Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Respublikamızın bölgələrində tikinti-quruculuq işləri uğurla davam edir

Respublikamızın bölgələrində tikinti-quruculuq işləri uğurla davam edir

30.10.2019 [09:31]

Bu sahədə görülən işlər regionların sosial-iqtisadi inkişafına böyük töhfələr verir
Məlum olduğu kimi, son 16 ildə ölkəmiz böyük inkişaf yolu keçib və cari ilin doqquz ayında da müxtəlif sahələrdə uğurlar əldə edilib. Belə ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlətimizin başçısı 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,4 faizi sənaye, 22,1 faizi isə tikinti sahələrinə yönəldilib. 9 ayda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 13,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, hər birində 2 faiz olmaqla informasiya və rabitə, təhsil, hər birində 0,9 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faiz maliyyə və sığorta fəaliyyəti, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.
Onu da qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2 faiz artaraq 580,5 milyon manat təşkil edib. Hesabat dövründə tikinti kərpicinin istehsalı 40,8 faiz, tikinti əhənginin istehsalı 51,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 22,1 faiz artıb. Sementin istehsalı 1,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 57,4 faiz, tikinti gipsinin istehsalı isə 76,8 faiz azalıb.
Hazırda regionlarda tikinti-quruculuq işləri uğurla davam edir. Ordubad şəhərinin mərkəzində yeni yaşayış binası inşa olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən ucaldılan 8 mərtəbəli bina 28 mənzildən ibarət olacaq. Bu ilin yazından tikintisinə başlanılan obyektdə dəmir-beton işləri, fasad divarların hörülməsi və çardağın vurulması başa çatdırılıb. Hazırda binanın daxili divarları və arakəsmələri hörülür. Yaşayış binası istifadəyə verildikdən sonra tikilinin zirzəmisində xidmət sahələri yaradılacaq, bərbərxana, gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərəcək. Obyektin ətrafında isə abadlıq işləri aparılmaqla işıqlandırma və suvarma sistemləri qurulacaq, yaşıllıq salınacaq.
Muxtar respublikanın Şahbuz rayonunun Türkeş kəndində isə hazırda kənd və xidmət mərkəzləri ilə yanaşı, yeni məktəb binası da inşa edilir, kənd yolu əsaslı şəkildə yenidən qurulur. Müasir memarlıq üslubunda inşa olunan ikimərtəbəli yeni məktəb binasının daxilində əsas işlər yekunlaşdırılıb. İkimərtəbəli kənd və birmərtəbəli xidmət mərkəzlərində də işlər başa çatdırılıb. Binaların həyətində abadlıq işləri yekunlaşıb, son tamamlama işləri aparılır.
Kənd yolunda yol yatağı bərkidilib, asfalt örtük verilib. Tikintilərdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqət mərkəzində saxlanılır.
Salyan rayonunun 5040 nəfər əhalinin yaşadığı Qarabağlı kəndində tikilən 100 yerlik ikimərtəbəli uşaq bağçası-körpələr evinin inşası isə tam başa çatıb. Binanın qapı və pəncərələri quraşdırılıb, daxili elektrik, su-kanalizasiya xətləri çəkilib, kafel-metlax və boya işləri görülüb. Həmçinin ərazidə su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb, yaşıllıq salınıb, uşaqların əylənmələri üçün müxtəlif qurğular qoyulub. Məktəbəqədər müəssisə yeni mebel dəstləri ilə təchiz edilib, qrup otaqları uşaqların zövqünə uyğun qurulub. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb.
Lerik rayonunun Cəngəmiran kəndində isə tibb məntəqəsinin yeni binası istifadəyə verilib. Yeni tibb məntəqəsinin inşası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaiti, Azərbaycan hökumətinin dəstəyi, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə yerinə yetirilib. Cəngəmiran kəndi rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. Kənddə 213 ailədə 1617 nəfər yaşayır.
Kənddə tibb məntəqəsi 1980-ci ildə inşa edilib. İki otaqdan ibarət tibb ocağı uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən kəndin sakinləri rayon mərkəzində fəaliyyət göstərən xəstəxanalara müraciət etməli olurdular. Cəngəmiran kənd icmasının üzvləri USAID və Azərbaycan hökuməti tərəfindən dəstəklənən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi ilə birgə yeni tibb məntəqəsinin tikintisində yaxından iştirak ediblər.
İki həkim otağı, bir müayinə və bir gözləmə otağından ibarət yeni tibb məntəqəsi Lerik rayonunun 6 kəndinin 3617 sakininə səhiyyə xidməti göstərəcək. Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ABŞ-ın ölkəmizdəki səfirinin müavini Maykl Dikerson, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, yeni tibb məntəqəsinin tikintisi layihəsinə kənd icması 9924 manat dəyərində əmək və material töhfəsi verib. USAID isə SEDA vasitəsilə bu layihəyə 37 min 164 manat ayırıb. Sonda tədbir iştirakçıları tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.
Şəmkir rayonunun Əliyaqublu kəndində də müasir səviyyədə təmir edilən yeni həkim məntəqəsinin açılışı olub. Açılış mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və kənd sakinləri iştirak ediblər. Alimpaşa Məmmədov çıxış edərək müasir səviyyədə qurulmuş və ilkin səhiyyə xidmətinin göstəriləcəyi həkim məntəqəsinin Prezident İlham Əliyevin Əliyaqublu sakinlərinə hədiyyəsi olduğunu deyib. İcra Hakimiyyətinin başçısı son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, kənd sakinlərini təbrik edib, onlara sağlam həyat arzulayıb.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev, kənd sakinləri bölgələrdə, xüsusən də Şəmkir rayonunda sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırıb, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra qonaqlar yeni həkim məntəqəsində yaradılmış şəraitlə tanış olublar.
Yevlaxda isə əsaslı təmir olunan mədəniyyət ocağı tezliklə istifadəyə veriləcək. Ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına böyük diqqət göstərilir. Paytaxtla yanaşı, bölgələrdə də mədəniyyət ocaqlarının əsaslı təmir olunması, yeni, müasir infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir. Belə müəssisələrdən biri də Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Aran uşaq musiqi məktəbinin binasıdır. Bərdə Regional Mədəniyyət İdarəsindən bildiriblər ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə əsaslı təmir və yenidənqurma işləri aparılan binanın ümumi sahəsi 1300 kvadratmetrdir. 20 otaq və 200 nəfərlik zaldan ibarət olan binada Aran uşaq musiqi məktəbi ilə yanaşı, Aran 2 qəsəbə mədəniyyət evi və kitabxana da fəaliyyət göstərir. Hazırda binada son tamamlanma işləri görülür, həyətdə abadlıq və yaşıllıq işləri aparılır. İnventar və avadanlıqlarla təchiz olunduqdan sonra bina müəllim və şagirdlərin, mədəniyyət işçilərinin istifadəsinə veriləcək.
Qeyd edək ki, 1985-ci ildən fəaliyyət göstərən Aran uşaq musiqi məktəbində 158 şagirdə 48 müəllim tərəfindən fortepiano, tar, qarmon, kamança və xanəndəlik ixtisasları üzrə musiqi təhsili verilir. Məktəbin şagirdlərdən ibarət “Aran” xalq çalğı alətləri ansamblı tez-tez hərbi hissələrdə konsert proqramı ilə çıxış edir, respublika səviyyəli müsabiqələrdə iştirak edərək yüksək nəticələrə imza atır.
Ölkəmizdə atçılığın inkişaf etdirilməsi üçün Ağstafa rayonunda yaradılmış Dilbaz Atçılıq Təsərrüfatında da son tamamlama işləri görülür. Hazırda müəssisədə 137 baş at saxlanılır, o cümlədən 28 madyan, 3 ayğır, qalanı isə müxtəlif yaş qrupundan olanlardır. Dövlət başçısının müvafiq Sərəncamı ilə Dilbaz at cinsinin inkişaf etdirilməsi məqsədilə vəsait ayrılıb ki, bu da müəssisənin gələcək inkişafını şərtləndirib. Atların yemlənməsi üçün təsərrüfat kifayət qədər ehtiyata malikdir. Təsərrüfatın 435 hektar əkin və 927 hektar örüş sahəsi var. Müəssisədə 12 nəfər daimi işlə təmin olunub.
Hazırda müəssisədə sürətli tikinti-quruculuq işləri davam etdirilir. Burada Avropa standartlarına uyğun at tövləsi, stasionar baytarlıq otağı, cıdır meydanı, gəzinti sahəsi, qaçış zolağı, yemlərin saxlanması üçün talvar, anbar, işçilərin normal şəraitdə işləməsi üçün ofis və başqa zəruri binalar inşa edilib. Yaxın vaxtlarda isə təsərrüfatın yeni binası istifadəyə veriləcək.
Lənkəranda isə çoxmənzilli binaların dam örtüyü dəyişdirilir. Bu barədə Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30