Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında heyvandarlığın inkişafına dair Dövlət Proqramı uğurla icra edilir

Azərbaycanın regionlarında heyvandarlığın inkişafına dair Dövlət Proqramı uğurla icra edilir

20.02.2020 [09:06]

Həyata keçirilən tədbirlərin nəticəsində 2020-ci ilin yanvar ayında heyvandarlıq məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artıb
Azərbaycanda son illərdə dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu siyasətin tərkib hissəsi olaraq ölkə əhalisinin kənd təsərrüfatı məhsulları, o cümlədən ət və süd məhsulları ilə təmin edilməsi, əsas istehlak məhsullarının idxaldan asılılığının aradan qaldırılması üçün mühüm tədbirlər görülür, davamlı və məqsədyönlü addımlar atılır. Bu istiqamətdə atılan addımlardan biri də Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.
Müvafiq Dövlət Proqramı əsasında ötən il ölkədə heyvandarlıq sektorunda məhsuldarlığı artırmaq sahəsində xeyli irəliləyiş əldə edilib. Belə ki, 2019-cu ilin statistikasına görə, ölkəmizdə bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları, emal müəssisələri yaradılıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi tədbir həyata keçirilib. 2020-ci ilin ilk aylarında da sözügedən proqramın tətbiqinə uyğun olaraq müvafiq işlər davam etdirilir.
Yeri gəlmişkən qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay ölkədə 41,9 min ton ət, 154,8 min ton süd, 160,3 milyon ədəd yumurta və 18 min ton tərəvəz istehsal edilib. Keçən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2,9 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 11,2 faiz, tərəvəz istehsalı isə 15,3 faiz artıb. Keçən ilin yanvarı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 12,5 faiz çoxalıb.
Heyvandarlığın inkişafı Naxçıvanda da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi baytarlıq sahəsində dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi, muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və dövlət reyestrinin aparılması, heyvandarlıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə nail olunmasıdır. Bundan başqa, proqramda yoluxucu və parazitar xəstəliklərin baş verməsinin qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsi, məhsuldar heyvan, quş, arı və balıq cinslərinin yetişdirilməsi, onlardan yüksəkkeyfiyyətli məhsul götürülməsi üçün zoobaytar qaydalarına əməl edilməsi nəzərdə tutulub.
Dövlət Proqramının icrası sayəsində aşağıdakı nəticələrin əldə olunması gözlənilir: profilaktik, epizootiya əleyhinə, sanitariya və digər baytarlıq tədbirləri həyata keçirməklə kənd təsərrüfatı heyvanlarının və digər heyvanların xəstəliklərdən qorunması; heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması; yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər; daxili bazarın keyfiyyətli ekoloji-təmiz heyvandarlıq məhsulları ilə təmin olunması; heyvandarlıqda baytarlıq-sanitariya işinin müasir dövrün tələblərinə uyğunlaşdırılması; cins tərkibinin yaxşılaşdırılması hesabına intensiv yolla məhsul istehsalının artırılması; baytarlıq sahəsində mütəxəssislərin hazırlanması.
Qeyd edək ki, ötən müddətdə qəbul olunmuş Dövlət proqramlarının icrası, maliyyə dəstəyinin gücləndirilməsi, süni mayalandırmanın tətbiqi və cins tərkibinin yaxşılaşdırılması, qüvvəli yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması heyvandarlığın inkişafına səbəb olub, bu sahə üzrə fermer və ailə təsərrüfatları yaranıb, məhsul istehsalı artıb. Hazırda muxtar respublikada iribuynuzlu heyvanların sayı 115 min 620 başa, xırdabuynuzlu heyvanların sayı 704 min 57 başa, quşların sayı 1 milyon 307 min başa, arı ailələrinin sayı isə 99 min 798-ə çatdırılıb.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.
Rayon statistika idarəsindən bildiriblər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə rayonda iribuynuzlu mal-qaranın baş sayı 1,6 faiz artaraq 42 min 297 başa, quşlar (bütün növ üzrə) 0,5 faiz artaraq 250 min 590 başa, arı ailələri 1,1 faiz artaraq 6118 arı ailəsinə, atların baş sayı 13,4 faiz artaraq 356 başa çatıb. 2019-cu ildə təsərrüfatlarda 4733,8 ton ət, 37 min 873 ton süd, 15 milyon 19 min ədəd yumurta, 204 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 5,9 faiz, süd istehsalı 5,6 faiz, yumurta istehsalı 13,7 faiz, yun istehsalı 4,9 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ildə 3873 baş inək və düyə süni yolla mayalandırılıb, 2138 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holşteyn-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.
Cəbhə bölgəsində yerləşən digər rayonda - Tərtərdə də kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə rayonda 29 min 667 baş qaramal, 52 min 283 baş qoyun və keçi olub. 2019-cu ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3110,8 ton ət, 22 min 440,9 ton süd, 14 milyon 840 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 0,7 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması 2019-cu ildə də uğurla davam etdirilib. Ötən il 2250 baş inək və düyə süni yolla mayalandırılıb, 1156 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı, əsasən, “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.
2020-ci il yanvar ayının 1-i vəziyyətinə Göygöl rayonunda isə 20289 baş iribuynuzlu mal-qara, o cümlədən 10102 baş ana inək və camış, 139688 baş qoyun və keçi qeydə alınıb. Ana inək və camışların naxırda xüsusi çəkisi 49,8 faiz təşkil edib. Göygöl Rayon Statistika İdarəsindən bildirilib ki, bu il yanvar ayının 1-i vəziyyətinə kənd təsərrüfatı müəssisələri və digər təşkilatlarda 1123 baş iribuynuzlu mal-qara, 491 baş inək və camış, 14814 baş qoyun və keçi mövcud olub. Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatı üzrə 19166 baş iribuynuzlu mal-qara, 9611 baş inək və camış, 124874 baş qoyun və keçi bəslənilib.
Salyanda isə heyvandarlq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara ayırdığı əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən iribuynuzlu ətlik və südlük düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində bu sahəyə marağı daha da artırıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 237 baş inək və düyədən 3 min 386 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 338 min 600 manat subsidiya ödənilib.
Hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da 75 faizi süni mayalanma üsulu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır. Qeyd edək ki, ötən il ölkə üzrə ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz artıb. Qarşıda duran əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslardan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq olunmasıdır.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30