Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yeni qazlaşdırma layihələri həyata keçirilir

Azərbaycanın regionlarında yeni qazlaşdırma layihələri həyata keçirilir

03.09.2019 [09:08]

Ölkəmizdə qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivi yaxın günlərdə qazla təmin olunacaq
Son illərdə ölkəmizdə əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Ölkə başçısının qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində Azərbaycan qazlaşdırma səviyyəsinə görə dünyanın nadir ölkələrindəndir.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Prezident İlham Əliyev əhalinin qazla təminatının Azərbaycanda ən yüksək səviyyədə olduğunu vurğulayıb: “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin”.
Yeri gəlmişkən, qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Regionlarda əhali istehlakçılarının təbii qaza olan tələbatının tam ödənilməsi, mənzillərdə istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla davam etdirilir.
Belə ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Zərdab rayonu üçün nəzərdə tutulan tədbirlər çərçivəsində 955 nəfər əhalinin yaşadığı Bəyimli qəsəbəsinin qazlaşdırılmasına başlanılıb. Rayon icra hakimiyyətindən bildirilib ki, artıq 1700 metr yeraltı, 10 min 500 metr yerüstü qaz xətti çəkilib. Hazırda işlər davam etdirilir.
Qeyd edək ki, rayonda əhalinin normal qaz təchizatı üçün də ardıcıl tədbirlər görülür. Belə ki, son vaxtlar Zərdab şəhərinin Şəhriyar, S.Mahmudov, S.Abdullayev küçələrindəki kəmərlərdə təmir işləri aparılıb. Otmanoba, Şahhüseyinli və Əlvənd kəndlərində isə korroziyaya uğrayan qaz xətləri dəyişdirilərək yeni yerüstü kəmərlərlə əvəzlənib.
Bu il Daşkəsən rayonunun Quşçu kəndində 404 abonent, Bayan kəndində isə 459 abonent təbii qazla təmin edilib. Hazırda rayonun Quşçu, Quşçu körpü və Daşkəsən qəsəbələrinə yeni qaz xətti çəkilir.
Sərt dağlıq relyef şəraiti ilə seçilən rayon ərazisində hazırda qazlaşma yaşayış məntəqələri üzrə 20,4 faiz, ev təsərrüfatları üzrə isə 62,4 faiz təşkil edir. Həmin məntəqələrdə qazlaşma işləri tamamlandıqdan sonra Daşkəsən rayonunun yaşayış məntəqələrinin qazlaşması 26,5 faizə, ev təsərrüfatları üzrə isə 65,9 faizə çatacaqdır.
“Azəriqaz” İB tərəfindən Quba şəhərinin yaxınlığında yerləşən Dəvədabanı yaşayış massivinin qazlaşdırılmasına başlanılıb. Tikinti işləri yekunlaşdıqdan sonra burada 700-dən çox abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
Üç min nəfərdən çox əhalisi olan massivin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 73 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq. Tikinti işlərinin bu ay ərzində başa çatdırılması planlaşdırılır.
Hazırda Quba rayonunun dağlıq ərazilərində yerləşən Təngəaltı, Afurca, Kunxırt və Qonaqkənd kəndlərinin də qazlaşdırılması davam edir. Rayonun Hacıhüseynli və Əliməmmədoba kəndlərində isə işlər başa çatmaq üzrədir. Bu il həmin kəndlərdə 727 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. İlin sonuna kimi ümumilikdə 11 yaşayış məntəqəsində 1715 abonentin təbii qazla təminatı nəzərdə tutulub.
Qeyd edək ki, regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədilə əlavə olaraq 2 yaşayış məntəqəsinə də qaz çəkilişi məsələləri nəzərdən keçirilir. “Azəriqaz” İB-dən bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində 300 evin qazlaşdırılmasına başlanılacaq. Bundan başqa, sakinlərin kollektiv müraciəti, eləcə də hazırda qazlaşma işləri aparılan Lerik rayonunun Vizəzəmin kəndinə çox yaxın olması nəzərə alınaraq bu rayonun Cəngənəvud kəndinin qazlaşdırılması layihəsi də hazırlanır.
Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivləri açılışa tam hazırdır. “Azəriqaz” İB-dən bildirilib ki, son tamamlanma işləri aparılan məntəqələr yaxın zamanda qazla təmin olunacaq. Beləliklə, Ağsu rayonunun Yenikənd və Kəndəxan kəndləri, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivi, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni yaşayış massivi, Ağstafa rayonunun 33-cü məhəlləsi, Lənkəran şəhərinin yeni yaşayış massivi, Lerik rayonunun Peştətük kəndi, İmişli rayonunun Vətəqə qəsəbəsi, Biləsuvar rayonunun Xırmandalı yeni yaşayış massivi, Qobustan şəhərinin yeni yaşayış massivi və Neftçala rayonunun Astanlı kəndində yeni yaşayış massivi qazlaşmaya tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, adları çəkilən ərazilərdə qaz təchizatı işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 22 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanından irəli gələrək həyata keçirilir.
Ağdam rayonunun Qaradağlı kəndi ərazisində kompakt şəkildə məskunlaşmış məcburi köçkünlərin evlərinə tezliklə təbii qaz veriləcək.
Qaz çəkilişində iş icraçısı Vilayət Əhmədov bildirib ki, ərazinin qazlaşdırılması işləri başa çatmaq üzrədir. Layihə üzrə 4100 poqonmetr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib. Hazırda sayğaclaşma və qaz xətlərinin rənglənməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra ərazidəki 48 evə “mavi yanacaq” veriləcək.
Məcburi köçkünlərin məskunlaşdıqları ərazinin qazlaşdırılması sakinlərin sevincinə səbəb olub. Laçın rayonundan məcburi köçkün Xalid Məhəmmədov deyib: “1992-ci ildə Laçın rayonu işğal olunandan burada məskunlaşmışıq. Bizim əsas çətinliyimiz yanacaq sarıdan idi. Ötən dövrdə odun və digər vasitələrdən istifadə edirdik. Bu gün isə bizim də yaşadığımız ərazi qazlaşdırılır. Tezliklə bu çətinliyimiz də aradan qalxacaq. Əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Qobustan rayonunun tikinti-quraşdırma işləri başa çatdırılmış yeni yaşayış massivlərindən birinə isə təbii qaz verilib. “Azəriqaz” İB-dən bildirilib ki, 35 abonentin qazla təchizatı üçün müxtəlif diametrli qaz kəmərləri çəkilib, qaz sayğacları quraşdırılıb.
Kürdəmir rayonunda isə 62 yaşayış məntəqəsindən 59-u artıq qazlaşdırılıb. İlin sonunadək 2300 nəfərdən çox əhalinin yaşadığı Qarabucaq qəsəbəsi və qəsəbə ərazi dairəsinə daxil olan Qarabucaq və Qurdbayram kəndləri də qazla təmin ediləcək. Rayon icra hakimiyyətindən bildirilib ki, Qarabucaq qəsəbəsində daşıyıcı və kəndarası, habelə mənzillərə xətlərin çəkilişi başa çatıb. Həmçinin Qarabucaq və Qurdbayram kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanıb və tezliklə bu istiqamətdə də işlərə start veriləcək.
Qazlaşdırma işləri başa çatdırılan Şamaxı rayonunun Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qaz verilib. “Azəriqaz” İB-dən bildirilib ki, bu kəndlərə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 faizə çatıb. Bu il fevral ayının əvvəlində başlanılan işlərə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilməsi də daxildir.
Qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə də təbii qaz verilib. “Azəriqaz” İB-dən bildirilib ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.
“Azəriqaz” İB-nin Gəncə və Ağsu Regional qaz istismarı idarələrinin xidməti ərazilərində yeni nəsil smart-kart tipli qaz sayğaclarının kütləvi olaraq quraşdırılması işləri davam edir. “Azəriqaz” İB-dən bildirilib ki, uzun müddət istismarda olan və hazırda istismar müddətini başa vurmuş 115 min 198 ədəd məişət təyinatlı mexaniki və smart-kart tipli qaz sayğacları daha müasirləri ilə əvəz edilir. Bununla əlaqədar olaraq hər regiona həftəlik 1500 “İtron Gallus Pay G-4 NGPP” markalı qaz sayğacı ayrılır. İstismar müddəti bitmiş qaz sayğacları təmənnasız olaraq yenisi ilə əvəzlənir və bu işlərin icrası üçün əməkdaşların çox hissəsi prosesə cəlb edilib. Yeni quraşdırılmış smart-kart tipli qaz sayğaclarının ödəniş kartlarının vətəndaşlar tərəfindən asanlıqla əldə edilməsi üçün “Azəriqaz” İB hər iki regionda rayonlar üzrə səyyar xidmət təşkil edib.
“Azəriqaz” İB-nin Gəncə və Ağsu Regional qaz istismar idarələri (RQİİ) ilə yanaşı, Salyan Regional qaz istismar İdarəsinə daxil olan rayon və kəndlərdə də qaz sayğaclarının kütləvi olaraq yeniləri ilə əvəz olunmasına başlanılıb.
“Azəriqaz” İB-dən bildirilib ki, istehlakçıların ünvanlarında uzun müddət istismarda olan və istismar müddəti başa çatmış Gəncə RQİİ üzrə 62 min 785, Ağsu RQİİ üzrə 52 min 413, Salyan RQİİ üzrə isə 51 min 443 məişət təyinatlı mexaniki və köhnə nəsil smart-kart tipli qaz sayğacları dəyişdiriləcək. Qaz sayğaclarının kütləvi olaraq əvəz edilməsi işləri ilə əlaqədar ötən həftə Gəncə RQİİ-yə 1895 ədəd, Ağsu RQİİ-yə 960 ədəd və Salyan RQİİ-yə isə 1586 ədəd yeni nəsil “İtron Gallus” Pay G-4 NGPP markalı qaz sayğacları göndərilib.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 871 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30