Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ərəb investorlarının Azərbaycana artan marağı

Ərəb investorlarının Azərbaycana artan marağı

19.12.2023 [10:10]

Son illərdə Azərbaycanın xarici siyasət kursunda bir sıra ölkələrlə, o cümlədən də Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin intensivliyinin artması müşahidə edilir. Belə ki, həm siyasi dialoq keyfiyyətcə yeni səviyyəyə yüksəlib, həm də iqtisadi əlaqələr genişlənib. Həmçinin qarşılıqlı səfərlər də intensivləşib. Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərdə olub və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Dekabrın 15-də isə dövlətimizin başçısı Bakıda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib. Səmimilik şəraitində keçən qəbulda ikitərəfli münasibətlərə aid müxtəlif məsələlər ətrafında aktual müzakirələr aparılıb.

Uğurla inkişaf edən ikitərəfli dostluq münasibətləri

Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ölkəmizin ərəb dövlətləri, bütövlükdə geniş İslam coğrafiyası ilə əməkdaşlığının genişlənməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Bu sırada tarixi bağlılıq, siyasi dvidentlər, lobbi maraqları, iqtisadi avantajlar, o cümlədən enerji əməkdaşlığı, investisiya cəlbediciliyi, yeni ixrac bazarları, geniş turizm potensialı, kadrlar və intellektual məhsulların ixracı və s. bu kimi məqamları xüsusi qeyd edə bilərik.

Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. Bəhs olunan görüşdə bununla bağlı məmnunluq ifadə olunub. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərinin bir çox sahədə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olunub.

Azərbaycanla BƏƏ arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Hər iki ölkə ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edərək bir-birinin mövqeyinə dəstək verirlər. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi əlaqələr də genişlənir. Zəngin enerji resurslarına və geniş maliyyə imkanlarına malik BƏƏ-nin investisiya fəallığı yüksək səviyyədədir. Son vaxtlarda respublikamızın müvafiq qurumları ilə BƏƏ-dən olan şirkətlər arasında imzalanan müqavilələrin icrası ölkə üzrə bərpaolunan enerji mənbələrindən “yaşıl enerji” istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Belə müqavilələrdən biri 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında imzalanıb. Artıq bəhs olunan layihənin icrası qısa müddətdə və yüksək səviyyədə təmin olunub. Cari il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə “Masdar” şirkətinin inşa etdiyi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Həmçinin bu şirkətlə yeni müqavilələr imzalanıb. Azərbaycanın işğaldan azad olunmuş əraziləri də bərpaolunan enerji mənbələri ilə zəngindir. “Masdar” və BƏƏ-nin digər şirkətləri işğaldan azad olunmuş ərazilərdə bu istiqamətə sərmayələr yönəldə bilərlər.

İmzalanan sənədlər - əməkdaşlığın yaxşı göstəriciləri

Qəbulda iki ölkə arasında iqtisadi sahədə genişlənən əməkdaşlıqdan məmnunluq ifadə olunub və imzalanan sənədlərin iqtisadi sahədə əməkdaşlığın, ümumilikdə, əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi kimi dəyərləndirlib.  Xatırladaq ki, BƏƏ-niin “Masdar” şirkətinin icra etdiyi layihə əsasında inşa olunan infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir. Lakin, bu, sadəcə, başlanğıcdır. Prezident İlham Əliyev açılış mərasimində əminliklə bildirmişdi ki, daha çox layihələr olacaq. O cümlədən gələcəkdə nəzərdə tutulan bütün layihələrin uğyurla icra ediləcəyinə böyük əminlik var. Baş tutan açılış mərasimi buna yaxşı nümunədir. Şübhə yoxdur ki, bu, Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə Azərbaycanla əlaqələr qurmaları üçün siqnal qismində çıxış edəcək. Onu da vurğulamaq yerinə düşər ki,  bu yaxınlarda iki ölkənin milli neft şirkətləri - ADNOC və SOCAR rəsmi qaydada tərəfdaş olduqlarını bəyan ediblər. Hər iki şirkət Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləməklə bağlı planlar hazırlayıblar. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri hökumətlər və milli şirkətlər səviyyəsində  əməkdaşlığın inkişafının yeni mərhələsinə başlayıblar. Bu əməkdaşlığın möhkəmlənməsinə və əhatə dairəsinin genişlənməsinə hər iki dövlət ali səviyyədə güclü siyasi iradə və xoş məram ortaya qoyurlar.

Bəhs olunan qəbulda dövlətimizin başçısının iştirakı ilə daha bir neçə müqavilə imzalanıb. Bunlar aşağıdakılardır:

-Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması.  Razılaşmanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

-Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu. Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

BƏƏ-nin ayrı-ayrı şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sektoruna və digər sahələrə investisiya yönəltməyə böyük maraq göstərmələri ilk növbədə ölkəmizin investisiya cəlbediciliyinin yüksək olması ilə bağlıdır. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir.  Sərmayə cəbediciliyinin yüksək olmasının məntiqi nəticəsidir ki, ölkəmizə daxili və xarici mənbələrdən sərmayə qoyuluşu ilbəil artır. Son 20 il ərzində respublikamıza yönəldilən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur. Bu sərmayələrin 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30