Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir

Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir

19.02.2019 [09:43]

2019-cu ilin əvvəlindən bəri ölkə üzrə 44 sahibkara 4,6 milyon manat güzəştli kredit verilib və ilin sonunadək bu rəqəmin ən azı 160 milyon manata çatdırılması nəzərdə tutulub
Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında qarşıya qoyulan əsas hədəflərdən biri bütün ölkə üzrə özəl sektorun daha da genişlənməsinə, bu sektorda istehsal imkanlarının artırılmasına və xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün regionlarda sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir. Bütövlükdə, son 15 ildə ölkəmizdə investisiya layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılması imkanı yaradılıb. Əlamətdar haldır ki, ölkəmizdə sahibkarlara verilən güzəştli kreditlər əsasən geri qaytarılan vəsaitlər hesabına formalaşır.
Ölkədə sahibkarlara dəstək tədbirləri perspektivdə də davam etdiriləcək. Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda söylədiyi nitqində bildirib. “Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik”, - deyə dövlət başçısı vurğulayıb.
Qəbələdə “KOB Dostu” fəaliyyətə başlayıb
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi və strukturu təsdiqlənib. Ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləmək, KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, onların xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumların bu sahədə işini əlaqələndirmək agentliyin başlıca fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Agentlik öz səlahiyyətləri çərçivəsində, həmçinin respublikanın bölgələrində “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramını uğurla reallaşdırır.
Agentliyin yeni “KOB Dostu” bir neçə gün bundan əvvəl Qəbələ rayonunda fəaliyyətə başlayıb. Bu barədə İqtisadiyyat Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilib. Vurğulanır ki, bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur və Qəbələ rayonu ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək.
Bununla bağlı Qəbələdəki Konqres Mərkəzində tədbir təşkil olunub. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi xidmətlər, eləcə də qurumun mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindən olan “KOB Dostu” barədə məlumat verib. Vurğulanıb ki, Qəbələ “KOB Dostu” ilə birlikdə hazırda agentliyin ölkənin 9 şəhər və rayonunda 12 “KOB Dostu” yaradılıb. KOB dostları mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir. İndiyədək regionlarda 120-dən çox belə görüş təşkil olunub. Qəbələdə və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Orxan Məmmədov 2019-cu il ərzində ölkənin digər regionlarında da KOB dostlarının fəaliyyətə başlayacağını, bununla yanaşı, agentliyin digər dəstək mexanizmlərinin yaradılması istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov bu dövlət dəstəyi mexanizminin Oğuz və ətraf rayonlardan olan sahibkarlar, biznesə yeni başlayanlar üçün əhəmiyyətini nəzərə çatdırıb. O, Oğuz sahibkarlarını “KOB Dostu”nun xidmətlərindən yararlanmağa dəvət edib.
Tədbirin sonunda iştirakçılar Qəbələdə Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Qəbələ rayonu üzrə “KOB Dostu” Qalib Nəbiyev məlumat verib ki, burada sahibkarlara hərtərəfli xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəklər.
Sahibkarlar üçün işgüzar forum keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması”na dair bu ilin ilk işgüzar forumunu fevralın 15-də Tovuz rayonunda keçirib. Forumda Tovuz rayonunun iqtisadi potensialına uyğun olaraq kənd turizmi layihələrinin maliyyələşdirilməsi, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara maarifləndirici materiallar təqdim olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ildə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 64,3%-i regionların, 35,7%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2019-cu ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Artıq bu ilin ötən dövründə 44 sahibkara 4,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Tovuz və ətraf rayonlardan olan 21 sahibkara 821 min manat güzəştli kredit verilib. Kreditlər logistik mərkəzin yaradılması, heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək.
İşgüzar forum çərçivəsində Tovuzda dövlətin güzəştli krediti ayrılan aqroparka baxış keçirilib. Aqroparkda hər birinin tutumu 375 baş olan 4 müasir tövlə, gündəlik istehsal gücü 10 ton olan qarışıq yem zavodu, gündəlik gücü 50 baş olan kəsim sexi, müxtəlif təyinatlı köməkçi binalar inşa edilib, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqlar alınıb. Pivot suvarma sisteminin tətbiqi ilə arpa, buğda, yonca, qarğıdalı əkilib.
Sahibkarların öz məhsullarını xarici bazarlara çıxarmalarına böyük dəstək göstərilir
Ölkəmizdə, həmçinin sahibkarların öz məhsullarını xarici bazarlara çıxarmalarına böyük dəstək göstərilir. Azərbaycanın bölgələrində yetişdirilən meyvə və tərəvəz məhsulları fevral ayının birinci ongünlüyündə Almaniyanın Berlin şəhərində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” vahid ölkə stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə olunub. Belə ki, “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb. Azərbaycanın “Mars FK” şirkəti İngiltərəyə nar ixracına, “Balxurma” şirkəti qurudulmuş xurmanın Almaniyaya, “D Fruits” şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq əldə ediblər. “Binə Agro” şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparıb.
İqtisadiyyat Nazirliyindən qəzetimizə verilən məlumata əsasən, Azərbaycan məhsulları fevral ayında Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində də nümayiş olunub. Sərgi çərçivəsində aparılan müzakirələrin nəticəsində Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın “Azhazelnut” şirkəti 21 ton fındığın, “A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıb. Sərgidə “Cəlilabad Şərab-2” şirkəti ilə iki Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub. Bundan başqa, Azərbaycanın “Gilan Agro and FMCG Group” şirkəti konserv məhsullarının, “Cuve” şirkəti fındığın, “Aznar” şirkəti nar şirəsinin, “D fruits” şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, “Tac” şirkəti sərinləşdirici içkilərin, “Buta Agro” şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəlib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30