Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “ASAN xidmət” və “DOST” nümunələri

“ASAN xidmət” və “DOST” nümunələri

28.07.2023 [10:33]

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq

Mübariz ABDULLAYEV

Azərbaycanın əsas hədəflərindən biri ölkədə dövlət idarəçiliyində şəffaflığı və əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun getdikcə daha da yüksəldilməsinə nail olmaqdır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ardıcıl şəkildə struktur islahatları aparılır, bacarıqlı, işgüzar, müasir düşüncəli və milli ruhlu kadrlar hökumətdə yüksək vəzifələrə irəli çəkilir. Bu baxımdan respublikamızda müxtəlif xidmətləri vətəndaşlara eyni məkanda təqdim edən “ASAN xidmət” və “DOST” mərkəzləri yaxşı nümunədir. Hər iki qurum qısa zaman kəsiyində bütün ölkə üzrə böyük populyarlıq və rəğbət qazanıb. Diqqətəlayiq haldır ki, insanların həm “ASAN xidmət”, həm də “DOST” mərkəzlərinə böyük inam bəsləmələri nəzərə alınmaqla hər iki qurumun daha da təkmilləşdirilməsi və onların fəaliyyət sferalarının genişləndirilməsi bir növ davamlı prosesə çevrilib. Elə bu günlərdə Prezident İlham Əliyevin imzaladığı yeni fərmanlarda da “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar yer alıb. Belə vacib sənədlərin imzalanması ölkəmizdə ictimai xidmətlər sahəsinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir.

Azərbaycanın intellektual brendi

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri üzərində qurulub. Bu mərkəzlərin yaradılmasında qarşıya aşağıdakı məqsədlər qoyulub:

* vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;

* vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;

* peşəkarlıq səviyyəsinin artırılması;

* dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;

* şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

* elektron xidmətlərdən daha geniş istifadə olunması;

* bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.

Xatırladaq ki, respublikamızda dövlət başçısının müvafiq Fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlməyib. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri özünü doğruldub və respublikamızda qısa müddətdə bu şəbəkənin coğrafiyası regionlara doğru genişlənib. Hazırda Azərbaycanda 25 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır. Lənkəran və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.  

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 8.743.992 vətəndaş müraciət edib.

Eyni zamanda, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 842 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Çox doğru olaraq “ASAN xidmət” mərkəzləri Azərbaycanın intellektual brendi kimi dəyərləndirilir. Burada vətəndaşlara müxtəlif xidmətlər innovativ texnologiyalardan geniş istifadə edilməklə göstərilir. Nəticədə, şəffaflıq tam təmin olunur və vətəndaş-məmur təmasları aradan qalxır.

Dünyada “ASAN xidmət”ə artan maraq

Azərbaycanın “ASAN xidmət” modelinə  beynəlxalq miqyasda maraq getdikcə artır. İndiyədək böyük vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq ayrı-ayrı ölkələr də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. 2023-cü il aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilir ki, qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub.

Perspektivdə Azərbaycanın intellektual brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Həmçinin bir neçə dövlətdən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.

“DOST” mərkəzlərində 98 faizə çatan vətəndaş məmnunluğu

Əlamətdar haldır ki, respublikamızda “ASAN xidmət” modelində yeni strukturlar da formalaşdırılır.  Ölkəmizdə yaradılan oxşar xidmət platformalarından biri də  “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzləridir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST Agentliyi yaradılıb. İndiyədək qurumun 5 DOST mərkəzi açılıb. 2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatdırılması, 55 DOST filialının da yaradılması, beləliklə də, DOST xidmətlərinin əhatə dairəsinin bütün ölkə üzrə genişləndirilməsi nəzərdə tutulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan DOST konsepsiyasının təməlində vətəndaş məmnunluğunun təmin edilməsi amili dayanır.  Konsepsiya  əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə edildiyi kimi dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına  hesablanıb.

Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə  9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib. Hazırda DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Qeyd edək ki, sözügedən mərkəzlərdə ötən qısa dövr ərzində 1654723 müraciət qeydə alınıb. Verilən məlumatlara görə, 5 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faizin üzərindədir.

Paylaş:
Baxılıb: 761 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30