Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkə sahibkarları regionların sosial-iqtisadi inkişafı prosesində fəal iştirak edirlər

Ölkə sahibkarları regionların sosial-iqtisadi inkişafı prosesində fəal iştirak edirlər

25.09.2019 [09:18]

Bu ilin ötən dövründə sahibkarlara 108 milyon manatadək güzəştli kredit verilib
Məlum olduğu kimi, son 16 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişaf cari ilin birinci yarısında da uğurla davam edib. Belə ki, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı 2019-cu ilin birinci yarımilliyində ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edib, görülmüş işləri müsbət qiymətləndirib. Ümumiyyətlə, dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb. Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Eləcə də valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2,5 faiz təşkil edib. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlət başçısının inkişaf strategiyasının əsas hədəflərindən biridir. 2019-cu ilin əvvəlində təsdiqlənmiş böyük sosial paket 4,2 milyon insanı əhatə edir. Sözügedən müşavirədə dövlətimizin başçısı qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, Prezident İlham Əliyev iqtisadi artım üçün yeni mənbələrin axtarılması, qeyri-neft sektorunun inkişafı, istehlak bazarına daim nəzarət olunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsi, sosial sahənin diqqət mərkəzində saxlanılması, iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi, o cümlədən özəl sektorda daha çox iş yerlərinin yaradılması, Azərbaycanın innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etdirilməsi və sair istiqamətdə tapşırıqlar verib. Onu da qeyd edək ki, inkişaf prosesində region sahibkarlarının da özünəməxsus rolu var. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə maarifləndirmə, maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində tədbirləri davam etdirir. Fondun sentyabrın 20-də İmişli rayonunda keçirdiyi işgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 767 min manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kreditlər əsasən heyvandarlıq, əkinçilik və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox iş yerinin açılması mümkün olacaq.
Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fond fəaliyyətini davam etdirir. Forum çərçivəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq keçirilib, İmişli rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan pambıq və süd emalı, çörək istehsalı müəssisələrinin, taxılçılıq, bağçılıq, tərəvəzçilik təsərrüfatlarının, müasir heyvandarlıq, taxıl anbarı komplekslərinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışan S.Məmmədov bu ilin ötən dövründə sahibkarların ümumi dəyəri 436 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 108 milyon manatadək güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3600-dən çox yeni iş yerinin yaradılmasına imkan yaratdığını bildirib.
Qeyd edilib ki, ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 min 100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 589,9 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində İmişlidə güzəştli kredit ayrılmış iri fermer təsərrüfatına baxış keçirilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerikdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair keçirilən işgüzar forumda isə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və sair sahələrin inkişafına yönəldiləcək. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin alınması qaydaları barədə məlumat verilib, Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, kartofçuluq, arıçılıq, cins heyvandarlıq təsərrüfatının və meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
Forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Ümumilikdə bu forumda verilən kreditlər də daxil olmaqla indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 125,7 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Sahibkarlığın İnkişafı Fondundan güzəştli kredit ayrılmış turizm kompleksinə də baxış keçirilib.
Sahibkarlığın İnkişafı Fondu digər işgüzar forumu Xaçmaz rayonunda keçirib. Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, logistik mərkəzin, quru meyvə istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bu baxımdan sahibkarların maliyyə resursları ilə təmin olunmasının əsas mexanizmlərdən olduğunu vurğulayıb.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 3,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər turizm, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tara istehsalı və sair sahələrə yönəldiləcək. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması hesabına 300-dən çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2731 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,3 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Xaçmazda güzəştli kredit ayrılan fındıq emalı müəssisəsinə baxış keçirilib.
Onu da qeyd edək ki, regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində avqust və sentyabr aylarında Qazax, Ağstafa, Samux və Naftalan rayonlarında gənc qadınlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. “Öz biznesinə başla”, “Biznes planın hazırlanması”, “Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə 100-ə yaxın iştirakçı biznes planın, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.
Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Növbəti mərhələdə iştirakçı qadınların istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, agentlik olaraq mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində böyük dəstək göstəririk. Onun sözlərinə görə, belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkədə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır. Sərginin gedişatından görünür ki, qadın sahibkarlar çox aktivdirlər.
O.Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30