/ / Regionlarda heyvandarlığın inkişafı və məhsuldarlığın artırılması üçün davamlı tədbirlər görülür
Regionlarda heyvandarlığın inkişafı və məhsuldarlığın artırılması üçün davamlı tədbirlər görülür
04.02.2020 [09:38]
Həyata keçirilən layihələr nəticəsində bölgələrdə heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır
Məlum olduğu kimi, Azərbaycanda son illərdə dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu siyasətin tərkib hissəsi olaraq ölkə əhalisinin kənd təsərrüfatı məhsulları, o cümlədən ət və süd məhsulları ilə təmin edilməsi, əsas istehlak məhsullarının idxaldan asılılığının aradan qaldırılması üçün mühüm tədbirlər görülür, davamlı və məqsədyönlü addımlar atılır. Bu tədbirlərdən biri də Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.
Müvafiq Dövlət Proqramı əsasında ötən il ölkədə heyvandarlıq sektorunda məhsuldarlığı artırmaq sahəsində xeyli irəliləyiş əldə edilib. Belə ki, 2019-cu ilin statistikasına görə, ölkəmizdə bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları, emal müəssisələri yaradılıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi tədbir həyata keçirilib.
2020-ci ilin ilk aylarında da sözügedən proqramın tətbiqinə uyğun olaraq müvafiq işlər davam etdirlir. Məsələn, İmişli rayonunda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sektorun inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Verilən məlumata əsasən son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Bundan başqa, rayonda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılıb. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır. Rayon statistika idarəsindən bildiriblər ki, hazırda İmişlidə ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarda 95 min 397 baş iribuynuzlu mal-qara və 256 min 234 baş qoyun-keçi saxlanılır. Bu da 2018-ci il ilə müqayisədə ümumilikdə 1590 baş çoxdur. Naxırda ana inək və camışların sayı 40 min 692 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib və məhsul istehsalında artım olub.
Bu məqamda vurğulayaq ki, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzindədir. Ötən il Naxçıvan Muxtar Respublikasında 24 heyvandarlıq təsərrüfatı yaradılıb, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. 19 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2019-cu ildə 9 milyon 982 min 700 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 2 dəfə çoxdur.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzi yaradılıb. Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilib.
2019-cu ildə heyvandarlıq təsərrüfatlarında 11210 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 7530 baş sağlam bala alınıb. Bu il yanvarın 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 115 min 620 baş, qoyun və keçilərin sayı 704 min 57 baş olub ki, bu da bir il öncəki göstəriciləri 1,5 və 1,7 faiz üstələyib.
Yevlax rayonunda isə camışçılıq təsərrüfatları inkişaf etdirilir. Belə təsərrüfatlardan biri rayonun Qoyunbinəsi kəndində fəaliyyət göstərən “Avdılar” fermer təsərrüfatıdır. Təsərrüfatın rəhbəri Qabil Məmmədov KİV-ə açıqlamasında bildirib ki, camışlar yemə az tələbkar, isti iqlim şəraitinə dözümlü, xəstəliklərə qarşı davamlıdır. Yevlax rayonunun iqlim şəraiti camışçılığı inkişaf etdirməyə imkan verir. Təsərrüfatın yaxınlığında su hövzələrinin olması da camışçılıq üçün əlverişli hesab edilir.
“Avdılar” fermer təsərrüfatında hazırda 260 baş camış bəslənilir. Onlardan 150 başa yaxını sağılan camışdır. “İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərdən istifadə etməklə təsərrüfatımızı genişləndirmişik. Hər camışdan orta hesabla 4 litr olmaqla, gündə 500 litr süd sağılaraq emal müəssisələrinə təhvil verilir. Camış südünün tərkibindəki yağ faizi inək südündən 2,5-3 dəfə çox, yəni 8-10 faizdir”, - deyə Qabil Məmmədov bildirib.
Camışçılığın daha geniş yayılmasının vacibliyini vurğulayan fermer deyib: “Aran bölgəsində camışçılığı inkişaf etdirmək üçün əlverişli şərait var. Mən də uzun illər bu sahədə çalışan fermer kimi dövlətimizin sahibkarlara göstərdiyi qayğıdan bəhrələnərək, camışların baş sayını daha da artırmağı, süd emalını həyata keçirməyi planlaşdırıram”.
Bu ilin əvvəlinə Samux rayonundakı heyvandarlıq təsərrüfatlarında 23572 baş iribuynuzlu heyvan, 139946 baş qoyun və keçi qeydə alınıb. Samux Rayon Statistika İdarəsindən bildirilib ki, iribuynuzlu heyvanın 671 başı kənd təsərrüfatı müəssisələrində, 22901 başı isə əhali təsərrüfatlarında, qoyun və keçilərin 16453 başı kənd təsərrüfatı müəssisələrində, 123493 başı isə əhali təsərrüfatlarında qeydə alınıb.
Ötən il Samux rayonunda 5037 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb, heyvanların süni mayalandırılmasından 2245 baş bala alınıb. Ümumiyyətlə, son 6 ildə rayonda süni mayalanmadan 7652 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. 2019-cu ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 2,7 faiz artaraq 5739 ton, süd istehsalı 1,9 faiz artaraq 31358 ton, yumurta istehsalı isə 13,7 faiz artaraq 7435 min ədəd olub.
Rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 89392,5 min manat olub ki, bunun da 45485,8 min manatını və ya 50,9 faizini heyvandarlıq məhsulları təşkil edir.
Nəhayət, əsasən kənd təsərrüfatı rayonu olan Salyanda da heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Bu barədə verilən məlumatda deyilir ki, rayonda sözügedən sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 62 min 735 baş iribuynuzlu mal-qara, 185 min 925 baş qoyun-keçi saxlanılır. Bu da ötən illə müqayisədə 238 baş çoxdur. Naxırda ana inək və camışlarının baş sayı 33 min 324 başa çatıb.
Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 13 min 472,2 ton ət (diri çəkidə), 50 min 29,7 ton süd, 347,6 ton yun istehsal olunub ki, bu da əvvəlki ildə istehsal olunan ətdən 185,8 ton, süddən 72,4 ton, yundan isə 100 kiloqram çoxdur.
Sonda onu da qeyd etmək yerinə düşər ki, 2019-cu ildə ölkədə 573,3 min ton, yaxud əvvəlki ilə nisbətən 3 faiz çox diri çəkidə ət, 2 milyon 129,4 min ton (2,4 faiz çox) süd, 1 milyard 827,1 milyon ədəd (9 faiz çox) yumurta, 16,1 min ton (1,6 faiz çox) yun istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.
Eyni zamanda bu il yanvarın 1-nə ölkə üzrə 8 milyon 296,3 min baş qoyun və keçi, 2 milyon 658,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 281,2 min baş inək və camış mövcud olub.
Beləliklə, istər yuxarıda sadalananlar, istərsə də görülməsi nəzərdə tutulan digər işlər ölkəmizdə heyvandarlığın inkişafı məqsədilə atılan addımların davamlı xarakter daşıdığını sübut edir.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

