Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında sənaye quruculuğu geniş vüsət alıb

Azərbaycanın regionlarında sənaye quruculuğu geniş vüsət alıb

28.08.2019 [09:07]

İqtisadiyyat naziri Şahin Mustafayevin məlumatına əsasən, regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələrində indiyədək 78 rezident qeydiyyatdan keçib, 45 rezident isə artıq fəaliyyətə başlayıb
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən məqsədyönlü siyasət nəticəsində regionlarda da sənaye quruculuğu geniş vüsət alıb. Son illərdə istifadəyə verilən müxtəlif təyinatlı müəssisələr hesabına regionlarda iqtisadi aktivlik artıb, çoxlu sayda yeni iş yerləri açılıb. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələri haqqında qısa məlumat verib. İqtisadiyyat Nazirliyinin rəsmisi bildirib ki, ölkə üzrə yaradılan sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Qeyd edək ki, investorlar Azərbaycanın regionlarında yeni istehsalatların yaradılmasına investisiyalar yönəldərkən ciddi bazar araşdırmaları aparırlar. Daxili bazarda böyük tələbat duyulan, eyni zamanda, ixrac potensialı yüksək olan məhsulların istehsalı nəzərdə tutulan müəssisələrin yaradılmasına daha çox üstünlük verilir.
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, bir neçə gün bundan əvvəl - avqustun 21-də Abşeron rayonunun ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.
“Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq ki, bu da zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək. Zavodun məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, həm də gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcək.
Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı müxtəlif dövlət qurumlarının, yerli və çinli sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsumlarından azad edir.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar barədə məlumat verib, zavodun fəaliyyətə başlaması üçün göstərilən dövlət dəstəyi tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA tərəfindən “Elektrogas” MMC-yə hərtərəfli dəstək göstərilib, o cümlədən yerli və xarici investorlarla görüşlər keçirilib, xarici investorlara Azərbaycanın biznes mühiti və dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verilib, konsaltinq və hüquqi məsləhət xidmətləri göstərilib. Kombi zavodunun fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, istilik sistemlərinə olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli olacaqdır.
“Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli zavodun fəaliyyəti barədə danışaraq ölkəmizdə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, Azərbaycana xarici investisiyaların cəlb edilməsində önəmli olduğunu qeyd edib, investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Zavoda sərmayə yatıran Çin investoru Lui Fujin təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli şərait yaradıldığını və bu baxımdan ölkəmizə investisiya yatırdıqlarını bildirib, KOBİA tərəfindən layihəyə hərtərəfli dəstək göstərildiyini qeyd edib.
Balaxanı Sənaye Parkında istehsal olunan məhsulların ABŞ-a ixracına başlanıb
Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin olaraq ABŞ-a ildə 3 min mebel dəsti ixrac olunacaq.
Bununla əlaqədar təşkil olunmuş tədbirdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Etibar Abbasov Balaxanı Sənaye Parkında təkrar emal sahəsində görülən işlər, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verib. Bildirilib ki, Balaxanı Sənaye Parkı təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Sərəncamı ilə yaradılıb. Park 8,3 hektarlıq ərazidə yerləşir.
Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlara münbit işgüzar mühitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulka və materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı və s. sahələri üzrə 8 rezident fəaliyyət göstərir. Daha 9 rezident 11 istehsalat sahəsi üzrə yaxın vaxtlarda fəaliyyətə başlayacaqdır.
Ümumilikdə isə, Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən 41,5 mln. manat investisiya qoyuluşu və 680 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Sahibkar Fərman İslamlı məlumat verib ki, ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan “Foriella” MMC Balaxanı Sənaye Parkının rezidentidir və 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Rezident tərəfindən Sənaye Parkında istehsal sahəsinin yaradılmasına 4 milyon manata yaxın investisiya yatırılıb. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. İstehsalın Almaniya, Türkiyə və İtaliya texnologiyaları əsasında təşkil edildiyi müəssisədə 170-ə yaxın daimi iş yeri açılıb. Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstan, Ukrayna və Qazaxıstana ixrac olunur və artıq ABŞ-a da məhsul ixracına başlanıb.
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb
Ölkədə fəaliyyət göstərən sənaye parklarında yeni istehsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır.
Bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Galenka Azərbaycan” MMC qeydiyyata alınıb və Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb.
“Galenka Azərbaycan” MMC tərəfindən ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaqdır. Layihənin investisiya dəyəri 20 mln. manata yaxındır.
İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək. Müəssisədə 40-dək daimi iş yeri yaradılacaq.
Şəki Tütün İstehsalı və Emalı Məntəqəsində əlavə 30 ədəd tütünqurutma kamerası quraşdırılıb
Tütünçülük fəaliyyəti ilə məşğul olan fermerlərə tütün məhsulunun tədarükü və emalı proseslərində dəstək göstərilməsi, həmçinin emal edilən tütünün keyfiyyətinin artırılması məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən 2019-cu ildə “Azərtütün ASK” MMC-nin Şəki rayon Çələbixan qəsəbəsində yerləşən Şəki Tütün İstehsalı və Emalı Məntəqəsinin ərazisində qısa müddət ərzində İtaliyanın “De Cloet” şirkətinin istehsalı olan və müasir tələblərə cavab verən 30 ədəd odlaqurutma kamerası quraşdırılıb, habelə məntəqə digər zəruri infrastruktur və texnoloji vasitələrlə təmin edilib. Məntəqədə anbar binası, köməkçi binalar, çeşidləmə zonası, odla qurutma kameralarının ön hissəsində altıaçıqlar tikilib. Məntəqə elektrokarlar, kip presləmə aparatları və bir ədəd KT/Y630/10 markalı generator ilə təchiz olunub.
Bir kamera 8-9 ton yaş tütün emal etmək gücünə malik olmaqla bir tədarük mövsümündə 12 dövr istifadə edilə bilər. 30 ədəd odla qurutma kamerasının gündəlik yaş tütünün emal potensialı 22-25 tondur. Ümumilikdə, Şəki Tütün İstehsalı və Emalı Məntəqəsində 90 ədəd kamera fəaliyyət göstərir.
2019-cu ildə Şəki rayonu üzrə “Azərtütün ASK” MMC ilə 82 fermer arasında bağlanmış tədarük müqavilələrinə əsasən 721 ha ərazidə “Virciniya Botaniki” növlü tütün əkini aparılıb. Həm Şəki rayonunda, həm də zərurət yarandıqda Qax rayonunun yaxın ərazilərində istehsal edilən yaş tütünün emalı Şəki Tütün İstehsalı və Emalı Məntəqsində həyata keçiriləcəkdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 728 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30