Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Müstəqillik tariximizin ən böyük büdcəsi

Müstəqillik tariximizin ən böyük büdcəsi

28.10.2022 [10:11]

Mübariz FEYİZLİ

Artıq gələn ilin dövlət büdcəsi layihəsinin müzakirələrinə start verilib. Bu günlərdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Sənəddən görünür ki, 2023-ci il büdcəsinin layihəsində ölkəmizin güclü iqtisadi potensialı, həmçinin dövlət siyasətinin prioritetləri, indiki strateji dövrün yeni çağırışları nəzərə alınıb.

Bir ildə 5,2 faiz artım

Son bir ildə mənfi xarici amillərə baxmayaraq, Azərbaycan iqtisadiyyatında müsbət proseslər davam edib. Milli iqtisadiyyatımızda qlobal pandemiyadan sonrakı bərpa dövrü artıq arxada qalıb və inkişaf meyilləri artıb. Respublikamızda Prezident İlham Əliyevin zamanında iqtisadiyyatın şaxələndirilməsi məqsədilə aldığı mühüm qərarlar və aparılan yeni nəsil islahatlar öz müsbət nəticəsini verir. Belə ki, neftdənkənar iqtisadiyyat üzrə daha yüksək artım dinamikası müşahidə edilir. Bunun nəticəsində büdcə gəlirlərinin artması üçün yeni imkanlar yaranıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Azərbaycan”a bildirilib ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, müstəqillik tariximizdə ən yüksək göstərici olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz artım deməkdir. 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin strukturunda qeyri-neft sektoru üzrə gəlirlər 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Layihədə əksini tapan rəqəmlərdən aydın olur ki, növbəti ildə xərclər də adekvat qaydada artacaq. Sənədə əsasən, 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur.

Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur. Bu, 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Əsas xərc istiqamətləri

Büdcə layihəsində ölkəmizin 2030-cu ilədək olan strateji mərhələ üçün müəyyənləşdirilən prioritetlərinə uyğun olaraq xərc istiqamətləri də öz əksini tapıb. İndiki mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizin gündəliyində duran 5 prioritetdən biridir. Böyük Qayıdışın layiqli şəkildə təmin edilməsi üçün postmüharibə mərhələsində bəhs olunan ərazilərdə intensiv şəkildə zəruri infrastruktur qurulur, müasir yanaşmalar konsepti əsasında şəhər və kəndlər salınır. Artıq ilk “ağıllı kənd” layihəsinin icrası tamamlanıb və ora sakinlər köçürülüb. Eyni zamanda, bir neçə şəhərin bərpa layihəsi təqdim olunub. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətlərdə layihələrin icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Layihələrin icrası növbəti ildə də davam etdiriləcək. İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması planlaşdırılıb. Bu, 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Gələn ilin büdcə layihəsində digər bir mühüm xərc istiqaməti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritet hədəflərdən biri kimi müəyyənləşdirlməsi də təsadüfi deyildir. Müharibə başa çatsa da, məğlub Ermənistanın silahlı qüvvələri iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlar törətməkdə davam edirlər. Eyni zamanda, bu ölkədə hakimiyyətdə və müxalifətdə olan ayrı-ayrı qüvvələr revanşist fikirlər səsləndirirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın güclü və yenilməz “Dəmir yumruq”u daim yerində və hazır olmalıdır.

Azərbaycan özünün dərinməzmunlu sosial siyasətinə gələn ildə də sadiq qalacaq. Bunu büdcə layihəsindən də görmək mümkündür. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönümlü olaraq proqnozlaşdırılıb. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur. Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artırılaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır.

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32 faiz çoxdur.

Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30