Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub

2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub

21.05.2019 [09:41]

Bu dövrdə Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarında əldə olunan nəticələr də bunu deməyə əsas verir

 

(əvvəli ötən sayımızda)

Analoji tədbir Cəlilabad rayonunda da keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunaraq bildirib ki, 2019-cu ilin birinci rübündə Cəlilabad rayonunun iqtisadiyyatını möhkəmləndirmək üçün daxili imkanlardan səmərəli istifadə edilib, mədəniyyətin və mənəvi dəyərlərin inkişafına diqqət artırılıb.
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi üçün bütün imkanlardan maksimum istifadə edilib, kənd əməkçilərinə nümunəvi xidmət göstərilib. Bunun nəticəsidir ki, hazırda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar çiyələk əkilmiş və həmin sahələr yüksək aqrotexniki qaydada becərilir. Keçən il 5000 hektar sahədə kartof əkilib, hər hektardan 221 sentner məhsul götürülərək 110,5 min ton kartof istehsal edilib. Bu il əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul götürüləcəyi gözlənilir. Həmçinin istixana şəraitində 1500 hektar sahədə kartof becərilib, 35 min ton faraş məhsul istehsal edilib və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilib. Bu il kartof satışından fermerlərin büdcəsinə 9,1 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olacağı ehtimal edilir. Rayonda 2018-ci ildə 505 hektar sahədə pambıq əkilib və 1446,6 ton və ya əvvəlki ilə nisbətən 446,6 ton çox məhsul istehsal edilib. Ümumi məhsuldarlıq hər hektardan 28,65 sentner olub ki, bu da respublika üzrə ən yüksək göstəricidir.
Pambıqçılığın yenidən bərpa edilməsi nəticəsində 200 nəfərdən çox sakinimiz işlə təmin edilib, fermerlərə 947,7 min manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 146,6 min manat subsidiya verilib. Cari ildə isə 507 hektar sahə keyfiyyətlə şumlanıb, aqrotexniki qaydalara uyğun hazırlanıb və istehsalçılarla müqavilələr bağlanılıb. Sahələrə çiyid səpini optimal müddətdə başa çatdırılıb və artıq sahələrdə normal çıxış alınıb. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən rayonda 20 subartezian quyusunun qazılması plana salınıb və rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar, həmin bəndlərdə torpaqbərkitmə işləri görülüb, dəmir-beton konstruksiyalar quraşdırılıb və suaxıdıcı borular dəyişdirilib. Hazırda son tamamlama işləri görülən bəndlərin istifadəyə verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Cəlilabadda kənd təsərrüfatının və sənayenin inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib. Belə ki, birinci rübdə 2545 yeni iş yeri açılıb, 755 nəfər ictimai işlərə, 341 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Yaz mövsümündə Cəlilabad-Uzuntəpə və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında 20 mindən çox bəzək ağacı və gül kolları əkilib, Cəlilabad-Biləsuvar avtomobil yolunun kənarında tarlaqoruyucu meşə zolaqları salınıb. Azərbaycan Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, hazırda rayonun 10 kəndində modul tipli məktəb tikilir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, 5 il ərzində Cəlilabad şəhərinin Yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəbin, habelə 15 orta, ümumi və ibtidai məktəbin tikilməsi, Cəlilabad peşə liseyinin və 4 tam orta məktəbin təmir edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Biləsuvarda da rayon İcra Hakimiyyətinin geniş şura iclasında 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. İclasda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev geniş məruzə ilə çıxış edərək bildirib ki, ilin birinci rübündə rayonda bütün sahələr üzrə yüksək göstəricilər əldə olunmaqla yanaşı, aparılan sosial-iqtisadi, mədəni islahatlar, sosial layihələr davam etdirilib, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Qeyd olunub ki, rayonun istər kənd təsərrüfatı, istər də iqtisadi göstəriciləri artan templə davam edib, tikinti, abadlıq və yolların inşası istiqamətində aparılan işlər sürətləndirilmiş, yeni iş yerləri açılıb. Rayonda bütün sahələr üzrə aparılan işlər və həyata keçirilən tədbirlər nəticəsində ümumi məhsul buraxılışının həcmi 67.1 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. 2019-cu ilin birinci rübündə rayon əhalisinin 47.2 min nəfərinin məşğulluğu tam təmin olunub.
Hesabat dövründə rayon İcra Hakimiyyəti, “DOST İŞ” MMC və Kommunal Müəssisələr Kombinat ilə birlikdə üçtərəfli müqavilə imzalanıb. Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində 390 yeni iş yeri yaradılıb. Bundan əlavə rayonun elektrik və qaz təsərrüfatında işləmək üçün müraciət etmiş vətəndaşlardan 89 nəfəri işlə təmin olunublar. İşə qəbul edilmiş şəxslər əsasən aztəminatlı ailələrin üzvləridir. Bütövlükdə, birinci rüb ərzində fiziki və hüquqi şəxslər tərəfindən 219 yeni iş yeri yaradılıb. Rayon Məşğulluq Mərkəzində “Öz biznesinə başla” layihəsi üzrə özünüməşğulluq proqramı çərçivəsində 16 ailəyə maddi aktivlər verilməklə məşğulluqları tam təmin olunacaq. Proqrama uyğun olaraq keçirilən təlimdə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və sağlamlığını itirmiş şəxslər cəlb olunub. Bundan əlavə, rayonun kənd təsərrüfatında çalışan işçilərin sayı 9000 nəfər təşkil edib.
Onu da qeyd edək ki, strateji yol xəritələrində regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlərə uyğun rayonun Əsgərabad kəndi ərazisində ümumi sahəsi 25 hektar olan Biləsuvar Aqrar Sənaye Zonasının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi üçün bütün imkanlardan maksimum istifadə edilib, aqrar sahənin əsasını təşkil edən pambıqçılığın inkişafında uğurlar əldə olunub. Bunun nəticəsidir ki, ötən il 12 min hektar sahədə pambıq əkini aparılıb və 22731.9 ton məhsul toplanıb. Məhsulun becərilməsi və toplanması dövründə 16 minə yaxın insanın məşğulluğu təmin olunub, əhali 17 milyon manata yaxın gəlir əldə edib. 2019-cu ildə rayonda 10 min hektardan çox pambıq əkilməsi nəzərdə tutulub və sahələrə çiyid səpini başa çatdırılıb.
Biləsuvarda kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzindədir. Belə ki, 13713 hektar buğda, 15500 hektarı isə arpa olmaqla ümumilikdə 29213 hektar payızlıq dənli bitkilər əkilib. Hazırda yazlıq əkinlər davam edir.
Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 2019-cu ilin I rübündə 25 ədəd becərmə traktoru, 12 ədəd şum traktoru, 19 ədəd kultivator, 8 ədəd tangen mala, 7 ədəd rotorlu mala, 3 ədəd Şirvan malası, 7 ədəd dərman çiləyici və 58 ədəd qoşqu alınıb.
Hesabat dövründə rayonda aparılan tikinti, abadlıq və yenidənqurma işləri davam etdirilərək dövlət başçısının müvafiq sərəncamları ilə Biləsuvar şəhərində istismar müddəti başa çatmış 4 ikimərtəbəli çoxmənzilli binanın sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 milyon manat, Biləsuvar şəhərində 1176 yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 2,0 milyon manat, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 milyon manat vəsait ayrılıb. Sərəncama uyğun olaraq, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi Biləsuvar avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb, 1176 yerlik Nizami adına 1 saylı şəhər tam orta məktəb binasının və 4 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintiləri davam etdirilib. Qeyd edək ki, birinci rübdə rayonun Xırmandalı kəndində 40 yerlik uşaq bağçası, Muğan kəndində isə 80 yerlik modul tipli ümumi orta məktəb binası tikilərək əhalinin istifadəsinə verilib. Hazırda isə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş uzunluğu 13.2 kilometr olan Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisinə başlanılıb.
Bundan əlavə, Biləsuvar şəhərində kanalizasiya sisteminin çəkilişi zamanı yol örtüyü dağılmış küçələrdə çınqıl-qum əsasının tikintisi aparılır. Həmin küçələrə yaxın günlərdə 35000 m2 asfalt-beton örtüyün çəkilməsi nəzərdə tutulur. “Biləsuvar şəhərində küçələrin əsaslı təmiri işləri” layihəsində isə nəzərdə tutulmuş 16 küçədə yol örtüyünün çınqıl-qum materialı ilə təmiri işlərinin layihə-smeta sənədləri hazırlanıb, yaxın vaxtlarda yolların təmirinə başlanılacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 816 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30