Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında üzüm yığımı uğurla davam edir

Azərbaycanın regionlarında üzüm yığımı uğurla davam edir

26.09.2019 [09:37]

Fermerlər yetişdirdikləri bol məhsulun satışının elə sahələrdəcə təşkilindən razılıqlarını bildirirlər
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların nəticəsi olaraq, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafında mühüm irəliləyiş əldə edilib. Dövlət başçısı tərəfindən təsdiq olunmuş Dövlət proqramları və digər sənədlərdən irəli gələn işlərin həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafına, yeni ixracyönümlü istehsal sahələrinin yaradılmasına, ixracın genişləndirilməsinə imkan yaranıb.
Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə üzümçülüyün inkişafı istiqamətində mühüm addımlardandır.
Belə ki, bu sahədə olduqca mühüm, o cümlədən müasir bağların salınması, fermerin istehsal etdiyi məhsulun alınması, üzüm istehsalı və emalı sahəsinin inkişafına dəstək üçün dövlət tərəfindən fermerlərə güzəştli kredit ayrılması, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müvafiq qurumları tərəfindən yeni sortların yaradılması sahəsində xeyli işlər görülüb.
Məsələn, vaxtilə dünyanın üzüm kolleksiyasında keyfiyyətinə görə lider olmuş Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortu “Şirvanşahı”nın bərpası, artırılması, davamlı istifadəsi məqsədilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi bu günlərdə bəzi rayonlarda elmi ekspedisiyada olublar. KTN-in Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib ki, həmin qrup elmi-seleksiya işləri çərçivəsində gələcəkdə əkin materialı tədarük edilməsi üçün Kürdəmir rayonunun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndləri və Karrar qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer, ailə-kəndli və ev təsərrüfatlarına baxış keçiriblər.
Müşahidələr zamanı məlum olub ki, çardaq sistemi ilə yanaşı, “Yenikənd” kiçik ailə-fermer təsərrüfatının sahibi Sahib Qasımovun həyətyanı sahəsində xiyaban üsulu ilə əkilib-becərilmiş, əsrlərdən bəri dövrümüzə gəlib çatmış yaşlı “Şirvanşahı” tənəkləri mövcuddur. Təsərrüfat sahibinin sözlərinə görə, sortun tənəklərinin yaşı 200 ildən çoxdur. İnstitutun mütəxəssisləri tərəfindən “Şirvanşahı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib, nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapıb.
“Şirvanşahı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir. N.Nəsirli bildirib ki, texniki parametrlərinə görə sort orta dövrdə yetişir. Vegetasiya müddəti 155-165 gün arasında dəyişir. Gilələri sentyabr ayının ikinci ongünlüyündə tam yetişir. Kürdəmirdə xiyabanlarda və talvarlarda noyabr ayının əvvəllərinə qədər saxlanılır.
Qeyd edək ki, sort tipik texniki istiqamətlidir. Şirə çıxımı yüksəkdir. Sortun məhsulu yüksək keyfiyyətli kaqor tipli desert şərabının alınması üçün qiymətli xammaldır. Müxtəlif üzümçülük rayonlarımızda yetişdirilən “Şirvanşahı” üzümlərindən “Kürdəmir” adlı kaqor tipli dünyaca məşhur desert şərab istehsal edilib. Vaxtilə beynəlxalq müsabiqə və sərgilərdə “Kürdəmir” şərabı 3 qızıl və 4 gümüş medala layiq görülüb. Buna görə də hələ o vaxt “Şirvanşahı” respublikanın sort standartlarına daxil edilib, Kürkənarı və Şirvan-Qarabağ suvarılan ovalıq zonalarında rayonlaşdırılaraq əkilib-becərilib.
İnstitutun həyata keçirdiyi elmi ekspedisiya və tədqiqatların məqsədi respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı, ixrac potensialının yüksəldilməsi, yüksəkkeyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının müəyyən edilərək seçilməsi, qiymətləndirilməsi, istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin olunmasıdır. Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortların müəyyənləşdirilərək, gələcəkdə əkin materialı kimi tədarük olunması üçün tədqiqatlar davam etdiriləcək.
Qeyd olunduğu kimi, dövlət tərəfindən fermerlərə hərtərəfli dəstək də göstərilir. Məsələn, təsərrüfatında üzüm yetişdirməklə məşğul olan Beyləqan rayon sakini Adil Hacıyev məhsulların satışında müəyyən sıxıntılar yaşadığı üşün KTN-in tabeliyində olan “Aqrar Tədarük və Təchizat” (ATT) Açıq Səhmdar Cəmiyyətinə müraciət edib. ATT-nin bir qrup əməkdaşı tərəfindən məhsullara baxış keçirilib, onların keyfiyyət göstəriciləri müəyyənləşdirilib. Nəticədə fermer A.Hacıyevin yetişdirdiyi üzüm ATT tərəfindən alınıb. Həmin məhsulun ödənişi isə “Fermer kartı” vasitəsi ilə həyata keçirilib. Fermer A.Hacıyev ona göstərilən qayğıdan bəhs edərək deyib: “Təsərrüfatımda 5-6 növ üzüm sortu becərirəm. Bu il bol məhsul əldə etsəm də, onun satışında müəyyən çətinliyim vardı. “Aqrar Tədarük və Təchizat” ASC-yə müraciət etdim. Sağ olsunlar, tezliklə gələrək üzümlərə baxdılar və məhsulu məndən aldılar. Ödəniş isə kart vasitəsilə köçürüldü. Bir müddət sonra əvvəlkindən də çox üzüm yetişmişdi. Yenə də üzümü satmaq üçün ASC-yə üz tutdum. Onu da aldılar. Bir sözlə, zəhmətim hədər getmədi. Bu dəstək biz fermerləri ruhlandırır. Əvvəllər məhsulumuzu satmağa yer tapmazdıq, əlimizdə qalıb xarab olardı. Amma indi belə deyil. Ölkəmizdə aqrar sahədə həyata keçirilən tədbirlər, fermerlərə göstərilən dəstək öz nəticəsini verməkdədir. Mənə kömək göstərdiklərinə görə ASC-yə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, nazirliyin əməkdaşları bundan sonra da kənd zəhmətkeşlərinin yanında olacaqlar”.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC yerli qida istehsalçılarından tədarük etdiyi kənd təsərrüfatı və ərzaq məhsulları hesabına dövlət təşkilatları və özəl müəssisələrin ərzaq təchizatını həyata keçirir. Cəmiyyətin yaradılmasının da əsas məqsədi məhz dövlət vəsait və resurslarından qənaətlə istifadə etməklə ölkədə təhlükəsiz qida zəncirini yaratmaqdır. Əhalinin qida təminatının dolğun şəkildə təşkilinə nail olmaq üçün ATT ölkənin müxtəlif regionlarından olan 200-dən çox fermerlə əməkdaşlıq edib və bu say gündən-günə artmaqdadır.
Yeri gəlmişkən, qeyd edək ki, üzümün yığılması prosesi bir sıra regionlarda davam etməkdədir. Üzümçülüyün əsas təsərrüfat sahələrindən olan Salyanda fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1102,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 932,9 hektarı barverəndir.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, xeyli vaxtdır üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək bağlardan 2159 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 115 ton çoxdur.
Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xalaç kəndi ərazisindədir. Burada şəkərliliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir.
Üzümçü Hüseyn İsmayılov uzun illərdir bu sahə ilə məşğul olur və hər ildə yaxşı mənfəət götürür. “Xeyli vaxtdır yetişdirdiyimiz məhsulun yığımı ilə məşğuluq. Ötən ilə nisbətən bu il bağlarda üzüm boldur. Məhsul çox olduğu üçün qiymət də ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 1.10-1.20 qəpik arasında olub”.
Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm plantasiyalarından 20-25 ton məhsul yığılır. Mütəxəssislərin hesablamalarına görə, mövsümün sonuna kimi bağlardan 4000 tondan çox məhsul yığmaq mümkün olacaq.
Neftçalanın üzüm bağlarında da məhsul yığımı davam edir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il üzüm bağlarından 1900 ton üzüm tədarük edən üzümçülər cari ildə də bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar qısa müddətdə 2991,1 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Hər hektarın məhsuldarlığı 21 sentner olub. Məhsulun üçdəiki hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər qazanıblar. Onlar becərdikləri 90 hektar üzüm bağından indiyədək 140 tondan çox məhsul yığıblar.
İsmayıllıda da üzüm yığımı sürətlə davam edir. Fermerlər məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, üzüm plantasiyalarının sahəsi hazırda 1121,1 hektardır. Bunun 1012,9 hektarı bar verəndir. Bağlarda əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rislinq”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir. Hazırda daha çox üzüm bağları olan Qalınçaq, Kürdmaşı, İvanovka ərazi dairələrində məhsul yığımı sürətlə davam etdirilir. Plantasiyalardan orta hesabla 50 sentnerdən çox üzüm götürülür ki, bu da ötən ildəkindən 9,3 sentner çoxdur. Bir sıra ərazilərdə isə məhsuldarlıq daha yüksəkdir. Belə ki, Qalınçaq kəndində fermer Mir Məskur Seyidov bağlardan 120-130 sentner məhsul götürür. Fermerin 77 hektar üzüm bağı var. Təsərrüfatda 20 nəfər daimi işçi çalışır. Onların orta aylıq əməkhaqqısı 300 manatdır.
Hacıhətəmli kənd ərazi dairəsində 271 hektar üzüm bağı olan “Monolit” fermer təsərrüfatında da yüksək məhsul götürülür. Qeyd edək ki, keçən il İsmayıllıda 4124 ton üzüm istehsal olunmuşdu. Mütəxəssislər cari ildə plantasiyalardan 4500 tondan çox üzüm yığılacağı qənaətindədirlər.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30