Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionları uğurla inkişaf edir

Azərbaycanın regionları uğurla inkişaf edir

27.02.2019 [09:46]

Bu inkişafı Xaçmaz, Quba və Şabran rayonlarının nümunəsində də görmək olar
Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni zamanda, respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın icrası da yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib.
Bütövlükdə, Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Və bu uğurlar 2018-ci ildə də davam edib. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2018-ci il respublikamızın şimal bölgəsinə daxil olan Xaçmaz, Quba və Şabran rayonları üçün də uğurlu olub.
Qeyd edək ki, Xaçmaz rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ötən il rayonda ümumdaxili məhsulun həcmi 592 milyon manat, sənaye məhsulunun həcmi 42,1 milyon manat, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 247,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 104,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 458,3 milyon manat təşkil edib. Hesabat dövründə şəhərin əsas prospekt və küçələrində ümumi uzunluğu 26200 metr məsafədə beton bardyurlar qoyulmuş və əsas istirahət guşələrimizə yeni dekorativ tamet daşları döşənib. Şəhərin əsas giriş istiqamətlərində istinad divarları tikilib və torpaqlanma işləri aparılıb, həmin ərazilərə yeni qazon örtüyü salınıb, 1000-dən çox dekorativ ağac və kollar əkilib. 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində yeni tikilmiş yerüstü piyada keçidi rayon sakinlərinin ixtiyarına verilib. Piyada keçidinin yerləşdiyi ərazi parklarla əhatə olunduğundan istirahətə gələn insanların təhlükəsiz şəkildə gedişi bu keçid vasitəsi ilə hal-hazırda təmin edilməkdədir.
Eyni zamanda, Xaçmaz-Niyazabad avtomobil yolunun 1,7 km hissəsinə yeni asfalt örtüyü çəkilib. Yolun hərəkət hissəsi və piyada yolu daxil olmaqla ümumilikdə 23800 kv.m. ərazisi yeni asfalt ortüyü ilə döşənib. Yol boyu asfalt-beton qarışığından səkilər tikilib, 1400 p/m uzunluqda beton səki və bardyur daşlar düzülüb. Yolun tikintisi zamanı 40 ədəd işıq dirəkləri quraşdırılıb. Rayonun Heydər Əliyev prospektində geniş ərazinin yeni asfalt örtüyü ilə təmin olunması və piyada səkilərinə yeni beton bardyurların düzülməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə başlanıb.
Tikintisi sona çatdırılmış quruculuq işlərindən biri də rayonun paytaxt istiqamətində yeni “Giriş Qapısı”nın inşa edilməsidir. Həmçinin rayonun N.Nərimanov, Səid Qurbanov, Qələbə küçələrində 4 çoxmənzilli yaşayış binasının ümumilikdə 4700 kv.m. dam örtüyü yenisi ilə əvəz olunub. Bundan əlavə, rayonun Xudat şəhərində 40 yerlik uşaq bağçası üçün hal-hazırda yeni bina tikilməkdədir. Bu yeni tikili rayonun balaca sakinlərinin təlim-tərbiyəsinə xidmət edəcək.
Ötən il Quba rayonu da bir sıra uğurlara imza atıb. Məlumdur ki, Prezident İlham Əliyev 2018-ci ilin oktyabr ayında Qubaya səfərindən sonra rayonun sosial-iqtisadi inkişafına ciddi təkan verəcək 4 mühüm Sərəncam imzalayıb. “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında”, “Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı” və “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncamlar rayonun gələcək inkişafında çox mühüm rol oynayacaq. Eyni zamanda, Qubanın turizm mərkəzi kimi formalaşmasına, əhalinin həyat şəraitinin daha da yüksəlməsinə, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və təhsilin səviyyəsinin daha da yüksəldilməsinə şərait yaradacaq. Artıq nəzərdə tutulan işlərin icrasına başlanılıb. Hazırda Quba-Qonaqkənd və Quba-Susay-Xınalıq avtomobil yollarında asfaltlama işləri aparılır, 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbi üçün yeni binanın tikintisi həyata keçirilir. Bu barədə Qubada 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin hesabat məruzəsində bildirilib ki, rayon üzrə ümumi məhsul buraxılışının həcmi il ərzində 375 milyon 954 min manat, sənaye məhsullarının ümumi həcmi 30 milyon 253 min manat və kənd təsərrüfatı məhsullarının həcmi 151 milyon 678 min manat olub.
Hesabat ilində rayonun Güneyməhlə və Ərməki kəndlərinə təbii qaz xətti çəkilərək 230 abonent “mavi yanacaq”la təmin edilib.
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə rayonun Alpan, Əlibəyqışlaq, Birinci Nügədi, Vəlvələ və Zizik kəndlərinin hər birində bir ədəd subartezian quyusunun qazılması, Ağbil, Alekseyevka, Möhüc və Talabıqışlaq kəndlərində isə içməli su sisteminin qurulması nəzərdə tutulub. Hazırda Əlibəyqışlaq kəndində subartezian quyusunda qazıntı, Möhüc kəndində son tamamlama işləri aparılır. Talabıqışlaq kəndində isə artezian quyusunun qazılması və yeni su sisteminin qurulması prosesi artıq başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Hesabat ilində Kürkün kənd ümumi orta məktəbi üçün quraşdırılmış modul tipli məktəb istifadəyə verilib. Bundan başqa, Qubanın daha 8 kəndində modul tipli məktəb binalarının tikintisi məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Alıc kəndində tikilən məktəb artıq istifadəyə verilib, digər modul tipli məktəb binalarının tikintisi isə davam etdirilir.
Onu da qeyd edək ki, 2018-ci ildə Quba rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində ciddi işlər görülüb. 33 kilometr uzunluğunda İdrisiqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. 10 kəndi birləşdirən 23 kilometr uzunluğunda Hacıhüseynli-Gənclər qəsəbəsi avtomobil yolu və bu yola birləşən digər yollara da yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, Quba-Xaçmaz avtomobil yolunun 14 kilometr hissəsi yenidən qurulub.
Hesabat ilində rayon mərkəzi xəstəxanasının yeni binasının, “Günəş” körpələr evi-uşaq bağçasının, “ABAD Factory” istehsalat kompleksinin, yeni salınmış Gənclər Parkının, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı malları istehsalı zavodunun, Zərdabi qəsəbəsində yerləşən və əsaslı təmir olunmuş Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binasının da açılışları olub.
Aqrar sahəyə gəlincə, 2018-ci ildə rayonda əkilmiş sahələrdən 24 min 707 ton buğda və 4 min 183 ton arpa istehsal olunub. Həmçinin 115 min 776 ton alma, 3 min 55 ton armud, 2 min 503 ton gilas, 2 min 249 ton gavalı,126 ton şaftalı, 208 ton fındıq və 291 ton qoz tədarük edilib.
Şabran rayonunda isə ötən il 3 kəndə “mavi yanacaq” verilib, 10 kəndin elektrik təsərrüfatı yenilənib, 7 modul tipli məktəb binası tikilib və digər bir çox önəmli layihələr icra edilib. Bu barədə Şabranda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun hesabat məruzəsində bildirilib ki, hesabat ilində Şabranda məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 6,1 milyon manat artaraq 234,6 milyon manata çatıb. Rayonda sənaye məhsulları istehsalı 28,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 1,4 faiz, tikinti-quraşdırma işləri 25,4 faiz, nəqliyyat və rabitə xidmətləri 4,2 faiz artıb.
Ötən il 6 min 103 nəfər əhalinin yaşadığı, 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı yolunun əsaslı tikintisi başa çatdırılıb. 12 min nəfərdən çox əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini əhatə edən Şabran-Çayqaraqaşlı-Hacıqaraqaşlı-Udulu yolunun tikintisi isə yekunlaşmaq üzrədir. Cari ilin ilk günlərindən Şabran-Düzbilici-Qorğan-Çinarlar yolunun da tikintisinə başlanılıb. Bu yol 3 min 360 nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirəcək.
Rayonda əhalinin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülüb. Ötən il ümumilikdə 756 nəfər əhalinin yaşadığı Qorğan, Bilici-Qorğan və Sumağa-Qazma kəndlərinə təbii qaz verilib. İndi rayonda təbii qazdan istifadə edən abonentlərin sayı 11 min 138 nəfərdir.
Sosial obyektlərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi və təmiri, iş şəraitinin yaxşılaşdırılması işləri də davam etdirilib. Ötən il 56 yerlik Xəlfələr, 80 yerlik şəhər 1 saylı Surra ümumi orta və 20 yerlik Qazbabalı kənd ibtidai məktəbləri üçün modul tipli binalar tikilib.
Həmçinin bildirilib ki, Şabran xalçaçılıq ənənələri ilə bağlı qədim və zəngin keçmişə malik bir bölgədir. Burada toxunan “Pirəbədil”, “Ağgül”, “Zeyvə” çeşidləri dünyada şöhrət tapan nəfis xalçalardır. Şabranda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yeni xalça fabrikinin, yun və boyaq bitkilərinin qəbulu məntəqəsinin tikintisi başa çatıb. Bu müəssisələr yaxın aylarda istifadəyə veriləcək. Rayonda ötən il 756 iş yeri açılıb ki, onun da 730-u daimidir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 796 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30