Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında sənaye istehsalatlarının yaradılmasına investisiya qoyuluşu artır

Azərbaycanın regionlarında sənaye istehsalatlarının yaradılmasına investisiya qoyuluşu artır

14.02.2019 [09:53]

İndiyədək sənaye parklarının və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən yeni istehsalatların yaradılmasına 5 milyard manatdan çox investisiya yatırılıb
Azərbaycanın inkişaf paradiqmaları sırasında innovativ əsaslı sənaye quruculuğu mühüm yer tutur. Sənayenin inkişafının yüksək səviyyədə dəstəklənməsinin nəticəsidir ki, 2018-ci ildə respublikamızda sənaye istehsalı 1,5 faiz, qeyri-neft sənaye məhsulu istehsalı isə 9,1faiz artıb.
Əlamətdar haldır ki, son illərdə ölkəmizin sənaye xəritəsi regionlara doğru genişlənir. İnvestorlar 2003-cü ildən bəri dövlət əsaslı vəsait qoyuluşu hesabına regionların infrastruktur təminatının möhkəmlənməsindən bəhrələnərək bölgələrdə müxtəlif təyinatlı sənaye istehsalatlarının yaradılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər. Yeni sənaye müəssisələri yaradılarkən bölgələrin ənənələri, xammal potensialı, satış bazarları kimi mühüm məqamlar nəzərə alınır. Ümumiyyətlə, perspektivdə respublika üzrə 4 sənaye mərkəzinin (Bakı, Sumqayıt, Gəncə və Mingəçevir) yaradılması nəzərdə tutulub.
2018-ci ildə ölkədə bir sıra yeni sənaye müəssisələri istifadəyə verilib
Ölkəmizdə müasir sənaye quruculuğu baxımından 2018-ci il də bir sıra uğurlarla yadda qalıb. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib. İndiyədək sənaye parklarının və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən yeni istehsalatların yaradılmasına 5 milyard manatdan çox investisiya yatırılıb və perspektivdə bu rəqəmin daha da artacağı gözlənilir.
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” MMC-nin polipropilen zavodu, inşaat kimyəviləri zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Cari ildə isə Sənaye Parkında “SOCAR karbamid” zavodu istifadəyə verilib. 2019-cu ilin sonunadək burada daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur.
“Yaşıl iqtisadiyyat”ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb.
Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 milyon manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət göstərir. Bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-yə çatdırılması nəzərdə tutulur. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir. 2019-cu ilin yanvar ayında Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 milyon manat investisiya yatırılacaq və 20-yə yaxın iş yeri yaradılacaq.
2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.
Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 milyon ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur. Cari ilin əvvəlində Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident “Absheron Saffron Ltd” MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcək. Müəssisədə 50 yeni iş yeri açılacaq.
İqtisadiyyat naziri diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 milyard ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə 2018-ci ildə rezidentlər tərəfindən 450 milyon ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard ABŞ dollarınadək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması gözlənilir.
Regionlarda yeni sənaye məhəllələrinin yaradılması uğurla davam etdirilir
Respublikamızda 2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılan və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.
Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.
Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qısa müddətdə əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yem emalı müəssisəsi tikilib, türk iş adamları ilə birlikdə kiçik istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Arıçılıq təsərrüfatları lazımi avadanlıqlarla, istixanalar damcılı suvarma sistemləri ilə, avadanlıq, toxum, dərman preparatları və s. ilə təmin edilib. Bu layihələrin reallaşdırılması nəticəsində istehsal olunan məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılır. Hazırda ümumi sahəsi 750 m2 olan suvenir istehsalı müəssisəsinin tikintisi işləri davam etdirilir. Cocuq Mərcanlı kəndində ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən bal emalı mobil emalatxanasının yaradılması işləri həyata keçirilir.
Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməli qoyulub
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, 2019-cu il 9 fevral tarixində Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat olan layihə üzrə Anlaşma Memorandumu ötən ilin aprelində imzalanıb. Layihənin icraçısı olan “Azərmaş” ASC-yə Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusu verilib. Tədbirdə iştirakçılara məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, 937 kvadratmetr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələr yaradılıb. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 milyon manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 823 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30