Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir

Regionlarda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir

20.12.2018 [09:55]

İndiyədək 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda həyata keçirilən siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün bölgələrinin inkişafına təkan verib. Ümumiyyətlə, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Regionların sosial-iqtisadi inkişafından söz açarkən onu da qeyd etmək yerinə düşər ki, bu prosesdə dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, ötən müddət ərzində ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi, öz növbəsində, regionların inkişafında da mühüm rol oynayıb. Belə ki, göstərilən dövlət dəstəyi nəticəsində sahibkarlar həm ümumilikdə ölkəmizin, həm də ayrı-ayrı regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlərdə yaxından iştirak edirlər. Məlumat üçün bildirək ki, son 15 ildə layihələrin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara dövlət tərəfindən 2 milyard manatdan artıq güzəştli kredit verilib.
Ümumiyyətlə, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir və vergi yükü azaldılır. Reallaşdırılmış sistemli dövlət dəstəyi tədbirləri nəticəsində qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ümumi daxili məhsulda özəl sektorun payı 80 faizi, məşğulluqda isə 75 faizi keçib. Qeyd edək ki, dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda keçirilən regional sərgi-konfransda sahibkarlığın inkişafı məsələləri də müzakirə olunub. Tədbir bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunub.
Konfrans iştirakçıları əvvəlcə bağçılıq sahəsində tətbiq olunan qabaqcıl texnologiyalar və avadanlıqların, regionda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olublar.
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə sahibkarların kredit resurslarına çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətindən danışan S.Məmmədov Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və Fondun vəsaitlərindən istifadə etmək istəyən sahibkarlar arasında əməkdaşlığın səmərəliliyinin daha da artırılması istiqamətində konkret tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə operativlik, sahibkar məmnunluğunun təmin olunması, eləcə də sahibkarların maarifləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov regionların inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmazda da infrastruktur təminatının yaxşılaşdığını, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini vurğulayıb. Bildirilib ki, rayonun təbii-iqlim şəraiti meyvə-tərəvəz istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksəkkeyfiyyətli meyvə-tərəvəzə, emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov çıxışında deyib ki, indiyədək investisiya layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılması imkanı yaradılıb. Bu ilin ötən dövründə sahibkarlıq subyektlərinə 145 milyon manat güzəştli kredit ayrılıb.
Bağçılığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 min 584 hektar sahədə 25 bağçılıq və tingçilik təsərrüfatına 45,5 milyon manat güzəştli kredit verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən intensiv bağçılığın inkişafı ilə bağlı ümumi dəyəri 160,5 milyon manat olan 26 layihəyə investisiya təşviqi sənədi təqdim olunub.
Son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyalara əsaslanan, illik emal gücü 120,8 min ton olan 14 meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması məqsədilə 57,7 milyon manat və illik istehsal gücü 2,6 min ton quru meyvə olan 6 quru meyvə istehsalı müəssisəsinə 6,6 milyon manat güzəştli kredit verilib.
Həmçinin bağçılığın inkişafında mühüm əhəmiyyət kəsb edən sahələrdən biri də logistik mərkəzlərdir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə müasir logistik mərkəzlərin inşasına başlanılıb. İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tutumu 347,1 min ton olan 53 logistik mərkəzin yaradılmasına 170,5 milyon manat, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonu üzrə tutumu 70,5 min ton olan 14 logistik mərkəzin yaradılmasına 41,6 milyon manat güzəştli kredit ayrılıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Abbasov ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış Agentliyin fəaliyyəti barədə məlumat verib. Hazırda regionlarda, o cümlədən Xaçmaz və Siyəzəndə fəaliyyət göstərən “KOB dostları” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərildiyi diqqətə çatdırılıb. F.Abbasov bildirib ki, Agentliyin müxtəlif dəstək mexanizmlərinin, eləcə də “KOB evi”nin yaradılması, regionlar üzrə “KOB dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda Quba və Qusarda da “KOB dostları” fəaliyyətə başlayacaq. Quba-Xaçmaz regionunda fəaliyyət göstərən sahibkarlar Agentliklə, xüsusilə də “KOB dostları” ilə sıx əməkdaşlığa dəvət edilib.
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva qurumların fəaliyyətləri, rəqabətqabiliyyətli Azərbaycan məhsullarının istehsalının artırılması və ixracının genişləndirilməsi istiqamətində assosiasiyaların gördüyü işlər barədə danışıblar.
Tədbir çərçivəsində sahibkarlarla ənənəvi bazarlarda ölkəmizin mövqeyinin daha da gücləndirilməsini, potensial bazarlarda məhsullarımıza olan tələbatın artdığını nəzərə alaraq mövcud bağların bərpa edilməsi və yeni bağların salınması istiqamətində müzakirələr aparılıb.
Onu da qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi davam edir. Belə ki, bu yaxınlarda Gədəbəy rayonunda keçirilən işgüzar forumda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, üzümçülük, bağçılıq, mebel, mineral süfrə suları istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi layihələrinin maliyyələşdirilməsi, hotelin, kartofçuluq təsərrüfatı, meyvə emalı, xalça istehsalı, bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində 897 sahibkara 126,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9200-dək yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6843 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,3 milyon manat güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində Gədəbəy rayonunun Miskinli kəndində dövlətin güzəştli krediti ayrılan və ildə 16 milyon litr süfrə suları istehsal etmək gücündə olan mineral süfrə suları istehsalı müəssisəsində görülən işlərə baxış keçirilib. Hazırda müəssisəyə su mənbəyindən 18 kilometr uzunluğunda boru xətti çəkilib, tutumu 200 ton olan su deposunun tikintisi başa çatdırılıb. Müəssisədə istehsal ediləcək mineral süfrə sularının yerli bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 839 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30