Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırılır

Regionların elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırılır

28.03.2019 [09:28]

Bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən uğurlu siyasət bütün sahələrin tərəqqisinə səbəb olub. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər xüsusi önəm kəsb edir. Məhz bu proqramlar çərçivəsində ötən 15 il ərzində regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, həmçinin bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində mühüm addımlar atılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər elektrik enerjisi sahəsində də mühüm uğurların əldə edilməsinə səbəb olub. Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam etdirilir. Qeyd edilməlidir ki, son 15 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda sözügedən sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Əgər 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idisə, son 15 ildə respublikamız 30-dan çox yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Ümumiyyətlə, ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunur. “Azərişıq” ASC qısa müddət ərzində 4500-ə yaxın bu cür yeni tipli KTM quraşdıraraq istifadəyə verib. Səhmdar Cəmiyyət respublikamızın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir.
Eyni zamanda, cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət göstərilir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb. Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib.
Bütün bunlarla yanaşı, ötən illər ərzində bir milyona yaxın elektron-rəqəmsal sayğaclar istismara verilərək uçot komplekti ilə təchiz edilib. İlk dəfə olaraq, insan faktoru təsirinin minimallaşdırılması məqsədilə, məsafədən oxunma cihazları olan “Alfa metronika RTU” alış nöqtələrində quraşdırılıb və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya edilib. Hazırda “Elster” tipli sayğaclar, quraşdırılma və istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq (cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir. Bu günədək 500-dən çox bu tip sayğac quraşdırılıb və uğurla istismar olunur. 2011-ci ildən tətbiqinə start verilmiş SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə, müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonentin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq, yarım illik və illik) haqda tam məlumatların alınması/verilməsi, abonentin mobil telefonuna faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır. 2011-2018-ci illər ərzində 100 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılaraq istifadəyə verilib.
Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də səyyar “ASAN Kommunal Xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş səyyar “ASAN Kommunal Xidmət”ə sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir.
Yeri gəlmişkən onu da qeyd edək ki, “Azərenerji” ASC “Reabilitasiya Proqramı”na uyğun olaraq ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə apardığı işləri davam etdirir. Qoyuluş gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyası sentyabr ayında təhvil alınan zaman stansiyanın yükü 520 MVt olduğu halda, görülən işlər nəticəsində güc 720 MVt-a qaldırılıb və 200 MVt itirilmiş güc bərpa edilib. Lakin “Azərenerji” ASC stansiya üzrə əldə edilən bu nəticə ilə kifayətlənmək fikrində deyil və əlavə tədbirlərini davam etdirir. “Reabilitasiya Proqramı”na uyğun olaraq hazırda Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasına 25 km məsafədə 530 diametrli yeni qaz xətti çəkilir. Buna səbəb isə əvvəl kənardan alınan qazın keyfiyyətinin aşağı olması ilə yanaşı, istehsal prosesində bəzi problemlərin yaranması idi. Belə ki, hazırda “Cənub” ES-də hər birinin gücü 5 MVt olmaqla 2 ədəd qaz kompressoru işləyir, onlar qazın təzyiqini 6 atmosferdən 25 atmosferə qədər qaldırmalı olur. Bu da orta hesabla ay ərzində 7 milyon kVts elektrik enerjisi sərfinə gətirib çıxarır. Yeni xətt çəkiləndən sonra qaz birbaşa turbinə daxil olacaq və həmin kompressorların işləməsinə ehtiyac qalmayacaq. Bununla da həm istehsal prosesində sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət ediləcək, həm də həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək. Ən əsası isə, bununla “Cənub” Elektrik Stansiyasının etibarlılığı və dayanıqlığı artırılmaqla yanaşı, itirilmiş gücün bərpası istiqamətində daha bir addım atılmış olacaq.
“Reabilitasiya Proqramı” çərçivəsində aparılan işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib və “Səngəçal”, “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.
Təmir-bərpa işlərinin aparılması üçün “Wartsila” şirkəti ilə bağlanan müqaviləyə əsasən ilk partiya avadanlıq və ehtiyat hissələri stansiyalara gətirilib və quraşdırılmaqdadır. Növbəti partiya avadanlıq və ehtiyat hissələrinin aprel ayına qədər gətirilməsi və ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılıb.
Qeyd edək ki, təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə, “Səngəçal” ES-də mühərriklərin hər biri təmirə qədər 14 MVt güclə işlədiyi halda, təmirdən sonra 16 MVt-a çatdırılması nəzərdə tutulub. “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” ES-lərdə isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 MVt-dan 8,1 MVt-a çatdırılacaq. Nəticədə 200 MVt-dan artıq itirilmiş güc bərpa olunacaq.
“Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) da təmir-bərpa işləri həyata keçirilir. Stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransformator, onun 220/110 kV-luq hücrələri, açarlarıı, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub. Eyni zamanda, avtotransformator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV hissəsinə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür. Əlavə avtotransformatorun qoşulması ilə dayanıqlıq və etibarlılıq təmin olunmaqla yanaşı, gərginlik də 2 kV artıb. Eyni zamanda, əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib.
Onu da bildirək ki, “Azərenerji” ASC fevral ayı ərzində 1.945 milyard kVts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin fevral ayı ilə müqayisədə 24,2 milyon kVts çoxdur. Belə ki, ötən ilin fevral ayında 1,921 milyard kVts elektrik enerjisi istehsal edilmişdi. Bu ilin fevral ayında istehsal edilən 1,945 milyard kVts elektrik enerjisindən 159,34 milyon kVts qonşu ölkələrə ixrac olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 763 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30