə istismara verilib. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan “Azərbaycan” İES elə o vaxtdan respublikanın elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Xüsusilə müstəqilliyimizin ilk illərində bu stansiya respublikamız üçün müstəsna əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayırdı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Dövlətimizin başçısı Ulu Öndərin təşəbbüsü və çox böyük səyləri ilə “Azərbaycan” İES-nın tikintisini tarixi hadisə kimi səciyyələndirərək vurğulayıb: “Əlbəttə bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və Onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, Onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı”.
Ulu Öndər keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin respublika üzrə elektrik şəbəkəsinin dayanıqlılığının möhkəmləndirilməsinə böyük diqqət göstərirdi. Həmin illərdə 330 kV-luq “Şirvan İES-Ağdam-Gəncə-Ağstafa”, “Şirvan İES-Yaşma-Dərbənd”, 220 kV-luq iki “Şirvan-Xırdalan” yüksək gərginlikli xətləri, həmçinin 330 kV-luq “Yaşma”, “Gəncə” və “Ağstafa” qovşaq yarımstansiyaları inşa edilib. “Azərbaycan” İES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı olmuş, nəticədə 500 kV-luq 1-ci və 2-ci “Abşeron”, 330 kV-luq 4-cü və 5-ci “Mingəçevir” və s. elektrik verilişi xətləri çəkilib, həmçinin 500 kV-luq “Abşeron”, 330 kV-luq “İmişli”, 220 kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verilib.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra respublikamızın enerji sisteminin möhkəmlənməsinə Özünün yeni töhfələrini verib. Onun böyük səyləri sayəsində bir sıra köhnə elektrik stansiyaları yenidən qurulub və yeniləri inşa edilib. Hələ sovet hakimiyyəti illərində inşasına başlanmış 150 MVt gücündə Yenikənd SES-in tikintisinin yekunlaşdırılması, Bakı İEM-də 2 müasir qaz turbininin quraşdırılması və 107 MVt həcmində yeni generasiya gücünün yaradılması, 400 MVt gücündə “Şimal” ES-in inşa edilib işə salınması məhz Ulu Öndər Heydər Əliyevin məqsədyönlü səylərinin nəticəsində mümkün olub. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə 700 MVt-dan artıq yeni generasiya gücü yaradılıb ki, bu da kifayət qədər böyük həcmdir.
Son 16 il ərzində Azərbaycanda 30 elektrik stansiyası istifadəyə verilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil respublikamızın enerji sisteminin möhkəmləndirilməsi istiqamətində əsasını qoyduğu işlər son 16 ildə uğurla davam etdirilib. Enerji sistemini hər bir ölkənin döyünən ürəyi, əsas motoru kimi səciyyələndirən Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Son 16 ildə dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq enerji sisteminin dayanıqlılığının artırılmasına böyük həcmlərdə investisiyalar yönəldilib. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Həyata keçirilən layihələrin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan daxili istehsal hesabına özünü elektrik enerjisi ilə tam təmin edir, hətta ölkəmizin bu sahədə müəyyən ixrac imkanları da yaranıb. Bu gün respublikamız 3 xarici ölkəyə elektrik enerjisi ixrac edir. Azərbaycanın qısa müddətdə özünün enerji müstəqilliyini təmin etməsi və elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi qürurverici haldır. 2003-cü ildən bəri respublikamızda generasiya güclərinin davamlı şəkildə artırılmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir və onların arasında böyük stansiyaları xüsusilə qeyd etmək istərdim - “Cənub” təxminən 800 meqavat, “Səngəçal” 300 meqavatdan çox, “Sumqayıt” 525 meqavat, “Şimal-2” 400 meqavat, ondan əvvəl “Şimal-1” 400 meqavat. Bütün bunlar son illərdə tikilmiş stansiyalardır”.
Bəhs olunan çıxışında Prezident İlham Əliyev 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzaya da münasibət bildirib. Dövlət başçımız stansiyada qəzanın məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş verdiyini vurğulayıb. Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlət başçısı Özünün zəruri göstərişlərini verib, kadr dəyişikliyi aparılıb. Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq belə idi ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. Xatırladaq ki, o vaxt 800 meqavat generasiya gücü itirilmişdi - stansiya cəmi 1600 meqavatla işləyirdi. Generasiya gücü yavaş-yavaş itirilirdi. Hətta belə bir fikir də formalaşmışdı ki, stansiyanın təmiri mümkün deyil, o sökülüb yenidən tikilməlidir. Ancaq artıq bütün bu kimi tərəddüdlü yanaşmalar arxada qalıb. Zaman dövlət başçımızın siyasi iradəsi əsasında verilən qərarın ən doğru qərar olduğunu təsdiqlədi. Stansiyanın yenidən qurulması istiqamətində görülən işləri yüksək dəyərləndirdiyini nəzərə çatdıran Prezident İlham Əliyev “Ona görə mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də, 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq”, - deyə vurğulayıb.
Paralel şəkildə ölkə üzrə paylayıcı şəbəkədə böyük işlər görülür - elektrik xətləri yenilənir, yarımstansiyalar tikilir, idarəetmənin və xidmətin səviyyəsi yüksəldilir. Hazırda respublikamızı bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər birləşdirir. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, respublikamızdakı bütün elektrik stansiyaları sırf daxili resurslar hesabına fəaliyyət göstərir. Bu, Azərbaycanın böyük üstünlüyüdür. Yanacaq-enerji balansının respublikamız qədər mükəmməl təmin olunduğu ölkələrin sayı çox azdır. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsi isə idxal edilir. Azərbaycan isə özünün iqtisadi-enerji müstəqilliyini tam təmin edib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30