Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İdarəetmənin yeni modeli

İdarəetmənin yeni modeli

12.04.2023 [10:54]

Mübariz FEYİZLİ

Son illərdə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar bütün strateji sahələri əhatə edir. O cümlədən ölkəmizdə idarəetmə sistemi də islahatlardan kənarda qalmır. Aprelin 10-da Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi barədə Fərman imzalayıb. Sənədə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunacaq.
Digər yerli icra orqanları rəhbərlərinin müavinləri müvafiq yerli icra hakimiyyətlərinin başçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla təyin olunacaq. Bəhs olunan dəyişikliklər, ölkənin idarəetmə sistemində atılan növbəti addımdır.

Paralel aparılan idarəetmə və kadr islahatları

Bütün sahələrdə inkişafın yüksək səviyyəsinə çatan Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ölkəmizin siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən bu siyasətdə yeni çağrışlar mütləq nəzərə alınır. Zaman ötdükcə qarşıya yeni tələblər çıxır. Köhnə strukturla bu günün tələblərini qarşılamaq əsla mümkün deyil. İslahatlarla yenilənən idarəetmə strukturu isə ölkənin müasirləşmə xəttinə adekvatdır və dəyişikliklərə, inkişafa güclü impuls verir.

Eyni zamanda, idarəetmənin yenilənməsi cəmiyyətin sosial sifarişidir. Açıq deyək, müxtəlif icra strukturlarının fəaliyyəti heç də qənaətbəxş deyil və narazılıqlara yol açır. Bir sıra hallarda yerlərdə süründürməçilik, rüşvətxorluq, məmurların səlahiyyət hədlərini aşmaları, digər belə neqativ hallar müşahidə edilir. Bu gün paytaxtda və regionlarda ayrı-ayrı icra qurumlarında vətəndaş qəbulları formal xarakter daşıyır. Bütün bunlar isə ölkədə vətəndaş məmnunluğuna əsaslanan siyasətlə daban-dabana ziddir və ölkəmizin müasir mənzərəsinə uyğun gəlmir. Prezident İlham Əliyev dövlət idarəçiliyinə o fəlsəfədən yanaşır ki, XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin.

Yeni idarəetmə modeli Azərbaycanın yeni baxışlarını və müasir simasını əks etdirməyi hədəfləyir Burada heç şübhəsiz ki, kadrlar mərkəzi fiqurlar qismində çıxış edəcəklər. Kadrlar idarəetməyə yeni nəfəs və dinamizm gətirməlidirlər. Ölkəmizdə aparılan islahatların, o cümlədən də şəffaflaşdırmanın, neqativ hallara qarşı mübarizənin əhatə dairəsinin davamlı şəkildə genişləndirilməsinin, ideoloji işin, gənclərə qayğının, könüllülük hərəkatının genişlənməsinin məntiqi nəticəsi olaraq sağlam ruhlu nəsil formalaşmaqdadır. Yeni idarəetmə modelini də məhz bu nəsil irəli aparacaq və daha uğurlu edəcək. Dövlət başçısı vəzifələrə təyin etdiyi kadrları şəxsən qəbul edir və onlara ictimaiyyət qarşısında tapşırıqlarını verir. Qarşıya qoyulan tələblər belədir: Kadrlar düzgün işləməli, əliəyriliyə yol verməməlidirlər. Biz indiyədək bir sıra hallarda bəzi məmurların yerlərdə özlərini, necə deyərlər, kiçik padşahlar kimi apardıqlarının şahidi olmuşuq. Mənəvi cəhətdən çox kasıb olan belə məmurlar insanları incidirlər, onlara yuxarıdan aşağı baxırlar. Kim onlara bu hüququ verib? Nə üçün dövlət başçısının şəxsi nümunəsi, insanlarla səmimiliyi, ehtiyacı olanlara qayğı göstərməsi bəzi məmurlara nümunə olmamalıdır? Məmurun kabinetə qapanmaq dövrü artıq keçmişdir. Kadrlar Prezidentin etimadının, onlara həvalə olunan vəzifələrin məsuliyyətini bütün miqyası ilə dəyərləndirməli və daim inkişafı, mütərəqqi yenilikləri hədəfləyən təşəbbüslər irəli sürməlidirlər.

Ölkəmizdə idarəetmə və kadr islahatlarının paralel aparılması hədəflənir. İdarəetmənin yeni çərçivələri kadrlara öz potensiallarını göstərmələrinə, təşəbbüslərini reallaşdırmalarına imkanlar yaradacaq. Eyni zamanda, onların fəaliyyətinə verilən tələblər də kifayət qədər yüksək olacaq.

Prezidentin xüsusi nümayəndələri

Azərbaycan idarəetmənin yeni modeli kimi xüsusi nümayəndəlik institutunu seçib. Təcrübə göstərir ki, müəyyənləşdirilən yeni çərçivələr yeni yanaşmaların səmərəliliyini təmin edir, daha yaxşı nəticələr əldə olunur və vətəndaş məmunluğu artır.  Prezident İlham Əliyev son vaxtlarda ölkəmizin yeni idarəçilik modeli ilə bağlı fikirlərini bir neçə dəfə ictimaiyyətin diqqətinə çatdırıb. Dövlətimizin başçısı bu xüsusda son olaraq Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən danışıb. “Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Artıq respublikamızda idarəetmə çərçivələrinin yenilənməsi istiqamətində ilk addımlar atılıb. Belə ki, Prezident İlham Əliyev 19 yanvar 2021-ci ildə “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərman imzalayıb. Sənəddə də vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. Respublikamızda Prezidentin ilk xüsusi nümayəndəsi Vətən müharibəsində işğaldan azad edilən Şuşa rayonuna təyin edilib. Prezident İlham Əliyev 27 yanvar 2021-ci il tarixində Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib və ona Özünün dəyərli tapşırıqlarını verib. Şuşa rayonundan sonra xüsusi nümayəndəlik institutu Qarabağ iqtisadi rayonunda tətbiq edildi. Prezident İlham Əliyev 1 dekabr 2021-ci il tarixində imzaladığı Sərəncamla Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Daha belə bir təyinat 2022-ci il dekabrın son ongünlüyündə Azərbaycanın ayrılmaz hissəsi olan Naxşıvan Muxtar Respublikasında reallaşdı. Dövlətimizin başçısı dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.

İslahatlar çərçivəsində xüsusi nümayəndəlik institutunun ilk olaraq işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında tətbiq edilməsi təsadüfi deyildir. Bəhs olunan ərazilərə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin xüsusi yanaşması var. Dövlətimizin başçısı bəyan edib ki, işğaldan azad edilmiş ərazilər dünyanın ən gözəl guşələrinə çevriləcək. Eyni zamanda, Naxçıvanda əvvəlki idarəçilik üsulu müəyyən narazılıqlara yol açmışdı, mərkəzi hakimiyyətlə əlaqələr zəifləmişdi. Ötən qısa zaman kəsiyində əldə olunan nəticələr uğurludur. Şübhə yoxdur ki, yeni idarəetmə modeli həm funksionallıq, həm də operativlik və şəffaflıq baxımından elə bir mexanizm olacaq ki, Azərbaycan vətəndaşlarının dövlət hakimiyyəti orqanlarına, onun yerli strukturlarına etimadı və inamı daha da artacaq.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30