Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda əkinçilik işləri aparılması üçün dövlətin hərtərəfli dəstəyi ilə mühüm tədbirlər görülür

Regionlarda əkinçilik işləri aparılması üçün dövlətin hərtərəfli dəstəyi ilə mühüm tədbirlər görülür

05.02.2020 [09:41]

2020-ci ildə aqrar sahədə məhsuldarlığın daha da artırılması üçün bir çox rayonda taxıl, tütün və çiyələk sahələrində əkin və şumlama işləri yerinə yetirilir
Məlum olduğu kimi, son illərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də mühüm islahatlar həyata keçirilir. Bu islahatların nəticəsi olaraq kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən aqrar sahədə məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqində böyük uğurlar əldə edilib.
Təsadüfi deyil ki, fevralın 3-də keçirilən “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans”da iştirak edən Prezident İlham Əliyev yekun nitqində aqrar sahədə fəaliyyət göstərən sahibkarlara subsidiyaların verilməsi, aqrar sığorta mexanizminin tətbiqi və kənd təsərrüfatında qeydə alınan artıma toxunub: “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq.
Kənd təsərrüfatında artımla bağlı bəzi rəqəmləri də səsləndirmək istərdim. Beləliklə, barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır. İxrac da əhəmiyyətli dərəcədə artıb”.
Xatırladaq ki, dövlət başçısının “mütərəqqi sistem” kimi qiymətləndirdiyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı proses sürətlə davam etdirilir. Hazırda fermerlərin sistemə daxil etdiyi torpaq sənədlərinin və payızlıq əkin məlumatlarının yoxlanılması aparılır.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, payızlıq əkinlərlə bağlı subsidiyaların verilməsi yoxlamaların tamamlanması ardıcıllığına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Artıq ilkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı ehtiva edən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilib. Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilib və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılıblar. Elektron bəyannamələr fermer tərəfindən 3 gün ərzində təsdiqlənmədiyi təqdirdə avtomatlaşdırılmış qaydada təsdiqlənəcək və yoxlama mərhələsinə yönləndiriləcək. Bu məlumatlarla razı olmayan fermer elektron kabineti vasitəsilə müraciət edə, yaxud DAİM-lərə (Dövlət Aqrar İnkişaf Mərkəzləri) gəlib təklif və ya şikayətini təqdim edə bilər. Yoxlamalar - sənədlər əsas götürülməklə a) inteqrasiya vasitəsilə digər qurumlardan əldə edilən məlumatlarla uzlaşdırma, b) peyk yoxlaması, c) aidiyyəti orqanlara sorğuların göndərilməsi, d) yerində yoxlamalar vasitəsilə həyata keçiriləcək. Yoxlama nəticəsində yekun subsidiya məbləği dəqiqləşdirilmiş olacaq, fərqliliklər barədə fermerlərə bildirişlər göndəriləcək. Burada əhəmiyyətli olan doğru torpaq sənədinin təqdim edilməsi və həmin torpaq ərazisinə əkilən bitki hektarı və növü barədə doğru informasiyanın sistemə təqdim edilmiş olmasıdır. Kənarlaşmalar barədə qəbul edilən yeni qaydaya uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, çoxillik əkmələrlə bağlı edilən bəyanlara uyğun olaraq hesablamaların, yoxlamaların aparılması və optimal müddətdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanına əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib. Hər bir fermer üçün sənədlərini təqdim etdiyi torpaq sahələrində əkdiyi və bəyan etdiyi bitki növü üzrə baza məbləğinə əmsal tətbiq edilməklə əkin subsidiyası hesablanır.
Nəzərə alınmalıdır ki, pambıq, tütün, fındıq, çəltik, çay bitkilərinin istehsalı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən rayonlar üzrə dəstəklənir. Burada məqsəd qeyd edilən bitkilərin yüksək məhsuldarlıq əldə edilən və ya edilə biləcək rayonlar üzrə istehsalının dəstəklənməsidir.
Əkin subsidiyası üzrə növbəti yenilik damcı suvarma sistemi ilə təmin olunmuş yeni intensiv meyvə bağlarına daha yüksək əmsalla (2-4 arası) dəstəyin müəyyənləşdirilməsi və bu dəstəyin ilk 4-5 il ərzində davam etməsidir. Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Onu da qeyd etmək yerinə düşər ki, payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların yoxlanılması prosesinə artıq başlanıb. EKTİS-də yoxlamalar KTN tərəfindən üç istiqamətdə aparılır: a) Torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin yoxlanılaraq təsdiq edilməsi aidiyyəti qurumların müvafiq elektron sistemləri ilə inteqrasiya, sənədlərin əsli və yaxud aidiyyəti orqana sorğu verilməsi əsasında həyata keçirilir. Torpaq sənədlərinin yoxlanılması EKTİS-də qeydiyyatdan keçmiş bütün fermerləri əhatə edir. b) Peyk şəkilləri, məsafədən zondlama metodları və digər stasionar vasitələrdən istifadə etməklə kameral yoxlamalar aparılır. c) EKTİS-də ilk iki istiqamət üzrə yoxlamaların nəticələri əsas götürülərək sistem üzərindən seçmə şəkildə yerində yoxlamalar aparılır.
EKTİS-də payızlıq əkinlərini bəyan etmiş və torpaq sənədləri ilə bağlı məlumatları sistemə daxil edilmiş fermerlərə sistem üzərindən müvafiq bildiriş göndəriləcək. Beləliklə, elektron ərizələr EKTİS-Subsidiya İnformasiya Sistemində qəbul edilərək yuxarıda qeyd edilən formada monitorinqə yönləndiriləcək. Subsidiya almaq üçün formalaşdırılan elektron bəyannamələrin yekun təsdiqi və fermerə ödəniləcək məbləğ monitorinqlər nəticəsində müəyyən ediləcək. EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır.
Yanvarın 29-dək 312 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. EKTİS payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peykdən çəkilmiş fotoları, məsafədən zondlama metodları və digər stasionar vasitələrlə kameral yoxlamaları davam edir.
Peyk yoxlamalarının əsasını Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları təşkil edir.
Torpaq sahəsi və əkin bəyanları barədə məlumatların “Azərkosmos”dan çəkilmiş ortofotolar əsasında yoxlamaları aparılır. Zərdab, Samux, Ağsu, Siyəzən, Ağcabədi, Balakən, Beyləqan, Göygöl, Oğuz və Sabirabad rayonlarından sonra daha 8 rayonda peyk yoxlamalarına start verilib. Hazırda Cəlilabad, Neftçala, İmişli, Salyan, Şəki, Xızı, Kürdəmir və Şabran rayonlarında peyk yoxlamalarına başlanıb. Həmin rayonlarda subsidiya subyekti olan böyük torpaq sahələrinə malik iri taxılçılıq təsərrüfatları və aqroparkların əkinlərinin yoxlanılması xüsusi qaydada həyata keçirilir. “Azərsky” və “Sentinel-2” peyklərindən çəkilmiş fotolar payız əkinlərinin monitorinqini aparmaq üçün istifadə olunur. Növbəti mərhələdə yoxlama prosesinin aparılmasında müasir vasitələrdən olan dronların imkanlarının sınaqdan keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndərilir və həmin ərazilərdə yerində yoxlamalar aparılır. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək.
Vurğlanmalıdır ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatı ilə yanaşı, həm də heyvandarlığın qüvvəli yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Yuxarıda göstərilən səbəblərdən taxılçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Taxıl istehsalında mövcud problemlər və perspektiv çıxış yolları” mövzusunda keçirilən elmi-praktiki konfransda da ölkədə taxılçılıq sahəsində olan çətinliklərin aradan qaldırılmasında və gələcəkdə işlərin düzgün qurulmasında istiqamətləri barədə söhbət açılıb. KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, institutun direktoru Faiq Xudayev çıxış edərək fermerlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasının, onlara göstərilən məsləhət-informasiya xidmətinin yüksəldilməsinin vacib hədəflərdən olduğunu deyib.
Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov müasir dövrdə alimlərlə fermerlərin birgə fəaliyyət göstərməsinin çox vacib olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, alimlər fermerlərin yanında olmalı, onların problemlərini öyrənməli və elmdə qazanılan nailiyyətləri fermerlərə tövsiyə etməli, fermerlər isə yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu tövsiyələrdən yararlanmalıdırlar.
Şamaxı, Ağsu, Xaçmaz, Qusar, İsmayıllı, Beyləqan rayonlarında fəaliyyət göstərən toxumçular, taxıl və toxum istehsalı ilə məşğul olan şirkət nümayəndələri çıxış edərək birgə əməkdaşlığın qurulması istiqamətində təkliflərini səsləndiriblər.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30