Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı atılan addımlar davamlı xarakter daşıyır

Ölkəmizdə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı atılan addımlar davamlı xarakter daşıyır

22.02.2019 [09:34]

2018-ci ildə respublikanın 43 şəhər və rayonunda 150 yaşayış məntəqəsi, həmçinin 3 rayonda məcburi köçkünlərin yaşadığı 4 qəsəbə təbii qazla təmin edilib
Son 15 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən mühüm amillərdən biri qismində çıxış edir. Belə ki, bəhs olunan dövrdə paytaxt Bakıda və bölgələrdə reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Və dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektləri bundan sonra onilliklər boyu Azərbaycan xalqına, dövlətimizə xidmət göstərəcək.
Bildirmək yerinə düşər ki, ölkəmizdə aparılan müasir infrastruktur quruculuğu həmçinin yaşayış məntəqələrinin qazlaşdırlmasında da öz əksini tapıb. Ümumiyyətlə son 15 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətəlayiq haldır. Bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində atılan addımlar, həmçinin reallaşdırılan layihələr nəticəsində regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələri də qazlaşdırılıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün isə 95 faizdir. “...Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır”.
Yeri gəlmişkən, “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində 2018-ci ildə respublikanın 43 şəhər və rayonunda 150 yaşayış məntəqəsi, həmçinin 3 rayonda məcburi köçkünlərin yaşadığı 4 qəsəbə təbii qazla təmin edilib. Eyni zamanda, cari ilin yanvar ayı ərzində çoxmərtəbəli binalar üzrə 1763 mənzildə təbii qazın açılması təmin olunub. “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə verilən məlumatda deyilir ki, görülmüş işlərin nəticəsində “Azəriqaz” bu ilin yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 1763 ailə yaşayır. “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Bundan başqa, cari ilin yanvarında həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb. Birlikdən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvarında 17,1 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 36,1 kilometr qaz kəməri əsaslı təmir olunub.
Xəbərdə də bildirildiyi kimi, bu ilin yanvar ayında Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə bir, Ağsu rayonu üzrə 5 və Şamaxı rayonu üzrə isə 2 olmaqla ümumilikdə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası olaraq, son 5 ildə digər rayonlar kimi, Oğuz rayonunun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədilə zəruri işlər görülüb. 2014-2018-ci illərdə Oğuzun 13 yaşayış məntəqəsi qazlaşdırılıb, 3696 abonent təbii qazla təmin olunub. Qazlaşma nəticəsində bu kəndlərdə yaşayan 21 min nəfərədək əhalinin məişət problemləri öz həllini tapıb. Hazırda rayonun 33 yaşayış məntəqəsindən 25-nin əhalisi “mavi yanacaq”dan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 77 faizə yaxındır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən növbəti, dördüncü dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası olaraq, növbəti illərdə rayonun qalan 8 yaşayış məntəqəsinin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.
Mingəçevir şəhərində isə təbii qaz kəmərləri yeniləri ilə əvəzlənir. Abonentlərin dayanıqlı, fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür. Regionların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Mingəçevir şəhəri Kür çayının sahilində yerləşən kollektordan şəhər istiqamətində diametri 273 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərinin korroziyaya uğramış 577 metr hissəsinin diametri 315 millimetrlik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb. Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
2018-ci ildə Qusar rayonunda Piral və Cibir kəndləri qazlaşdırılaraq 860 evə təbii qaz verilib. Bu il rayonda daha 3 kəndin qazlaşdırılması, şəhərin yeni yaşayış massivlərində və 8 kənddə təzə məhəllələrdə qaz xətlərinin çəkilməsi və 3 kənddə istismara yararsız vəziyyətə düşən xətlərin dəyişdirilməsi nəzərdə tutulur.
Eyni zamanda Quba rayonunun Güneyməhlə və Ərməki kəndlərinə təbii qaz xətti çəkilərək 230 abonent “mavi yanacaq”la təmin edilib.
Sabirabad rayonunda da ötən il əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə görülmüş tədbirlər nəticəsində rayonun mərkəzinə və 62 kəndə qaz verilişi təmin olunub. Hesabat ilində Yuxarı Axtaçı, Yastıqobu kəndlərinə və Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə təbii qaz verilib, qalan 12 kəndin qazlaşdırılması üçün layihələndirmə işlərinə başlanılıb.
Qazlaşdırma ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində Naxçıvan Muxtar Respublikasında da mühüm tədbirlər görülür. “Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublikada 86 min 377 əhali abonentin, kommunal büdcə təşkilatları üzrə 924, qeyri-dövlət təşkilatları üzrə 1403, sənaye üzrə 143 və enerji istehsal edən müəssisələr üzrə 2 (qaz turbin və modul elektrik stansiyaları), ümumilikdə isə 2472 qeyri-əhali abonentin təbii qazla təminatına xidmət göstərir. Ötən il 982 abonent, o cümlədən 862 əhali və 120 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə aşkarlanan qaz sızmaları texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılıb.
Muxtar respublikanın şəhər, rayon qaz-istismar idarələrinin qəza-dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə daxil olan çağırışlar öz həllini tapıb. Abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 44 min 321 ədəd mühafizə qutusu quraşdırılıb.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkart tipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər də davam etdirilir. Ümumilikdə, 17 min 525 ədəd, o cümlədən ötən il 950 smartkart tipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Həmin qaz sayğaclarının diaqnostik müayinəsi, kompüter vasitəsilə test edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılması üçün xidmət stansiyası təşkil olunub.
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin sosial rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə layihələrdən biri də istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılmasıdır. Bu istiqamətdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən əvvəlki illərdə başlanılmış işlər 2018-ci ildə də davam etdirilib. Qeyd edək ki, son beş ildə Qarabağ bölgəsində 39 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə yola saldığımız 2018-ci ildə Tərtər rayonunun Soyulan, Alışarlı, Aşağı Qapanlı, Hacallı, Rəcəbli, Kovdadıq, Bildirçinli, Umudlu kəndlərinə təbii qaz verilib, 428 fərdi ev “mavi yanacaq”la təmin edilib. Bundan əlavə, ötən il Ağdam rayonunun Mirzələr qış otlağı və Ergi adlanan ərazilərində Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı iki qəsəbədə 468 fərdi ev qazlaşdırılıb. Görülən tədbirlər sayəsində Ağdam, Füzuli və Tərtər rayonlarının qazlaşdırılması başa çatdırılıb. Növbəti mərhələdə təbii qazla təmin olunan yaşayış məntəqələrində yeni yaşayış massivlərinin qazlaşdırılması məsələsi gündəmdə olacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 823 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30