Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb

Ölkəmizdə kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb

27.09.2019 [08:32]

Regionlarda əldə olunan göstəricilər bu il pambıq istehsalında yüksək nəticələrə nail olunacağını deməyə əsas verir
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət öz bəhrəsini verməkdədir. Bu istiqamətdə yüksək nəticələrin əldə olunması bunu deməyə əsas verir. Kənd təsərrüfatının şaxələndirilməsi, ixracyönümlü məhsulların yetişdirilməsi istiqamətində atılan addımlar, o cümlədən regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanda kənd təsərrüfatının bir sıra sahələrinin yeni mərhələyə qədəm qoymasına imkan verib. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, aqrar sektorun dinamik və sürətli inkişafını təmin etmək üçün bölgələrdə əsaslı tədbirlər görülür, yeni texnikalar alınır, sahibkarlığın inkişafına stimul verən addımlar atılır. Yeri gəlmişkən, ölkəmizdə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğı bu sahənin də yenidən yüksəlişinə imkan verir. Bu sahə ölkəmizdə həm də sosial rifahın yüksəlişinə təkan verən amillərdən sayılır. Belə ki, pambıqçılığın inkişaf etdirilməsi nəticəsində bölgələrdə yeni iş yerləri açılır. Eyni zamanda, aqrar təsərrüfatlarda işlədilən gübrələrin, yeni texnikaların və onların avadanlıqlarının istehsalını, o cümlədən kimyəvi preparatların hazırlanmasını və emalı sənayesini inkişaf etdirir. Bu gün regionlarda yaradılmış 9 sənaye parkı və məhəlləsi fəaliyyət göstərir. Artıq sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Yeri gəlmişkən, ölkəmizdə kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb. Belə ki, Salyan rayonunun Maraşlı kəndində kütləvi pambıq yığımına start verilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri və pambıqçı fermerlərin iştirak etdiyi tədbirdə 2 kombaynla yığım prosesinə start verilib. Yığımın start verildiyi fermer təsərrüfatının rəhbəri Sürəddin Quliyev bildirib ki, 4 hektar sahədə pambıq əkini ilə bağlı “MKT” MMC ilə müqavilə bağlayıb. O, bu il hər hektardan 50 sentnerdən artıq məhsul proqnozlaşdırdığını deyib.
Daha sonra tədbir iştirakçıları Neftçala rayonunun Xol Qaraqaşlı kəndində fermer Əlibala Səlimova məxsus 30 hektarlıq pambıq sahəsinə baxış keçiriblər. Fermer Əlibala Səlimov bildirib ki, “P-Agro” MMC ilə müqavilə bağlayıb və bu il hər hektardan 60 sentnerdən artıq məhsul olacağı gözlənilir. Sahəyə baxışdan sonra 2 kombaynla yığım prosesinə start verilib. Qeyd edilib ki, hazırda mexanikləşdirilmiş üsulla pambıq yığımına 435 kombayn cəlb olunub, ehtiyatda isə 34 kombayn saxlanılır. Tədbirdə bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyi, gübrə təminatının vaxtında həyata keçirildiyi də vurğulanıb. Qeyd olunub ki, bu amillər məhsuldarlığa müsbət təsir göstərir və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirilib və sınaq əkinləri uğurlu nəticə verib. Həmin sahənin hər hektarından 90 sentnerdən çox məhsul götürüləcəyi proqnozlaşdırılır.
Tədbir iştirakçıları fermer Əlibala Səlimovun sahəsində, ümumiyyətlə, respublikanın pambıq sahələrində bu il gözlənilən yüksək məhsuldarlıqla bağlı fikir mübadiləsi aparıblar.
Sabirabad rayonunda da kütləvi pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 170-180 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günə kimi plantasiyalardan 1349 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun hamısı əl ilə yığılıb. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq.
Qeyd edək ki, ötən il 13 min 55 hektar pambıq sahəsindən 17 min 288 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək fermerlərin bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürür.
Uzun illər pambıq əkini ilə məşğul olan adlı-sanlı pambıqçı, Sosialist Əməyi qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova ötən il 30 hektar sahədə pambıq becərib və hər hektardan 55 sentner məhsul götürməklə 165 ton məhsul istehsal edib. Pambıqçı bu il 24 hektar sahədə pambıq əkib. Bu il də sahəsində məhsul çoxdur. O, yetişdirdiyi məhsulun son qozasına qədər toplanılması üçün bütün qüvvələri səfərbər edib: “Gənclik illərimdən bu sahədə çalışıram. Pambığın əkilib-becərilməsində yaxşı təcrübə qazanmışam. Bunun sayəsində də hər il məhsulum bol olur. Son illər ölkəmizdə pambıqçılığın dirçəldilməsinə göstərilən qayğı məni çox sevindirir. Çünki ömrümün 50-55 ilini bu sahədə işləmişəm. Əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. Yenidən pambıq əkini ilə məşğul olmağım məni sanki gənclik illərinə qaytarıb. İndi daha böyük həvəslə işləyirəm. Dövlətimizin aqrar siyasətinə kiçik də olsa töhfə verdiyim üçün özümü xoşbəxt sayıram”.
İmişli rayonunda da kütləvi pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları az müddətdə sahələrdən 271 tondan çox məhsul toplayıblar. Hər gün sahələrdən 65-70 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Qeyd olunmalıdır ki, bu il imişlili pambıqçılar 7 min 492 hektar sahədə pambıq əkiblər. Ötən il sahələrdən 18 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində sahələrdən yüksək məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib.
Bir neçə gündür ki, rayonda kütləvi pambıq yığımına başlanılıb. Pambıq kollarında qozalar tam açılmadığından hələlik məhsul əl ilə yığılır. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq. Bunun üçün 27 kombayn saz vəziyyətə gətirilərək fermerlərin ixtiyarına verilib.
Muradxanlı kənd sakini, fermer Elbrus Abbasov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 110 hektar pambıq sahəsindən 289 ton məhsul götürüb. Məhsul istehsalçısının sahəsində bu il də pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 57 hektar sahədə məhsul becərmişəm. Bitkiyə aqrotexniki qaydada qulluq etdiyimdən sahəmdə bol məhsul yetişib. Hələlik məhsulu əl ilə yığırıq. Yaxın günlərdə sahəyə pambıqyığan kombaynları çıxaracağam. İndiyədək plantasiyadan 3 tondan çox məhsul toplamışıq. Yığım apardığımız sahənin məhsuldarlığı 37 sentnerdən yuxarı olub. İlk nəticə göstərir ki, bu il məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə fermer bildirib. Qeyd edək ki, bu il imişlili pambıqçılar becərdikləri sahələrdən 20 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.
Ağsu rayonunda isə cari təsərrüfat ilində 1000 hektarda pambıq yetişdirilib və hazırda torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər. Hər gün sahələrdə 250 nəfərədək işçi qüvvəsi çalışır. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, az vaxtda 100 tona yaxın “ağ qızıl” yığılıb. Qeyd edək ki, builki mövsümdə rayonun 13 inzibati ərazi dairəsində pambıq yetişdirilib. Daha çox əkin aparılan Çaparlı, Bozavand, Ərəbmehdibəy və bir sıra digər inzibati ərazi dairələrində tarlalardan yüksək məhsul gözlənilir. Sahələrin 20 faizinin məhsulunun pambıqyığan maşınlarla toplanması nəzərdə tutulub.
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır. Ağcabədi rayonunda bu il 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 5152,25 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro” MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Bir neçə gündür ki, Ağcabədi pambıqçıları məhsul yığımına başlayıblar. Bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 40-dan çox pambıqyığan kombayn, həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub. Sentyabrın 20-nə olan məlumata görə, tarlalardan 803,22 ton məhsul yığılıb. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmağı, 26 min tondan artıq pambıq istehsal edərək, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər.
Qeyd edək ki, ötən il Ağcabədinin “ağ qızıl” ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında qabaqcıl sıralarda olub.

(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30